Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:23

Həkimlər xərçəngi işıqsaçan boyanın köməyi ilə aşkarlayacaqlar


Xərçəng hüceyrələri
Xərçəng hüceyrələri

Gizli xərçəngi üzə çıxarmağa kömək edə bilən xüsusi flüorisent boya hər il keçirilən yüzlərlə cərrahiyyə əməliyyatını kökündən dəyişdirə bilər.

Uzun zamandan bəri cərrahiyyə xərçəngin müalicəsində ən effektiv üsul olub. Xəstəlik yenidən baş qaldırarsa, bu, adətən, şiş hüceyrələrinin bir qismi gizli qaldığı üçün çıxarılmamasından irəli gəlir. Ancaq cərrahlar xərçəng hüceyrələrinin dəqiq harada gizləndiyini deyə bilmirlər. Onlar dəyişikliklərə fikir verirlər, sağlam və xəstə hüceyrələrsə çox zaman eyni görünür.

Beş ilə müxtəlif növləri olacaq

Hazırlanmış yeni flüorisent boyadan istifadə zamanı xərçəng hüceyrələri işıq saçacaq. Həkimlər də bu işığa görə həmin nahiyəyə daha çox diqqət ayıracaqlar.

«Bu boya bionik görmə qabiliyyətinə malik olmaq kimidir. Biz gərəkəndən çox və ya az toxumanı kəsib götürmədiyimizə əmin ola biləcəyik», – Pensilvaniya Universitetindən doktor Sunil Singhal deyir.

Boyalar hələ təcrübə mərhələsində olsa da, sürətlə inkişaf etdirilir. Onlardan ikisi artıq araşdırmanın sonuncu mərhələsindədir, ABŞ Qida və Dərman Administrasiyasının təsdiqinə iddialıdır. «Johnson&Johnson» şirkəti bu yaxınlarda bu boyaların birinə 40 milyon dollar investisiya yatırıb. Federal hökumət də bu layihənin bir hissəsini maliyyələşdirir.

«Hesab edirik ki, bu, çox mühümdür. Bununla xəstələrin həyatı yaxşılaşdırılacaq. Təxminən beş ildən sonra bu boyaların müxtəlif növləri olacaq», – ABŞ-ın Milli Xərçəng İnstitutunun mütəxəssisi Paula Jacobs deyir.

Azərbaycanda xərçəng xəstələrinin böyük səhvi...
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

İdeya necə yarandı

Bu fikir Singhal-ın ağlına 10 il öncə gəlib: «Mən səmadakı ulduzlara baxıb düşündüm ki, insanlar gizli qalan xərçəngdən ölməsin deyə, hüceyrələri də belə işıqlandırmaq necə də gözəl olardı».

ICG adlanan bu boyadan uzun zamandan bəri müxtəlif tibbi məqsədlər üçün istifadə olunur. Singhal müəyyən edib ki, əməliyyatdan bir gün öncə boyanın düzgün dozası venaya yeridildikdə, o, xərçəng hüceyrələrində toplanıb qalır və infraqırmızı işıq fonunda parıldamağa başlayır. O, «TumorGlow» adlandırdığı bu prosesi ağciyər, baş beyin və digər xərçəng növlərində sınaqdan keçirib.

O bu üsuldan dörd uşaq atası, 45-yaşlı Ryan Ciccozzi-nin müalicəsində də yararlanıb. Boya xəstənin ürək nahiyəsində və ağ ciyərlərində gizli xərçəngi üzə çıxarmağa kömək edib.

Singhal bu yeni üsulu İndianada, Perdyu araşdırma parkındakı «On Target Laboratories» laboratoriyasında da sınaqdan keçirir. Burada bir təcrübə zamanı boya həkimlərin əməliyyatdan öncə gördüyü 59 ağciyər xərçəngindən 56-sını üzə çıxarmağa kömək edib. Boya bundan başqa, daha 9 xəstədə bundan öncə görülməmiş şiş hüceyrələrini üzə çıxarıb.

Pulu olmayan xərçəng xəstəsinin başına gələnlər
Gözlə

No media source currently available

0:00 0:07:27 0:00

80 minədək amerikalı əməliyyat olunur

«Hər il 80 minədək amerikalı ağciyərlərində şübhəli ləkələrə görə əməliyyat olunur. Boya şiş hüceyrələrinin yayıldığı kiçicik nahiyəni göstərsə, cərrahların bütöv bir hissəni kəsib götürməsinə ehtiyac qalmaz», – «On Target» laboratoriyasının rəhbəri Marty Low deyir. Onun sözlərinə görə, hələlik qiymət təyin olunmasa da, boyanın hazırlanması ucuz başa gəlir.

Mütəxəssislər bu üsulun süd vəziləri xərçəngi əməliyyatlarında da çox yararlı olacağını deyirlər.

«Blaze Bioscience» biotexnologiya şirkəti də şirkətin rəhbəri doktor Jim Olso-nun patentləşdirdiyi, «Şiş boyası» adlanan maddəni sınaqdan keçirir. Bu boyanın da molekulları xərçəng hüceyrələrinə birləşərək onların işıq saçmasına səbəb olur. «Mən neyrocərrahların əməliyyat otağından ...təbəssümlə çıxdığını görmüşəm. Çünki onlar xərçəng hüceyrələrini çox aydın görürlər».

Boya böyüklərdə dəri, beyin və döş xərçəngində, uşaqlarda beyin şişlərində də ilkin sınaqdan keçirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG