Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:49

Xoşbəxtliyi pulla da almaq olarmış – alimlər deyir


Xoşbəxtlik. Foto illüstrasiya

Təsəvvür edin, sizə 40 dollar veriblər ki, sizi həqiqətən xoşbəxt edəcək nəyəsə xərcləyəsiz. Bu pulla neynərdiz? Kimsə, yəqin, alış-verişə çıxardı, kimsə nahara, ya kinoya gedərdi, hətta bu pulu ianə verən də tapılardı. Bəs görəsən, 40 dollara özünüzə daha çox zaman «ala» bilərsiz?

Bu həftə ABŞ-da çıxan «PNAS» dərgisi bir araşdırma dərc edib. Araşdırmada deyilir ki, ev işlərini kiməsə gördürməklə vaxt qazanan adamlar həyatlarından daha məmnundurlar. Həm də bu, təkcə varlılara aid deyil. Fərqli ölkələrdə, fərqli karyera və maaşların təhlili göstərib ki, vaxtın qənaətinə xərclənən pul zamanla bağlı stressi azaldır, daha müsbət duyğular yaradır.

«The Washington Post» qəzetinin yazdığına görə, araşdırma onu da üzə çıxarıb ki, çox az adam vaxt qazanmaqdan ötrü pul xərcləməyə meyllidir.

PUL, YOXSA VAXT

Tədqiqatın aparıcı müəllifi olan sosial-psixoloq Ashley Whillans deyir ki, adamların vaxt, yaxud pulla bağlı daim qərar verməyə çalışmaları onu sarsıdıb. Deyir, elə hey iki variantı çək-çevir edirik:

«Görəsən, pullu körpüylə gedim? Pulum çıxacaq, ancaq vaxt qazanacağam. Harda yaşayım? İşdən uzaqda yaşasam, pula qənaət edəcəyəm, ancaq yola çox vaxtım gedəcək».

A.Whillans Harvard Universitetindəki həmkarlarıyla birlikdə Britaniya Kolumbiyası Universiteti və Niderlandda iki institutla əməkdaşlıq edib, dörd ölkədə 6 mindən çox respondentin fikri öyrənilib. Adamlardan soruşublar ki, gündəlik xoşagəlməz işləri görməyə kiməsə pul verirlərmi? Bu sualın cavabına uyğun olaraq onların həyatdan razılığının dərəcəsini ölçüblər.

Sizcə, Azərbaycan xanımını nə xoşbəxt edər?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Bəlli olub ki, vaxt qazanmaqdan ötrü pul xərcləyənlərin həyatdan məmnunluq hissi daha yüksək imiş. Ailənin gəlirindən, həftəlik iş saatlarından, ailə statusundan, ailədə uşaqlarının sayından asılı olmayaraq, belə nəticə alınıb. Bir məsələ var ki, çox aşağı gəlirli spektrdən az adamın fikri soruşulub.

Birləşmiş Ştatlarda işləyən yetkin yaşlılar deyiblər ki, biş-düş, alış-veriş və ümumi xidmət kimi işləri gördürməyə daimi pul xərcləməklə həyatdan daha razı qalırlar.

YALNIZ 2 FAİZ VAXT BARƏDƏ DÜŞÜNÜB

Vankuverdə alimlər 60 nəfərə iki həftəsonu dalbadal 40 dollar veriblər. Onlara tapşırılıb ki, bir həftə konkret bir əşya alsınlar, o biri həftə isə pulu vaxtlarına qənaət edəcək nəyəsə xərcləsinlər. İştirakçılar ikinci həftəsonu daha müsbət enerji aldıqlarını, vaxt stressi yaşamadıqlarını bildiriblər.

Ancaq Vankuverdə 98 nəfərdən soruşublar ki, 40 dolları nəyə sərf edərdilər. Yalnız 2 faiz özlərinə vaxt alacaqlarını söyləyiblər. Niderlandda daha öncə keçirilmiş sorğularda hətta milyonçuların yarısından da azı xoşlamadıqları işləri pulla başqalarına gördürdüklərini deyiblər.

Los-Ancelesdəki Kaliforniya Universitetinin professoru Sanford DeVoe bu tədqiqatı «həqiqətən sarsıdıcı» adlandırıb. O, hətta imkanlıların belə, aşırı işi başqasına ötürməməsi faktından şoka düşdüyünü söyləyib. Alimin sözlərinə görə, bu, bir daha onu göstərir ki, adamlar ən böyük xoşbəxtliyə pul xərcləmirlər.

SƏBƏBLƏR

Çoxları vaxtlarının qıtlığından gileylənirlər, bunu narahatlığın, yuxusuzluğun, hətta köklüyün səbəbi kimi də görürlər. Bəs onda niyə vaxta sərmayə qoymağa könülsüz yanaşırlar?

100 min dollarınız olsaydı, nə biznes açardınız?- Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

«Adamlar onları daha xoşbəxt edəcək qərarları verə bilmirlər», – deyən A.Whillans-ın fikrincə, zamanın abstrakt təbiəti də günahkar sayıla bilər. «Həmişə düşünürük ki, sabah indikindən daha çox vaxtımız olacaq», – deyir. Yəni, biz daha konkret və ölçüyəgələn pulu daha qeyri-müəyyən zamana dəyişmək istəmirik.

S.DeVoe bu fikirlə razıdır. O deyir ki, kiməsə evini təmizləməyə, yaxud həyətdəki otluğu biçməyə pul verəndə, «konkret nə qədər pul itirdiyini bilirsən. Ancaq qazandığın xoşbəxtliyin ölçüsünü müəyyənləşdirmək çətindir».

Bir mümkün səbəb də var. Whillans qeyd edir ki, «Məşğulluq da bir status kimi qəbul olunur». Onun sözlərinə görə, adamlar çox vaxt ödənişli tətildən imtina edirlər, hətta enerjilərinin tükənməsinə baxmayaraq, buna getmirlər. Tədqiqatçının sözlərinə görə, şirkətlər işçilərə vaxtlarına qənaət edəcək bonuslar, məsələn, yol bileti, yaxud ev xidmətləri üçün vauçer versələr, iqtisadiyyat inkişaf edərdi, çünki işdə «tükənmə» halları azalardı.

Digər tərəfdən, vaxtın satın alınması heç də məşğulluğu azaltmaz. Yaranmış boş vaxt hesabına iş saatları artar, e-mail-lər yoxlanardı. Müqayisə üçün, paltaryuyan maşınlar və mikrodalğalı sobalar vaxta qənaət məqsədiylə ixtira olunub, ancaq bu avadanlıqlar adamların məşğulluq dərəcəsini heç də azaltmayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG