Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərdə miqrantların kuryer kimi işləməsini qadağan edən qərar imzalayıb. Bu barədə onun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "qəbul olunan qərar kölgə məşğulluğu ilə mübarizə, kuryer xidmətlərinin keyfiyyətinin və təhlükəsizliyinin artırılması, həmçinin Rusiya vətəndaşları, ilk növbədə də gənclər və tələbələr üçün yeni iş yerlərinin yaradılmasına yönəlib".
Qubernatorun ofisi deyib ki, xarici kuryerlər ümumi kuryer sayının "cüzi" hissəsini təşkil edir, ona görə də yeni qərar çatdırılma bazarına təsir etməyəcək. Yeni qayda üç ay sonra qüvvəyə minəcək.
Bu il iyulun sonunda məlum olub ki, Sankt-Peterburq qubernatoru miqrantların şəhərdə taksi sürməsini və icarəyə götürülmüş şəxsi avtomobillərlə işləməsini də qadağan edib.
2025-ci ilin əvvəlinə olan məlumata görə, Rusiyanın 47 regionunda miqrantların taksi və ictimai nəqliyyatda, 39 regionunda ticarətdə, 27 regionunda təhsildə, 19 regionunda isə tibb sahəsində işləməsi qadağan edilib. Bəzi ərazilərdə regional hakimiyyət orqanları, əsasən, yardımçı işlərdə çalışanlar və təmizlik işçiləri üçün istisnalar edir.
Son illərdə Rusiya hakimiyyəti miqrantları xırda qayda və hüquq pozuntularına görə "nəzarət olunan şəxslər" reyestrinə salır, miqrantları vətəndaşlıqdan məhrumetmə səbəblərinin siyahısını genişləndirir. Miqrantların uşaqları ümumtəhsil məktəblərində oxuya bilmək üçün rus dili üzrə qəbul imtahanı verməyə məcbur edilir və uşaqların məlumatları, eləcə də imtahan nəticələri DİN-ə ötürülür. Miqrant yataqxanalarında tez-tez polis reydləri keçirilir, bu reydlərdə saxlanılanlar Ukraynada müharibəyə göndərilməyə məcbur edildiklərini bildirir.
Ötən ilin martında "Crocus City" konsert məkanına terror hücumundan sonra Rusiyada əmək miqrantlarına qarşı siyasət kəskin şəkildə sərtləşib. Tacikistan vətəndaşları terror hücumunu törətməkdə ittiham olunub.