Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:37

Ötən il 25 ölkədə 200 torpaq hüquqları fəalı öldürülüb


Malayziyada Mah Meri tayfası
Malayziyada Mah Meri tayfası

9 avqust - Beynəlxalq Yerli Əhali günüdür.

Dünyanın 90 ölkəsində 370 milyon nəfər yerli əhali yaşayır. Onlar dünya əhalisinin 5%-dən də azını, ancaq ən yoxsulların 15%-ni təşkil edir.

Bu xalqlar dünyadakı 7 minədək dilin çoxunu bilirlər və 5 min fərqli mədəniyyəti təmsil edirlər.

BMT-nin yaydığı məlumatda deyilir ki, yerli əhali fərqli mədəniyyətlərin varisləri və subyektləridir. Onlar yaşadıqları cəmiyyətlərdən fərqli sosial, mədəni, iqtisadi və siyasi xüsusiyyətləri qoruyub saxlayıblar. Mədəniyyət fərqlərinə baxmayaraq, bütün dünyadakı yerli xalqları birləşdirən bir ümumi problem var – onların fərqli xalqlar kimi hüquqlarının qorunması.

ƏN ZƏİF QRUPLAR

Bu gün yerli əhali dünyanın ən zərərçəkən və zəif qrupları sayılır. Beynəlxalq ictimaiyyət nəhayət anlayır ki, onların hüquqlarını qorumaqdan, fərqli mədəniyyət və həyat tərzlərini qoruyub saxlamaqdan ötrü xüsusi tədbirlər vacibdir.

10 il öncə, 2007-ci il sentyabrın 13-də Baş Assambleya BMT-nin Yerli Xalqların Hüquqları barədə Bəyannaməsini qəbul edib. Bu bəyannamə yerli xalqların hüquqlarının təminatı yönündə ən bitkin beynəlxalq alətdir. Bu sənəd yerli xalqların hüquqları uğrunda qlobal konsensusdur, onların yaşaması, şərəfi və rifahı üçün minimum standartların universal çərçivəsini yaradır. Bəyannamədə yerli xalqların spesifik durumuna aid insan haqları standartları və fundamental hüquqlardan söz açılır.

BMT bildirir ki, deklarasiyanın icrası yönündə ölkələr, regional və beynəlxalq səviyyədə bəzi uğurlara imza atılıb. Ancaq bunlara baxmayaraq, yerli xalqların rəsmən tanınması və yerlərdə siyasətin icrası arasında uçurum qalmaqdadır.

«ONLARLA MƏSLƏHƏTLƏŞSİNLƏR»

BMT-nin Yerli Xalqların Hüquqları üzrə xüsusi məruzəçisi Victoria Tauli-Corpuz «Reuters» agentliyinə müsahibəsində deyib ki, bəyannaməni qəbul edən bəzi ölkələr ondan yayınmaqdan ötrü qüsurlar tapmağa çalışırlar. Onun sözlərinə görə, hökumətlər daha çox yerli əhalinin torpağı üzərində yeni infrastruktur layihələri təsdiqləyərkən onları gözardı edirlər.

2016-cı ildə 50 şirkət üzrə aparılmış araşdırma üzə çıxarıb ki, onların yalnız 10 faizi torpaqla bağlı danışıqları icmalarla aparmağa üstünlük verib.

«Bir çox hallarda yerli xalqların istəyi odur ki, onlarla məsləhətləşsinlər. Onlar çıxarılan qərarlarda iştirak etmək istəyirlər», – məruzəçi söyləyib.

Ötən il 25 ölkədə azı 200 torpaq hüquqları fəalı qətlə yetirilib. Onların, demək olar, 40 faizi yerli xalqları təmsil edib.

XS
SM
MD
LG