Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev sülh danışıqlarına hazırdır, ancaq qoşunlarını əlavə ərazilərdən geri çəkməyəcək. Bunu Moskva tələb edir.
Oktyabrın 28-də jurnalistlərə danışan Zelenski onu da deyib ki, Rusiyanı və ya onun yaxın müttəfiqi Belarusu çıxmaqla, danışıqların istənilən yerdə keçirilməsinə razıdır.
Bu ay ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə görüşü təxirə salıb. Görüşdən öncə Moskva sülh müqaviləsinin şərti olaraq Ukraynadan əlavə ərazi tələb edib. Tramp isə Ukraynanın mövcud cəbhə xətti üzrə dərhal atəşkəs çağırışını dəstəkləyib.
"Biz diplomatiyaya hazırkı mövqeyimizdən yanaşırıq, bu, tamamilə aydındır. Geriyə bircə addım da atmayacağıq, dövlətimizin hansısa hissəsini verməyəcəyik", – Zelenski deyib.
"Və vacibi budur ki, Amerika tərəfi, nəhayət, bunu açıq siqnal kimi ortaya qoydu: Prezident Tramp belə bir mesaj verdi", – o əlavə edib.
Zelenski Macarıstanda danışıqlarda iştirak etməyə hazır olduğunu da dilə gətirib, baxmayaraq ki, baş naziri Viktor Orban "Ukrayna üçün hər şeyi bloklayır".
Zelenski ABŞ qanunvericilərini Rusiyaya daha sərt məhdudiyyətlər tətbiq etməyə çağırıb.
Tramp administrasiyası artıq Moskvanın iki böyük neft şirkətinə sanksiyalar tətbiq edib.
Zelenski onu da deyib ki, Ukraynaya növbəti iki-üç il üçün Avropa müttəfiqlərindən sabit maliyyə dəstəyi lazımdır.
Rusiya prezidenti Vladimir Putin Moskvada Rusiya Coğrafiya Cəmiyyətinin iclasında iştirakdan sonra media nümayəndələri ilə görüşüb.
23 oktyabr
Putin: 'Trampla görüş ləğv edilməyib, təxirə salınıb'
Rusiya prezidenti Vladimir Putin Budapeştdə ABŞ prezidenti Donald Trampla görüşünün ləğv olunmadığını, çox güman ki, təxirə salındığını bildirib: "Son telefon danışığımızda həm görüşün özünü, həm də onun yerini Amerika tərəfi təklif etmişdi. Mən də razılaşdım, bununla bağlı mülahizələrimi bildirdim və dedim ki, bu cür görüşlərə, əlbəttə, yaxşı hazırlaşmaq lazımdır. Mənim və Amerika prezidentinin bu görüşə yüngül yanaşması, sonra bu görüşdən gözlənilən nəticə olmadan çıxması səhv olardı".
Jurnalistlərlə görüşdə Putin Birləşmiş Ştatların Moskvaya yeni sanksiyalarını da şərh edib. Onları "Rusiyaya qarşı qeyri-dost hərəkət" adlandırıb. "Əlbəttə, ABŞ administrasiyası bu cür hərəkətləri ilə Rusiya-Amerika münasibətlərinə xələl gətirir", - Putin vurğulayıb. Onun sözlərinə görə, dünya bazarında Rusiya neftinin əvəz olunması vaxt və böyük investisiya tələb edir.
Bundan əvvəl ABŞ "Rosneft" və "Lukoil" iri neft şirkətlərini sanksiyalar siyahısına daxil edib. ABŞ maliyyə naziri Skott Bessentin bəyanatında deyilir ki, məhdudiyyətlər "Rusiyanın Ukraynadakı sülh prosesinə ciddi sadiqlik göstərməməsi" səbəbindən tətbiq olunub.
Rusiya prezidenti həmçinin uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbələrə "sarsıdıcı cavab" ilə hədələyib.
"Bu, eskalasiya cəhdidir. Amma Rusiya ərazisi bu cür silahlarla vurularsa, cavab çox ciddi, hətta deyərdim, sarsıdıcı olacaq", - Putin bildirib.
+++
ABŞ prezidenti Donald Tramp Rusiyaya yeni sanksiyalar elan edib və Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılmış görüşü ləğv edib. Ağ evin mətbuat katibi Kerolayn Livittin dediyinə görə, Tramp Putində sülhə doğru yetərincə maraq görmədiyindən belə qərar verib.
O əlavə edib ki, Tramp ilə Putinin görüşü gündəlikdən tamamilə çıxarılmayıb: "Düşünürəm ki, prezident və bütün administrasiya bir gün bunun baş verəcəyinə ümid edir, ancaq bu görüşün real müsbət nəticə verməyini istəyirik".
Ağ evin mətbuat katibi onu da qeyd edib ki, Rusiyaya yeni sanksiyalar paketi Moskvaya ciddi təzyiq göstərəcək: "Sanksiyaların zərər vuracağını gözləyirik".
Donald Tramp
22 oktyabr
Tramp Putinlə 'boşuna görüşmək' istəmir
ABŞ prezidenti Donald Trampın "yaxın gələcəkdə" rusiyalı həmkarı Vladimir Putinlə görüşmək planı yoxdur. Bunu Ağ evin aparıcı rəsmisi oktyabrın 21-də deyib. Bir neçə gün öncə isə Tramp Putinlə daha bir sammitinin planlaşdırıldığını demişdi.
Tramp deyir ki, Putinlə sammit planlarının təxirə salmasına "boşuna görüş" ehtimalı səbəb olub. Amma həm də Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin müharibəni bitirmək istədiyinə inandığını bildirib, diplomatiyanın davam etdiyinə işarə vurub.
"Cəbhədə çox şey baş verir", – Tramp Ağ evdə jurnalistlərə belə deyib, növbəti günlərdə daha çox şeyin bəlli olacağını əlavə edib.
Oktyabrın 20-də ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefonla danışıblar, ancaq onların üzbəüz görüşməyəcəyi açıqlanıb.
Əsas fikir ayrılığı Moskvanın Ukraynada dərhal atəşkəsə etirazı ilə bağlıdır.
Lavrov deyib ki, müharibənin "köklü" səbəblərini məhv edəcək həll yolu tapılmalıdır. Onun sözlərinə görə, Rusiyanın müharibədəki hədəfləri dəyişməyib, "xüsusi hərbi əməliyyat" məqsədlərinə çatacaq.
Tramp isə daha öncə xəbərdarlıq etmişdi ki, Ukraynada müharibəni bitirmək üçün razılaşma əldə olunmasa, nəticələri ciddi olacaq.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.
2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.
Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.