Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:24

Ölümlü-itimli köçkün həyatı…


Bakıda qaçqın yataqxanası.
Bakıda qaçqın yataqxanası.

-

«Palçıq dizə çatır, eyvanlar, pilləkənlər dağılır, Dəhlizdə gəzmək mümkün deyil. Döşəmə adamın ayağının altından qaçır».

Binəqədi rayonu ərazisində yerləşən Evtikmə Kombinatının yarımtikilisində məskunlaşmış köçkünlər vəziyyətin acınacaqlı olduğunu deyirlər.

23 ildir burada yaşayan Töhfə Sultanovanın sözlərinə görə, binada yaşamaq təhlükəli olduğundan, köçkünlərin bəziləri binadan kənara çıxaraq özlərinə kiçik sığınacaqlar düzəldiblər. Hazırda da bu sığınacaqlarda yaşayırlar:

«Binanın elektrik naqillərindən tutmuş, su-kanalizasiya xətlərinə qədər hamısı təhlükəli, qəzalı vəziyyətdədir. Dəfələrlə, sırf təsadüf nəticəsində yanğından canımızı qurtarmışıq. Bina günbəgün çökür. Vəziyyətimizlə bağlı bütün qurumları məlumatlandırmışıq. Ancaq heç birindən səs çıxmayıb».

«ÜRƏKLƏRİNƏ DAŞ BAĞLAYIB GEDİRLƏR»

Köçkün Səfayət Abbasovanın dediyinə görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bir neçə dəfə nümayəndə gəlib. Durumla tanış olub gediblər:

«Axı onlar da burada məskunlaşan insanların acınacaqlı vəziyyətlərinin canlı şahidi oldular. Sanki ürəklərinə daş bağlanıb. Gəlib baxıb, gedirlər. Və bu neçə ildir ki, belə də davam edir».

Bu binada azı 100 ailə məskunlaşıb. Köçkünlər hər gün köçürüləcəkləri ümidiylə yaşayırlar.

Köçkün Əlabbas Mirzəyev: «Kanalizasiya xətləri çürük-çürükdür, dəhlizlərdə üfunətdən nəfəs almaq mümkün deyil. 100 ailə 1 mətbəxin ümidinə qalıb. Əgər mətbəx demək mümkünsə… Həyatımız olduqca dözülməz hala düşüb. Yağış yağanda aşağı mərtəbədəki dəhlizlərdə rezin ayaqqabı geyinib gəzirik. Çünki su içəri dolur. Elə mərtəbələr var ki, yağış yağanda su evə dolur, yığışırıq, evdən vannalarla, vedrələrlə su boşaldırıq».

İKİ AZYAŞLI ÖLÜB

Sakinlər bu binadakı ağır şərait ucbatından iki azyaşlının öldüyünü bildirirlər. Onların deməsinə görə, 7 yaşında bir uşaq kanalizasiyaya düşərək ölüb. Bir azyaşlı isə yuxarı mərtəbədəki sınıq pilləkənlərdən yıxılaraq dünyasını dəyişib. Deyirlər, gözdən pərdə asmaq üçün hər fakt üzrə bir cinayət işi açıblar, sonra da işi bağlayıblar.

Köçkünlər çoxsaylı müraciətlərindən yalnız onu əldə edə biliblər ki, binanın dam örtüyü təzələnib. Heç olmasa yuxarı mərtəbələr yağış sularından xilas olub. Ancaq binadakı elektrik naqillərinin köhnəliyi burada yaşayanların həyatı üçün təhlükə mənbəyi olaraq qalır.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər ki, istismar müddəti ötmüş fin və fin tipli qəsəbələrin köçürülməsi başa çatdıqdan sonra növbə yataqxanalarda yaşayan məcburi köçkünlərə çatacaq. Yataqxanalarda məskunlaşan köçkünlərin ardınca yarımtikililərdə yaşayanların köçürülməsi gündəmə gələcək.

XS
SM
MD
LG