Putin PA başçısının müavini Kozakı vəzifədən azad edib

Dmitri Kozak

Rusiya prezidenti Vladimir Putin Prezident Administrasiyası başçısının müavini Dmitri Kozakı vəzifəsindən azad edib. Bununla bağlı fərman hüquqi aktlar portalında dərc olunub.

"İnterfaks" agentliyi mənbələrə istinadla Kozakın gələcək karyerası barədə fərqli yozumları təqdim edib: onun Şimal-Qərb Federal Dairəsində prezidentin nümayəndəsi təyin oluna biləcəyi, yaxud bizneslə məşğul olacağı bildirilir. RBK da ikinci versiya haqda yazıb.

Ukrayna əsilli Kozak 1990-cı illərdən Putinlə işləyib. Son 25 ildə Putinin hakimiyyəti dövründə isə Prezident Administrasiyası və hökumətdə yüksək vəzifələr tutub. O, Minsk razılaşmalarının Ukrayna ilə müzakirəsində Rusiyanın danışıqlar qrupuna rəhbərlik edib.

Versiyalar

2022-ci il fevralın 21-də Kozak Ukrayna ilə danışıqları davam etdirməyi təklif edirdi. O, Ukraynaya qarşı tammiqyaslı müdaxilədən bir gün öncə Təhlükəsizlik Şurasının iclasının açıq hissəsində danışmışdı. Avqustda isə "The New York Times" mənbələrə istinadla yazırdı ki, Kozak müharibədən öncə Putini mümkün nəticələr, Ukrayna ordusu və cəmiyyətinin ciddi müqaviməti ilə bağlı xəbərdar edib. Müharibə başlayandan sonra da onun atəşkəsə nail olmağa çalışdığı, amma təkliflərini Putinin rədd etdiyi bildirilir. "The New York Times" yazır ki, Kozak bu ilin avqustunda sülhlə ilə bağlı daha bir plan təqdim edib.

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu Kozakın istefasıyla bağlı yazır ki, onun Ukraynadakı müharibə ilə bağlı baxışları Putinin ətrafında olanlarla uyğun gəlməyib.

Fərqli versiyalar da var. Kozakın aparatdaxili mübarizədə birinci müavin Sergey Kiriyenkoya uduzduğu deyilir. Daha bir ehtimala görə, Putin ondan mühüm məsələlərin həlli üçün qeyri-rəsmi elçi kimi yararlanmağı planlaşdırır.

Bir müddət öncə "The Insider" araşdırma nəşri D.Kozakın PA-da keçmiş SSRİ ölkələrini kurasiya etdiyini yazmışdı. Putin avqustun sonunda "Prezident Administrasiyasının işini optimallaşdırmaq" məqsədilə xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident idarəsini ləğv edib. Nəşr qeyd edirdi ki, sözügedən idarə 2005-ci ildə, Ukraynada "narıncı inqilab"dan bir il sonra yaradılıb. Amma Kreml keçmiş SSRİ ölkələrində "yumşaq güc"ü irəlilətməyə nail olmayıb, ayrılan pullar mənasız tədbirlərə xərclənib, rəhbərlik isə daim dəyişib.