Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:08

Minlərlə samovara “ikinci ömür ” verən sənətkar...


Azerbaijan-Samovar
Azerbaijan-Samovar

Bərdə şəhərində bir usta var. O, sahiblərinin metal kimi təhvil verdiyi köhnə, sınıq samovarları toplayır, onları bərpa edib satır. İndi nəinki yaşadığı yerdə, hətta ətraf şəhər və rayonlarda da tanınır. Dəbdəbəli iaşə obyekti açan, bağ evi yaradan, yaxud elə bu qədim məişət əşyasına dəyər verənlər soraqlayıb qapısına gəlir. Biz də bu ünvanda olduq...

Əsil adı Zabil olsa da, onu el arasında “Loğman” kimi tanıyırlar. Böyüklərdən eşitdiyinə görə, dünyaya təzəcə gəldiyi vaxt atası İsmayılın Loğman adında yaxın dostu vəfat edib. Buna görə mərhum atası onu belə çağırıb. Sonra bu ad hamının dilinə düşüb.

Zabil usta
Zabil usta

Amma samovar düzəltmək ata-baba sənəti deyil. Əvvəllər özü də başqa işlər görüb. Bununla səkkiz ildir ki, məşğul olduğunu deyir. Zarafatla bunu da əlavə edir ki, barəsində rəvayətlər dolaşan Loğmanın da əlindən dərzilik, dülgərlik, odunçuluq, kilimçilikdən tutmuş ta hər dərdə çarə tapan həkimliyə qədər çox iş gəlib:
“ Samovar sazlamaq da elə insandan unverssallıq tələb edir. Gərək fizikadan,kimyadan bir qədər anlayışın, dəmirçilik və qaynaqçılıq səriştən dəola”

“Armudu ” təkcə stəkan deyilmiş...

Zabil Şahbazovun emalatxanasında formasına, su tutumuna, buraxılış tarixinə görə fərqlənən xeyli samovar var. Onların adları da maraqlıdır. Nikeldən hazırlananlar “Ağ”, qulpları yana əyilənlər “Tulaqulaq”, konusvarilər “Armudu”, kürə formasında olanlar “Qarpız” adlandırılır. Köhnə samovarlar əsasən mis və latundan (mis və sinkin qızıl rəngində xəlitəsi) tökülüb.

Usta bildirir ki, hazırda ələ gələn samovarların əksəriyyəti “Varşava” adlanır. Onlar sosialist Polşasında istehsal edilib. Yeni nəsil samovarlar elektriklə işləyib deyə içərisində odun, köz salınan boru yoxdur. Əsil çayın odda hazırlandığını hesab edən usta, içərisinə boru quraşdırmaqla onları “od samovarı ”na çevirir.

Ən çox- 40 litr su tutumuna malik samovar da var:

“Ondan əsasən toy və yas mərasimlərini yola verməkdə istifadə edilir. Daha kütləvi məclislər üçün onların bir neçəsi gərək olur. İndi belə samovarlar tək-tək yerlərdə qalıb, bir və ya bir neçə günlük icarəyə götürülür.”

“Samovar olmuşam, silənim yoxdur”

Usta deyir ki, samovar ən davamlı məişət əşyalarındandır:

“Bəziləri bir neçə nəsil tərəfindən fasiləsiz olaraq istifadə edilib. Baxımsız olanlar tez sıradan çıxır. Gərək tez-tez suyu daşırmayasan. Soyuyandan sonra içini təmizləyəsən, üstünü siləsən. Qışda qar-yağışın, yayda günün altında saxlamayasan.”

Həyətinin bir küncünü lüləyi qopan, “odluq”u, qapağı, “tac”ı olmayan, “ayağı” sınmış samovarlar tutub. Onların çatışmayan hissələri yeni tapıntılar hesabına ödənilir. Buna görə bəzilərinin “bəxti gec açılır ”...

Samovarın təmir prosesini də müşahidə edirik. Əvvəlcə zindanda döyülüb batıqları düzəldilir, sonra isə ona çatışmayan hissələr qaynaqla birləşdirilir. Tərkibindəki nikel yanmasın deyə usta samovarın üz hissəsinə palçıq sürtür. Hazır hesab edilən somovarlar su ilə doldurulub ən azı bir sutka gözlənilir. Bu, onun suyu saxlamaq qabiliyyətini müəyyən etməkdən ötrü lazımdır. Sonda rəngləmə işi görülür.

“Qızlarınıza samovar alıb cehiz qoşun ”

Zabil Şahbazov deyir ki, son vaxtlar başqa işlə məşğul olmur, elə müştərilərinin gətirdiyi samovarları təmir edir. Metal kimi təhvil verilən yerlərdən yararsız vəziyyətə düşmüş samovarları alıb gətirir, onları bərpa edib satır. Beləcə o, minlərlə samovara “ikinci ömür” yaşadıb.

Əldə etdiyi qazancla ailəsinin gündəlik ehtiyaclarını ödəməklə yanaşı, ev təmir edib, qız köçürüb. Emalatxanasına hər cür dəzgah və alətlər toplayıb. Son illər oğlu Mirəli ona kömək etdiyindən işi bir az yüngülləşib...

Bu evdə yay-qış, səhər-axşam samovar qaynadılır. Zabil Şahbazovdeyir ki, samovar suyun həm daha yaxşı qaynamağına imkan verir, həm də onu saatlarla isti saxlayır. Əsas isə dadı, ləzzətidir. O, valideynlərə belə bir tövsiyə də verir: “Qızlarınıza bütün digər gərəkli əşyalarla yanaşı, samovar da alıb cehiz qoşun. Bu əşyanın məişətimizdən getməyinə imkan verməyin.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG