DSX: Ermənistan vətəndaşı saxlanıb

Ermənistan vətəndaşının saxlandığı bildirilir.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Xidmətin açıqlamasına görə, avqustun 1-də onların hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədinin "Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində sərhədi pozmuş" Ermənistan vətəndaşını saxlayıblar.

Həmin şəxsin 1962-ci təvəllüdlü Begleryan Raşid Aramayis olduğu bildirilir.

Hələlik, bu açıqlamaya Ermənistanın rəsmi qurumları və saxlanan şəxsin yaxınlarının münasibəti bəlli deyil.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona ( Laçın daxil) nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma iki tərəf arasında, hələlik, sülh sazişi imzalanmayıb.