Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:12

Bu il Həccə 1200-dək zəvvarın gedəcəyi gözlənilir


Bu il Azərbaycandan Həcc ziyarətinə 1200 nəfərə yaxın zəvvarın gedəcəyi gözlənir. Bunu Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.

İdarədən verilən məlumata görə, bu rəqəm də təqribidir:

"Hələ ki, sənəd qəbulu davam edir və iyulun 15-nə kimi vaxt var".

Bu il Həcc ziyarətinə zəvvarlar avqustun 14-i və 16-da təyyarə ilə getməlidirlər. Həcc ziyarətindən dönüş isə sentyabr ayının 1-i və 3-nə nəzərdə tutulur.

Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı QMİ-dir.

Ötən il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib. Ziyarət ancaq təyyarə vasitəsilə gerçəkləşib. İraq və Suriya ərazilərindəki silahlı münaqişələr üzündən Azərbaycandan avtobusla Həccə getmək dayandırılıb. Ziyarət zəvvarlara təqribən 3580 dollara başa gəlib.

Bu il isə, verilən məlumata görə, yalnız bir variantda təşkil olunan ziyarətin adambaşına qiyməti 4150 ABŞ dollarına yüksəlib.

Son illər ölkədə Həcc ziyarətinə gedənlərin sayının azaldığı bildirilirdi. Hətta ötən il Həccə Azərbaycandan əvvəlcə 600 zəvvarın gedəcəyi gözlənilirdi. Sonradan 300 nəfərin artdığı açıqlandı. Halbuki, 2016-cı il kvota 1500 nəfərdən 1040 nəfərə endirilmişdi. 2015-ci ildə isə Azərbaycandan Həccə 2400 zəvvar getmişdi. Əvvəlki illərdə bu rəqəm daha yüksək idi.

Həcc ziyarətinin tərkib hissəsi olan Qurban bayramı bu ilin avqustuna təsadüf edir.

XS
SM
MD
LG