Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 00:23

Hər gün 3 mindən çox yeniyetmə dünyasını dəyişir və bu ildə 1.2 milyon nəfərin ölümü deməkdir. Məsələ ondadır ki, bu ölümlərin qarşısını almaq mümkündür.

DAHA YAXŞI SƏHİYYƏ XİDMƏTİ OLARSA...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni açıqladığı hesabatda bildirir ki, 2015-ci ildə bu ölüm hallarının 2/3-si Afrika və Cənub-Şərqi Asiyanın yoxsul və ortagəlirli ölkələrində baş verib. Yeniyetmələrin ölüm səbəbləri içində yol qəzaları, nəfəs infeksiyaları və intiharlar üstünlük təşkil edir.

Hesabata görə, bu ölümlərin çoxunu yaxşı səhiyyə xidməti, təhsil və sosial dəstəklə əngəlləmək mümkündür. Amma bir çox hallarda zehni pozğunluqdan əziyyət çəkən, narkotik qəbul edən, yaxud pis qidalanan yeniyetmələr profilaktik tədbir və ya müalicə ala bilmirlər. Ya belə bir xidmət yerli-dibli olmur, ya da bu haqda bilgiləri çatışmır.

ÜST yol qəzalarının 10-19 yaşlı oğlanlar arasında ölüm hallarının əsas səbəbi olduğunu bildirir. 115 min nəfər məhz yol qəzalarında dünyasını dəyişib.

YOL QƏZALARI, QIZLARIN ÖLÜMÜ

Yol qəzalarında ölən gənclərin çoxu piyadalar, velosiped və motosiklet sürənlərdir. Amma regionlar arasında fərqlər var. Məsələn, Afrikanın yoxsul və ortagəlirli ölkələrində HIV/AIDS, nəfəs yolu infeksiyaları, meningit, diarreya kimi yoluxucu xəstəliklər gənclərin ölüm səbəbləri içində yol qəzalarından önə keçir.

Yeniyetmə qızların ölüm səbəbləri oğlanlardan fərqlidir. 10-14 yaşlı qızlar daha çox pnevmoniya kimi nəfəs yolu xəstəliklərindən ölürlər. Əsas səbəb də qapalı məkanda çirkli yanacaq üzərində yemək bişirməkdir.

15-19 yaşlı qızlar isə hamiləlik zamanı ortaya çıxan ağırlaşmalardan daha çox ölürlər.

2015-ci ildə yeniyetmələr arasında intihar və təsadüfən özünə xəsarət yetirmə halları üçüncü yerdə gəlir. Bunlardan 67 min nəfər dünyasını dəyişib. Özünə xəsarət yetirmə daha böyük yeniyetmə qızların ölüm səbəbləri içində ikinci yerdədir. Avropa və Cənub-Şərqi Asiyada yeniyetmə ölümlərinə gətirən əsas, yaxud ikinci səbəbdir.

YENİYETMƏLƏRİ MÖHKƏMLƏDİN

Və nəhayət, yeniyetmələrin kövrək orqanizmi möhkəmlənməlidir. Gənclər bəzən böyüklərin məsuliyyətini boyunlarına götürür, kiçik bacı-qardaşlarına baxmalı olur, işləyir, məktəbə getmirlər. Bəzən də tez ərə verilir, yaxud əsas ehtiyaclarını ödəməkdən ötrü cinsi əlaqəyə razılaşırlar. Sonucda onlar pis qidalanır, xəsarətlər alır, hamilə qalır, cinsi yolla keçən xəstəliklərə yoluxur, ya da zehni xəstəliyə tutulurlar.

«Yeniyetmələrin sağlamlığına yatırım etməklə üçqat fayda əldə edirsiniz. Çünki yeniyetmələr daha sağlam olur, daha sağlam yeniyetmə gələcəkdə daha sağlam və məhsuldar yetkin şəxsə çevrilir və ondan sonra da daha sağlam valideyn olurlar. Sağlam valideyn də sağlam övlad deməkdir», – tədqiqatın aparıcı müəllifi David Ross «The Guardian» qəzetinə belə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG