Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:04

'Lotu Quli'nin qohumunun həbsində nazir müavininin adı hallanır


"Lotu Quli" kimi tanınan Nadir Səlifov.
"Lotu Quli" kimi tanınan Nadir Səlifov.

Bakı Ağır Cinayətlər Məhkəməsində on aydır heç bir günahı olmadan həbsdə saxlandığını deyən Vidadi Hüseynovun mühakiməsi başlayıb. O, kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun bacısının həyat yoldaşıdı.

Fevralın 28-də məhkəmə Vidadi Hüseynovun narkotik suçlaması ilə bundan sonra da həbsdə saxlanması, yoxsa azadlığa buraxılması məsələsinə baxıb. Çünki onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bu gün başa çatır.

Buna da bax:​ Həbsxana rəhbərlərinə qarşı cinayət işi açılıb

“POLİSƏ GEDƏN ADAMDA NARKOTİK NƏ GƏZİR?”

Məhkəmədə vəkili Kamandar Nəsibov deyib ki, Vidadi Hüseynov barəsində cinayət işi tamamilə saxtadı. Müdafiəçi deyir ki, V. Hüseynov evindən oğurluqla əlaqədar polis idarəsinə gedib, oradan çıxıb evinə qayıdanda - idarənin 15-20 metrliyində saxlanılıb: "Onun cibinə narkotik atıblar. Deyiblər ki, silah da qoya bilərik. Görünür, yazıqları gəlib, silahı qoymayıblar. Polis idarəsinə gedən adamda narkotik nə gəzir?! Üç dəfə Həcc ziyarətində olan, namaz qılan adamdı, narkotikin ona aidiyyəti yoxdur".

Vidadi Hüseynovun işi əvvəlcə CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik saxlama) maddəsilə Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə prosesinin yekunlaşmasına az qalmış - çıxışlar ərəfəsində prokuror ittihamın ağırlaşdırılması üçün işin geri qaytarılması barədə vəsatət verib. Cinayət işi geri qaytarılıb.

Buna da bax:​ Hakim: 'Gərək adamın bir sifəti olsun...'

"Əslində isə bu, bəraət hökmü çıxarılmalı işdir. Bu iş Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən düzülüb-qoşulub. Bu işdə Vilayət Eyvazovun (Daxili İşlər nazirinin birinci müavini - red.) birbaşa təzyiqi olub. Təzyiqlər o həddə olub ki, hakim işi geri qaytarmaq məcburiyyətində qalıb", – Kamandar Nəsibov belə deyir.

HƏBS MÜDDƏTİ UZADILIB

Sonradan ittihamı CM-nin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsinə tövsif edib, indi də işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriblər. İşə Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Vəkil bildirib ki, əgər məhkəmə Vidadi Hüseynovun həbs müddətini uzatmaq qərarı versə, bu, ona münasibətdə hüquq pozuntularının davamı olacaq.

Buna da bax:​ Keçmiş nazir ifadəsində Eldar Mahmudov barədə nə deyib?

Dövlət ittihamçısı isə həbs müddətinin uzadılmasını təklif edib.

Hakimlər də qısa müşavirədən sonra Vidadi Hüseynovun həbsdə saxlama müddətinin uzadılmasına qərar verib. Onun işi üzrə məhkəmə iclası isə martın 7-nə təyin olunub.

Vidadi Hüseynov 2016-cı il aprelin 30-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində həbs edilib. Onun üzərindən 12,360 qram heroin aşkar edildiyi iddia olunur.

Buna da bax:​ Ə.Abbasov E.Mahmudovun oğlunun dostu ilə müqavilə bağlamaq göstərişi verib

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində əvvəlcə Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyətinə verilmişdi. Amma hazırlıq iclasında prokuror Əfqan Hacıyevin bu işə baxmasına etiraz elədi. Bildirdi ki, Əfqan Hacıyev hakimlikdən əvvəl vəkil olarkən Vidadi Hüseynovun qayınları Nadir və Müşfiq Səlifov qardaşlarının hüquqlarını müdafiə edib.

Prokurorun etirazı qəbul olundu və iş başqa məhkəmə tərkibinə verildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG