Nyu-Yorkda uşaqları zəhərli konfetlə öldürmək istəyən gürcüstanlı özünü təqsirli bilib

Mixeil Çxikvişvilinin Moldovada saxlanılması

Gürcüstan vətəndaşı Mixeil Çxikvişvili Bruklin Federal Məhkəməsində nifrət cinayətlərinə çağırış, bomba və ritsin zəhərinin hazırlanması təlimatlarını yaymaqda özünü təqsirli bilib. O, ağ irqin üstünlüyünü təbliğ edən, zorakı ekstremist "Maniac Murder Cult" (Manyak Qətl Kultu) təşkilatının liderlərindən biridir. Məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.

Məlumata görə, Çxikvişvili "Mişka", "Mixeil", "Qəssab komandir" və "Qəssab" ləqəbləri ilə tanınıb. O, yəhudi icmasına və irqi azlıqlara qarşı partlayışlar, zəhərlənmə hücumlarının təşkili üçün başqalarını cəlb edib. Çxikvişvili Nyu-Yorkda çoxsaylı qurbanlara səbəb olacaq terror aktının planlaşdırılmasında, buna təhrikdə də ittiham olunur.

Çxikvişvili 2024-cü ilin iyulunda Moldovada saxlanılıb, bu ilin mayında ABŞ-a ekstradisiya edilib.

Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Keş Patel deyib ki, o, "yəhudilərə və irqi azlıqlara qarşı dəhşətli qəsd planında iştirakını qəbul edib, hətta bayramlarda uşaqları zəhərli konfetlərlə öldürməyi planlaşdırıb".

ABŞ Ədliyyə Nazirliyi Çxikvişvilinin 2022-ci ilin iyunundan Bruklində yaşadığını bildirir. Onun Nyu-Yorkda kütləvi zorakılığa təhrik etdiyi şəxslərdən biri FTB-nin gizli agenti olub.

İttiham aktına görə, Çxikvişvili 2023-cü ilin noyabrında Yeni il ərəfəsində Nyu-Yorkda kütləvi qırğın törətmək üçün terror aktını planlaşdırmağa başlayıb. Plana əsasən, icraçılardan biri Santa Klausa bənzər geyimdə irqi azlıqlara zəhərli konfetlər paylamalı idi.

Ədliyyə Nazirliyi Çxikvişvilinin dünya üzrə bir neçə hücum və qətlə səbəb olduğunu bildirir. Bu ilin yanvarında Tennessi ştatının Neşvil şəhərində 17 yaşlı məktəbli bir nəfəri öldürüb, birini yaralayıb və sonra intihar edib; hücum onlayn yayımlanıb, cinayətkarın manifestində Çxikvişvili və "Maniac Murder Cult"a istinad olunub. 2024-cü ilin avqustunda isə Türkiyənin Əskişəhir şəhərində bir şəxs məscidin yaxınlığında beş nəfərə bıçaqla xəsarət yetirib; o, nasist simvollu taktiki jilet geyinib, Çxikvişvilinin "Nifrətçinin təlimatı"nı və digər zorakılığı təşviq edən materiallar yayıb.

ABŞ Ədliyyə Nazirliyi Çxikvişvilini maksimum 40 il həbs cəzası gözlədiyini bildirib.