Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:00

Amerikada hər şagird hər 45 gündə 900 səhifə kitab oxumalıdır


Selcan Əhmədli
Selcan Əhmədli

-

ABŞ-da orta məktəbdə ədəbiyyat dərsini necə keçirlər? Şimali Dakota ştatında yerləşən bir dövlət məktəbində təhsil alan azərbaycanlı qız Selcan Əhmədli ilə bu mövzuda OxuZalında söhbət etdik. O, orta məktəbdə 7-ci sinifdə oxuyur, riyaziyyatdan isə 10-cu sinfə (high school) gedir.

- Selcan, məktəbinizin, müəllimlərin ən yaxşı cəhətləri, xoşuna gələn cəhətləri nələrdir?

- Müəllimlərim öyrətməyə çox həvəslidirlər.

- Ədəbiyyat fənnini həftədə neçə dəfə keçirsiz? Ədəbiyyat dərsi dərsliklər, müəllimin öz proqramı, ya yoxsa kitab siyahıları əsasında olur?

- Biz həftədə 5 dəfə ədəbiyyat dərsi keçirik. Dərslərimiz müəllimin proqramına əsaslanır. Tipik ədəbiyyat dərsi belə olur ki, biz ilk 5 dəqiqədə hazırlıq edirik, sonra bəzi günlərdə 20 dəiqiqə oxuyuruq, sonra da müəllim ədəbi anlayışları izah edir.

- Məsələn, yada salmağa çalışsaq, bu il hansı yazıçılardan, hansı əsərlərdən, hansı mövzulardan danışıb sizə ədəbiyyat müəllimi?

Kitabın üzü
Kitabın üzü

- Ədəbiyyat dərsində biz hansısa spesifik yazıçıları keçmirik. Hər şagird rübdə 2 dəfə kitab raportu etməlidir. Bu raportda oxuduğun kitab haqda danışırsan.

Mən çox təəccüblənmişdim ki, mənim bir kitab raportumdan sonra şagirdlərin çoxu John Steinbeck’in "İnci" ("The Pearl”) romanını oxumaq istəmişdilər.

Dərsdə keçdiyimiz son movzular memuar sualları (memuarlar hansı suallar və movzular ətrafında olsa yaxşı olar) və haikulardır (hokku)...

- Haiku keçirsiniz? Hərənizə bir haiku yazmaq da tapşırdı? Bu nə maraqlı söhbətdir! Müəllimin danışdıqlarından, uşaqların poeziyaya marağından... nə demək istəyirsənsə, danış bizə, çox-çox maraqlıdır.

- İlk dəfə haikunu öyrənəndə mən düşündüm ki, bu şeirin nə gözəl və unikal görünüşü var. Mən haiku oxumağı çox sevirəm, amma yazmağı da sevirəm. Yazdığım haikulardan ən xoşuma gələni budur:

I see a white puff

I see a stem below it

waiting for winter

Ən çox sevdiyim haiku isə Natsume Sōseki’nin bu haikusudur:

Over the wintry
forest, winds howl in rage
with no leaves to blow

- Səncə, ədəbiyyat insana nə üçün lazımdır? Ədəbiyyat, Art kimi dərslərə qeyri-ciddi, ikinci dərəcəli fənlər kimi baxılması, "əsas texniki fənlərdir" fikri müşahidə eləmisən orada?

- Ədəbiyyat bizə ona görə lazımdır ki, o bizi başqa bir dünyaya götürür. Gələcəkdə biz o dünyada olarıqsa necə reaksiya verməyi biləcəyik. Bizim orta məktəbdə (6-8-ci siniflər) iki proqram var. Biri AVID adlanır, o birisi isə STEM. Ədəbiyyat və sənətlə daha çox maraqlanırsansa AVIDə gedirsən, riyaziyyat və təbiət elmləri ilə çox maraqlanırsansa STEMə. Mən indi STEMdəyəm, amma gələn ildən AVIDə getmək istəyirəm, çünki riyaziyyatdan kifayət qədər güclüyəm.

- Sənin bir kitab siyahını oxudum. O siyahıdakı kitabları oxumağa səni evdən həvəsləndiriblər, ya məktəbdən, ya hər ikisindən?

Harper Lee və məşhur kitabının üzü
Harper Lee və məşhur kitabının üzü

- Məktəbimizdə bizdən oxumağı tələb edirlər. Hər şagird hər 45 gündə 900 səhifə oxumalıdır.

Əvvəllər mən çoxlu asan ədəbiyyat oxuyurdum. 5-ci sinifdə mən müəllimədən xahiş elədim ki, daha çətin ədəbiyyat oxuyum. Müəlliməm də razılaşdı və dedi ki, onda bir səhifəni iki sayacaq. Məni kitab oxumağa həm müəllimlər, həm də valideynlərim həvəsləndirir. Mən də atamı bir kitabı oxumağa həvəsləndirmişəm. “Adamaldadan quşu öldürmək” (“To kill a mockingbird”) adlı romandır. Bu kitab ABŞ-da çox məşhurdur, demək olar ki, hamı oxuyub.

- Məktəbdə özünü bir başqa milliyyətdən olan şagird kimi necə hiss edirsən, adətən hamının eyni mədəniyyətdən, bir nəfərin başqa mədəniyyətdən olduğu mühitlərdə "representative foreigner" (bütün xaricilərin təmsilçisi) halı yaşanır.

- Məktəbdə xarici mədəniyyətdən gələn şagird kimi mən öz fikirlərimi bölüşə bilirəm. Müharibə haqqinda hiss edirəm ki, mən öz sinif yoldaşlarımdan daha çox bilirəm və anlayıram.

Söhbətləşdi: N.Kamal

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG