Keçid linkləri

2026, 20 Aprel, bazar ertəsi, Bakı vaxtı 17:07

Azərbaycanlı deputatlara görə Yerevanda yolu kəsmək istəyiblər

Azərbaycan deputatları Sultan Məmmədov and Tahir Mirkişili
Azərbaycan deputatları Sultan Məmmədov and Tahir Mirkişili

Avronestin Yerevanda keçirilən sammitində Azərbaycandan olan deputatların iştirak etdiyini bu təşkilatın Parlament Assamblyeasında Ermənistan nümayəndə heyətinin başçısı Mariya Karapetyan da təsdiq edib.

O AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna deyib ki, Azərbaycandan olan iki millət vəkili və onları müşayiət edən bir nəfər hazırda Yerevandadır.

Xanım Karapetyan əlavə olaraq bildirib ki, bu tədbir telekanallarla canlı yayınlanmayacaq:

“Bugün burada Avronestin Parlament Assambleyası bürosunun iclası keçirilir və bu iclaslar keçiriləndə heç bir ölkədə, heç bir şəhərdə yayınlanmır. Bizim Milli Məclisin də iclasları canlı yayınlanmır. Bunun ətrafında gərginlik yaratmaq lazım deyil. Sabah tam iş günüdür. Saat 9-dan təxminən axşam 6-dək komitələrin – siyasi, enerji, iqtisadi və sosial komitələrin iclasları olacaq”.

Təhlükəsizlik qarantiyası

Azatuyun yazır ki, Ermənistan tərəfi Azərbaycan deputatları Tahir Mirkişiliyə və Soltan Məmmədova təhlükəsizlik qarantiyası verib.

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Mariya Karapetyan deyib ki, bu, normal prosedurdur və 2017-ci ildə Avronestin tədbiri Bakıda keçiriləndə, Azərbaycan da erməni nümayəndələrə təhlükəsizlik qarantiyası vermişdi.

2017-ci ildə Bakıda deputatlar Mane TandilyanArmen Aşotyan olmuşdular.

Lakin azərbaycanlı qonaqların gəlməsi həyəcansız ötüşməyib.

Azatutyun xəbər verir ki, bir qrup vətəndaş hava limanının yolunu kəsərək Azərbaycan deputatlarının Yerevana girişinə mane olmağa çalışıb.

Polisin müdaxiləsindən sonra yolun açıldığı xəbər verilir.

“Münaqişə tərkibli” məsələlər müzakirə olunmayacaq

Avronest Avropa İttifaqı Şərq Tərəfdaşlığına daxil ölkələrin – Moldova, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan və Gürcüstanın əməkdaşlıq platformasıdır.

İclaslar bu altı ölkənin ərazisində rotasiya qaydası ilə növbəli keçirilir.

Azərbaycan Avronestin 2015-ci ildə Yerevanda keçirilən iclasına nümayəndə göndərməkdən imtina etmişdi.

Azərbaycan nümayəndələri Avronestin xətti ilə Yerevanda keçirilən tədbirə son dəfə 2012-ci ildə gəlmişdilər.

Budəfəki iclas Karen Demirçyan adına idman-konsert kompleksində keçirilir.

Gündəlikdə insan haqları, demokratiya, iqtisadiyyat və enerji təhlükəsizliyi ilə bağlı məsələlər var.

Xanım Karapetyan bildirib ki, “münaqişə tərkibli” məsələlər gündəliyə salınmayıb.

Şuşadan Yerevana aparılan xalçalar. Sahibi 1 milyon istəyir
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

XİN-də görüş

Fevralın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avronest Parlament Assambleyasının həmsədrlərini qəbul edib.

Ermənistan XİN bildirib ki, görüşdə regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə edilib.

Mirzoyan habelə Azərbaycanda saxlanmaqda olan əsirlərin qaytarılmasının zəruriliyini vurğulayıb.

O Azərbaycanın “beynəlxalq hüququn normalarını pozmasını, BMT Məhkəməsinin təcili tədbirlərini həyata keçirməməsini” qeyd edib.

***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, fevralın 22-də Ermənistanın paytaxtı Yerevanda AVRONEST Parlament Assambleyasının (PA) komitə iclasları keçiriləcək.

Tədbirlərdə Azərbaycan Milli Məclisinin deputatları, AVRONEST PA-da bu ölkənin nümayəndə heyətinin üzvləri Tahir MirkişiliSoltan Məmmədov də iştirak edəcəklər.

Bu barədə Azərbaycan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.

"Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər", - məlumatda yazılıb.

İclasda iqtisadi, sosial və başqa mövzularda müzakirələr keçirilməlidir.

Avronest Parlament Assambleyası Avropa Birliyinin (AB) "Şərq Tərəfdaşlığı" proqramının parlament formatıdır. O, 2011-ci təsis olunub.

"Şərq Tərəfdaşlığı" proqramı 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı dəqiq bilinmir.

Belarusla isə əməkdaşlıq dayanıb.

XS
SM
MD
LG