Atəşkəslə bağlı 26 dekabr açıqlaması

Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 38 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Azərbaycan ordusunun Qazax rayonu ərazisindəki mövqeləri atəşə tutulub.
Nazirliyin bildirməsinə görə, işğal altındakı Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında da Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bundan başqa, Göygöl və Goranboy rayonları ərazisindəki Azərbaycan ordusunun mövqelərinin də vurulduğu açıqlanıb.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.