Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Soçi şəhərində keçirilən Dünya Gənclər Festivalı əsnasında ona Azərbaycandan gəlmiş nümayəndə heyətinin bağışladığı hədiyyənin sosial media şəbəkələrində tirajlanmasını “təxribat” adlandırıb.
Söhbət Azərbaycanda İkinci Qarabağ müharibəsində qələbəni simvolizə edən “Xarıbülbül” formasında broşdan gedir. Ümumən isə Xarıbülbül çiçəyi Şuşa şəhərinin simvolu hesab olunur.
Diplomat martın 7-də Rusiya XİN-də keçirdiyi brifinqdə bu barədə TASS dövlət xəbər agentliyi müxbirinin sualına cavab verərkən deyib:
"Bu növbəti dəfə sadəcə bir səbəbdən şişirdilmiş əhvalatdır, çünki festivala gəlməyənlər, burda olmayanlar bilmirlər ki, festivalın bütün iştirakçıları özləri ilə müəyyən bir hədiyyə gətiriblər. Odur ki, təxribata uymaq lazım deyil”.
“Siyasiləşdirmək lazım deyil...”
Zaxarova bildirib ki, məsələn, fələstinlilər festivala üstündə “Fələstin” yazılmış hədiyyə gətiriblər, argentinalılar öz rəmzləri olan döş nişanlarını, çinlilər üstündə panda şəkli olan nişanlarını bağışlayıblar:
"Məsələn Yekaterinburqdan mənə üstündə gerb, içində güzgü olan “ürək”, belqorodlular öz regionlarının gerbini bağışlayıblar. Bu, heç də o demək deyildir ki, bütün bunları siyasiləşdirmək lazımdır. Adamlar özləri üçün vacib bildikləri şeylərdən danışırlar. Mən nə iləsə razılaşıram, razılaşmadığım nəyi isə ilk dəfədir ki, eşidirəm. Adamların onlar üçün mühüm olan simvolları bağışlaması tamamilə normal haldır”.
Zaxarova əlavə edib ki, o festivaldan özü ilə nişanların, broşların, açarbəndlərin, maqnitli nişanların bütöv bir kolleksiyasını gətirəcək, daha sonra isə ona bağışlanmış bütün bu əşyaların fotoicmalını hazırlayacaq.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.
Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.
Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.
Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” kimi dəyərləndirib.
Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.
Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.