Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:07

Öz qəhrəmanlarının ölümünə yas tutan yazıçılar…


Britaniya yazıçısı Conan Doyle-un qəhrəmanı Sherlock Holmes daha heç vaxt ölməyəcək
Britaniya yazıçısı Conan Doyle-un qəhrəmanı Sherlock Holmes daha heç vaxt ölməyəcək

Yazıçı J.K. Rowling özünün ecazkar Harry Potter sehrbazlıq epopeyasını artıq 10 il bundan əvvəl başa vurub, lakin indi, qəhrəmanlarından birinin 19 il əvvəl baş vermiş ölümü üçün üzrxahlığını bildirib.

Bəli, professor Snape-in Harry-nin qolları üstündə ölümündən az qala 20 il keçir və kitabdakı Hoqvorts döyüşündən sonra (professor məhz bu döyüşdə öldürülmüşdü) çıxan 6 kitab boyunca sehrbazlar professorun şər qüvvə olub-olmadığı barədə mübahisə etmişdilər.

Sonunda bəlli olmuşdu ki, Snape şər qüvvə yox, Harry və dostlarını ölümdən qurtaran xeyir qüvvə olub. Harry öz kiçik oğluna məhz minnətdarlıq olaraq doktorun adını qoyub.

İndi isə yazıçı qərara gəlib ki, Snape-in ölümünə görə oxuculardan üzr istəsin. Yazıçı bunu Tvitter vasitəsilə edib.

Maraqlıdır ki, oxucuların bu üzrxahlığa reaksiyası birmənalı olmayıb. Sanki real həyatda olmuş bir insan kimi bir çox oxucular professorun yaxşı adam olduğunu qəbul etmirlər.

Qəhrəmanlarının ölümünə görə təkcə yazıçılar yox, bəzən rejissorlar və prodüserlər də üzrxahlıq edirlər.

Bu yaxınlarda məşhur Amerika teleserialı “100”-ün (The 100) baş prodüseri Jason Rothenberg əsas obrazlardan biri olan lezbian Lexa-nın müəmmalı ölümü səhnəsinə tamaşaçılardan gələn reaksiyalara cavab verməli olub.

Rothenberg özünəməxsus şəkildə üzrxahlıq edib. “Bilirəm ki, Lexa-nın ölümü belə olmamalıydı, amma mən real dünya haqqında serial çəkirəm. Real dünyada çox ağrılı hadisələr olur” – yazıb prodüser.

Buna baxmayaraq çoxsaylı tamaşaçı və tənqidçilər Lexa-nın seksual azklıqdan olduğuna görə belə qərəzlə öldürülüdyünü tənqid edirdilər.

Sherlock Holmes və doktor Watson
Sherlock Holmes və doktor Watson

Amma ədəbiyyatda elə hadisələr də olub ki...Daha doğrusu qəhrəmanlar real həyata o qədər sirayət edib ki, yazıçının öz nəzarətindən də çıxıb.

Söhbət məşhur Britaniya detektiv yazıçısı Arthur Ignatius Conan Doyle və onun qəhrəmanı Sherlock Holmes-dan gedir. Necə demək olar ki, Holmes real həyatda olmayıb. Olmayıbsa, onun niyə Londonun mötəbər məhəllələrindən birində - Baker Street-də öz ev-muzeyi var. Yazıçının yox ha!...Qəhrəmanın!

Rəvayətə görə Doyle bir ara Holmes-dan o qədər cana yığılıbmış ki, nəyahət onu öldürmək qərarına gəlib.

Beləcə əfsanəvi detektiv 1893-cü ildə Reyxenbax şəlaləsinə ezam olunub və orada antipodu professor Moriarty ilə əlbəyaxa qarşıdurmada hər ikisi uçuruma düşüblər. Əslində Doyle onu bilə-bilə gedər-gəlməzə göndərmişdi.

Bu, yazıçının niyyətinə görə əfsanəvi qəhrəmanın ölüm səhnəsi olmalıydı...amma çox sayda oxucu buna yol verə bilməzdi.

2015-ci ildə Sherlock Holmes-un ad gününü Riqada belə qeyd ediblər
2015-ci ildə Sherlock Holmes-un ad gününü Riqada belə qeyd ediblər

Doyle artıq minlərlə oxucularını qəhrəmanının real həyatda olduğuna o qədər inandırmışdı ki, onlar 221B Baker Street ünvanını məktub bombardmanına tuturdular.

Təzyiq Doyle kimi məşhuir yazıçı üçün də çəkiləcək deyildi və o nəhayət “zəhmətkeşlərin arzusu” ilə 1902-ci ildə “Baskervillərin iti” hekayəsi ilə Holmes-u o dünyadan “qaytarır”.

Amma axı, qəhramanın bu qədər vaxtda harda veyilləndiyi barədə də camaata söz deyilməliydi.

Bunun muştuluğunu Doyle Baskervillərdən əvvəl yazdığı “Boş Evin Macəraları” əsərində vermişdi.

İzah etmişdi ki, guya Holmes bütün olmadığı müddət ərzində Tibetin xəlvəti guşələrindən birində sakit həyat sürüb, sonra isə Avropada gizli kimyəvi təcrübələr aparmaqla məşğul olub. Qərəz, ölməyib...

Yazıçı və qəhrəman münasibətləri Azərbaycan ədəbiyyatı tarixi üçün də yad bir fenomen deyil.

Səməd Vurğun və Mikayıl Müşfiq
Səməd Vurğun və Mikayıl Müşfiq

Mayıl İsmayılov “Mingəçevir işıqları” qəzetinin internet saytında dərc olunmuş “Səməd Vurğun: həyat, şəxsiyyət və şeiriyyət dünyası...” məqaləsində yazır:

“Komsomol” poeması romantik poeziyanın ən kamil nümunələrindən hesab olunur. Əsərdəki Cəlal, Humay surətlərini şair böyük məhəbbətlə yaratmışdır. “Komsomol” poemasındakı “dünya” rədifli parça şairin yaradıcılığında bədii ricətin, fəlsəfi ümumiləşdirmənin ən gözəl nümunələrindəndir. Humay öləndən sonra şair bu ölümə biganə qala bilmir, ölümü, ümumən həyat və xilqət haqqındakı düşüncələri ilə əlaqələndirərək bədii, fəlsəfi ümumiləşdirmələrə keçir. Bu parça bugünkü poeziyamızda həyat, xilqət və dünya haqqında yazılmış ən gözəl fəlsəfi şeirlərdən biridir:

Əzəldən belədir çünki kainat.
Cahan daimidir, ömür amanat.
Əldən - ələ keçir vəfasız həyat,
Biz gəldi – gedərik, sən yaşa dünya!”

Yeri gəmişkən, poemanın motivləri əsasında çəkilmiş “7 oğul istərəm…” filmində də bu şeirin səsləndiyi kadrlar ən dramatik səhnə kimi yadda qalır.

Əlibala Hacızadə
Əlibala Hacızadə

Qəhrəmanın ölümünə belə münasibəti Əlibala Hacızadənin “İtkin Gəlin” romanında da görürük. Əsərin qəhrəmanı Elməddinin ölümündən sonra romanda belə bir şeir parçası da var. Bu şeir o qədər təsirlidir ki, ona artıq mahnı da bəstələnib:

Ölüm bu dünyanın o üzündədi,
Bu üzü dünyanın güldü, çiçəkdi.
Ölməzlik məhəbbət zirvəsindədi,
Məhəbbət əbədi ömür deməkdi.

Sızlama ürəyim, sən dözümlü ol,
Bu dünya həm acı, həm də şirindi.
Bir gözlə sən ağla, bir gözünlə gül,
Dünya əzabına dözənlərindi.

Hicranın yolları bitməz, tükənməz,
Vüsal yollarına qar ələnibdir.
Ömrünü eşqinə qurban deyən kəs,
Xəyanət əliylə güllələnibdir.

Yeri gəlmişkən, rəhmətlik Əlibala Hacızadə ilə ölümündən az əvvəl 3 saatlıq müsahibə almışdım. Bu müsahibədə yazıçının toxunmadığı mövzu, demək olar qalmamışdı. “İtkin gəlin” romanı ilə bağlı bir az kədərli, bir az məzəli bir əhvalat danışmışdı. Deyirdi:

“Deməli, oturmuşdum mətbəxdə, romanın özümdən həftələrlə uzaqlaşdırmağa çalışdığım hissəsini yazmalıydım. Deməli, təsəvvür elə ki, tamamilə bu səhnənin dramatizminin içindəyəm. Real dünyanı unutmuşam. Uzaqlarda, Elməddinin yanındayam. İndicə, ən ağır cinayətlərdən biri baş verəcək. Qəhrəmanımı öldürəcəklər…və mən ona heç cür kömək edə bilməyəcəyəm. Elə bu dəm yoldaşımın səsi məni işıq sürətilə kainatın o biri ucundan çəkib beşinci mərtəbədəki mənzilimizin mətbəxinə qaytarır:

-Ay Əlibala, nolar, düş aşağıdan bir az kartof-soğan al da…

Heç nə demədim. Hələ bir az sevindim də…Bir az da yaşa Elməddin! Mən getdim kartof almağa.”

Zülfüqar Rüfətoğlu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG