Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 07:20

Yeni il hədiyyələrində 'acı' şirniyyat varmış?


Bakıda yeni il hədiyyələri, 5 yanvar 2017

“Mənim nəvəm o qutudan çıxan vaflini yeyəndən sonra qarınağrısına düşüb”

"Üstünə, guya Rusiya istehsalıdır deyə, adamları aldadan kağızlar yapışdırırlar, ancaq hardasa buralarda qablaşdırırlar. Çox keyfiyyətsiz şirniyyatdır. Mənim nəvəm o qutudan çıxan vaflini yeyəndən sonra qarınağrısına düşüb. Uşaq üç gündür iynə-dərman qəbul edir. Uşaq sevinə-sevinə, guya Şaxta Babadan hədiyyə almışdı. Bu da uşaqlara verilən hədiyyə…".

Bakı sakini Tünzalə Babayeva uşaqlar üçün keçirilən Yeni il tədbirlərindən sonra balacalara verilən hədiyyə qutusundan şikayətçidir. Deyir ki, qutunun içindəki şirniyyatı yeyəndən sonra nəvəsinin mədə-bağırsaq sistemi pozulub. Nənə deyir, belə hallara 5-10 il əvvəl daha çox rast gəlinirdi: "Elə bilirdim, daha olmaz. Ancaq görünür, yenə bu cür işlərlə məşğuldurlar". Nənə belə deyir və hədiyyə qutusunu aldığına görə özünü günahkar bilir.

“Nə qədər ki qida təhlükəsizliyi qanunu yoxdur...”

Eyyub Hüseynov, 29 iyul 2009
Eyyub Hüseynov, 29 iyul 2009

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov da Yeni ildə keyfiyyətsiz hədiyyə qutularından şikayətlər gəldiyini bildirir. O deyir ki, bu baxımdan əvvəllər durum daha gərgin olsa da, işlər hələ tam qaydasına düşməyib:

"Vaxtı keçmiş məhsulları ekzotik qablara doldurub azyaşlılara verirlər. Çox təəssüf ki, uşaqlarını Yeni il şənliklərinə aparan valideynlərin özləri daha çox aludə olub, balacalara bu qutuları alıb verirlər. Bu problem hələ də var. Ölkədə qida təhlükəsizliyi haqqında qanun olmadığı bir şəraitdə insanlar aldadılır. Azad bazar iqtisadiyyatı adı altında biznes qurumlarına toxunulmazlıq mühiti yaradılıb. Onlar da bundan yararlanaraq, istehlakçı hüquqlarını pozurlar. 800-dək mal və xidmət heç bir serfikatlaşmasız əhaliyə satılır. Buna Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, satış şəbəkələrinə də İqtisadiyyat Nazirliyi yanındaAntiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi DövlətXidməti nəzarət etməlidir. Ancaq hər iki dövlət qurumu nümayəndələrinin işi sıfıra bərabərdir".

Yoxlamalar dayandırılması məhsulları keyfiyyətsizləşdirib?

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı AzadlıqRadiosuna artıq bir ildən çoxdur ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıldığını deyir və bu səbəbdən indiki durum haqqında hər hansı bilgi verə bilməyəcəklərini vurğulayır:

Fazil Talıblı
Fazil Talıblı

"Qanunun məqsədi sahibkara dəstək verməkdir. Çox təəssüf ki, bəzi sahibkarlar bu qanundan sui-istifadə etməyə başladılar. Bizə də belə siqnallar daxil olur. Bu yoxlamaların dayandırılması keyfiyyətisiz məhsulların artmasına gətirib çıxarmamalıdır. Yeni il qutuları ilə bağlı bu il komitənin çağrı mərkəzinə müraciət daxil olmayıb. Bir neçə il qabaq belə hallar olurdu. Bu gün biz bu məhsulların keyfiyyətli, yaxud keyfiyyətiz olması sualına cavab verə bilmirik. Çünki qanun yoxlamaların dayandırılmasını tələb edir".

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də yeni il hədiyyələri ilə bağlı hər hansı müraciıt daxil olmayıb. İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AzadlıqRadiosuna belə deyir:

"Həm bayramöncəsi, həm də bayram müddətində istehlak bazarına nəzarət olunub. Keyfiyyət göstəricilərinə əməl olunmama hallarına rastlanmayıb. Məhsullar keyfiyyətsiz olsaydı, istehlakçılar bununla qarşılaşar və lazımı orqanlara, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Antinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edərdilər".

Keyfiyyətsiz yeni il qutusundan şikayətlənən Tünzalə Babayeva nəvəsinin zəhərlənməsinə səbəb olan istehsalçını məhkəməyə vermək istədiyini, ancaq bu fikrindən daşındığını söyləyir:

"Bilirəm ki, arada vaxtım gedəcək. Axırda da özümü günahkar çıxarmasalar, yaxşıdır".

XS
SM
MD
LG