Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:10

Azərbaycan xəbərləri

23 yanvar atəşkəs açıqlaması

Qarabağda erməni əsgər.
Qarabağda erməni əsgər.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.

Məlumatda deyilir ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndləri, Berd rayonundan da Tovuz rayonunun Ağdam və Ağbulaq kəndləri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Baş Qərvənd, Şuraabad, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrin mövqeləri hədəf seçilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Ötən il əvvəlki illərlə müqayisədə cəbhədə atəşkəs halları daha çox pozulub. 2016-cı il aprelin 2-dən 5-nə kimi cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada hər iki ölkənin qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.

Bütün xəbərləri izləyin

Əliyev ilə Putin görüşəcək

İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin İlham Əliyev bazar ertəsi, aprelin 22-də Moskvada danışıqlar aparacaqlar.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan lideri Rusiya Federasiyasında işgüzar səfərdə olacaq.

"Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi, həmçinin aktual regional məsələlər üzrə hərtərəfli fikir mübadiləsinin aparılması planlaşdırılır", - məlumatda bildirilir.

Baykal-Amur magistralının (BAM) tikintisinin başlanmasının 50 illiyi münasibətilə Putin ilə Əliyev BAM veteranları və dəmiryol sənayesi işçiləri ilə görüşəcəklər.

Azərbaycanın hazırkı prezidentinin atası Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi magistralın tikintisi ilə bağlı məsələlərə bilavasitə rəhbərlik etmişdi.

İki il əvvəl fevralın 22-də İ.Əliyev ilə V.Putin "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar.

Bəyannamədə iki ölkə arasında siyasi, iqtisadi və başqa sahələr üzrə əməkdaşlıq məsələlərindən bəhs edilir.

İmran Əliyevin də qaçaqmalçılıqda ittiham olunduğu deyilir

İmran Əliyev
İmran Əliyev

meclis.info platformasının dünən, aprelin 18-də saxlanan rəhbəri İmran Əliyevə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olunduğu bildirilir.

Bu barədə onun yaxınları məlumat verib.

Hazırda onun Xətai rayon Məhkəməsinə aparıldığı deyilir.

Yaxınlarının əlavə etməsinə görə, o, "AbzasMedia işi" üzrə təqsirləndirilən şəxs kimi cəlb olunub. İ.Əliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir

Son aylar Azərbaycanda aralarında "AbzasMedia" nəşrinin, "Toplum" internet televiziyasının əməkdaşlarının da olduğu 20-ə yaxın jurnalist və ictimai fəal həbs edilib. Onlara qarşı, əsasən, qaçaqmalçılıq ittihamı irəli sürülüb. Amma onlar bu ittihamı peşə fəaliyyətləri ilə bağlı, qurama və siyasi sayırlar. Rəsmilər isə ölkədə heç kimin sırf peşə fəaliyyətinə görə həbs edilmədiyini vurğulayaq siyasi həbslərlə də bağlı deyilənləri əsassız sayırlar.

"AbzasMedia işi"ndə öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilmişdi. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova Elnarə Qasımova ilə davam edib.

'Sərbəst buraxılacağımı düşünməmişdim' - 'AbzasMedia işi'ndə dindirmələr davam edir
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

meclis.info platformasının rəhbəri İmran Əliyev saxlanıb

O özü aprelin 18-i axşam saatlarında Bakı hava limanında saxlandığı haqqında açıqlama yayıb. Vurğulamasına görə, aprelin 18-də bəzi media orqanlarında onun barəsində yayılan məlumatlardan sonra təhlükəsizliyi ilə bağlı Türkiyəyə getməyə qarar vermişdi.

İ.Əliyevin yaxınları da deyirlər ki, onu axşam saatlarında Heydər Əliyev adına hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxlayıb.

Sonra İ.Əliyevin qara maskalı şəxslərə təhvil verildiyi iddia edilir.

Bu deyilənlərlə hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

meclis.info parlamentin fəaliyyətini monitorinq edən platformadır.

Aprelin 18-də bəzi media orqanlarında yer alan iddialara görə, meclis.info platformasının rəhbəri İ.Əliyev və bəzi başqa şəxslər maliyyə nəzarətindən yayınmaq üçün xarici ölkələrə məxsus adsız bank kartlarından istifadə ediblər. İddialara görə, xaricdən onlara ötürülən vəsaitlərin bir qismini bu kartlar vasitəsilə nağdlaşdırıblar.

İ.Əliyev özü bu iddiaları rədd edib.

G7 Bakı və Yerevanı sülh prosesinə riayət etməyə çağırıb

G7 ölkələrinin XİN başçıları Kapri adasında keçirilən üçgünlük görüşün yekunu ilə bağlı birgə bəyanat yayıblar.
G7 ölkələrinin XİN başçıları Kapri adasında keçirilən üçgünlük görüşün yekunu ilə bağlı birgə bəyanat yayıblar.

Böyük Yeddilik Qrupunun (G7) xarici işlər nazirləri Ermənistanla Azərbaycanı gücdən istifadə etməmək və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh prosesinə riayət etməyə çağırıblar.

Bu barədə G7-nin bəyanatında bəhs edilib.

"Biz Ermənistanla Azərbaycanı gücdən istifadə etməmək, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü prinsipləri əsasında ləyaqətli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq", - sənədin mətnində yazılır.

G7 ölkələri münaqişənin daha da eskalasiyasının qəbuledilməz olduğunu vurğulayıblar.

"Biz Azərbaycanı beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyə, öz evlərinə dönmək istəyən qaçqın və məcburi köçkünlərin təhlükəsiz, dayanıqlı şəkildə qayıdışı üçün müvafiq addımları təşviq etməyə çağırırıq", - bəyanatda bildirilir.

G7 üzvləri bütün səviyyələrdə, xüsusən də Avropa İttifaqı və Birləşmiş Ştatların təklif etdiyi danışıqlar mexanizmləri çərçivəsində gələcək konstruktiv təmasları dəstəkləməyə hazır olduqlarını vurğulayıblar.

G7-yə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya, ABŞ daxildir.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Bakı Fransız Liseyi bağlanır

Bakı Fransız Liseyi
Bakı Fransız Liseyi

Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır. Təsisçilərin kim olduğu açıqlanmır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Turan"a bildirilib ki, ancaq cari tədris ilinin sonuna qədər liseydə dərslər davam etdiriləcək. "Valideynlərin müraciəti olduğu halda, liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər", - qurumdan vurğulanıb.

Bakı Fransız Liseyində hazırda 200 şagirdin təhsil aldığı bildirilir.

10 il əvvəl

Bakı Fransız Liseyi Azərbaycanda yaşayan fransızdilli xarici vətəndaşların və ölkə vətəndaşlarının fransız dilində təhsil alması məqsədilə yaradılıb.

2011-ci ilin martında Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız liseyinin tikintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalandığı açıqlanıb. Oktyabrda isə Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə liseyin təməlqoyma mərasimi keçirilib.

2014-cü il sentyabrın 12-də prezident İlham Əliyev Bakı Fransız Liseyinin açılışında iştirak edib.

Son illər və son aylar...

Fransa və Azərbaycan arasında münasibətlər son illərdə gərginləşib. Ötən ilin sonunda tərəflər bir-birinin diplomatlarını "arzuolunmaz şəxs" elan ediblər. Rəsmi Bakı Azərbaycan-Ermənistan sülh prosesində Fransanın hər hansı iştirakına qarşı çıxır. Bakı Parisi Ermənistana tərəfkeşlikdə ittiham edir.

Amma bu ölkənin Xarici İşlər Nazirliyi bugünlərdə bəyan edib ki, Fransa beynəlxalq hüquqa, habelə hər iki ölkənin ərazi bütövlüyünə hörmət şərti ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha təsdiqləyir.

Bir neçə gün öncə rəsmi Paris Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr məqsədilə geri çağırdığını açıqlayıb.

1990-cı illərin əvvəllərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Bakı AŞPA-ya qayıtmaq üçün tələbləri yerinə yetirməlidir - Azərbaycan üzrə məruzəçi

Liz Kristoffersen
Liz Kristoffersen

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın AŞPA-ya qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib.

"Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen "Turan"ın müxbiri ilə söhbətində deyib.

Sözügedən güzəştlərin nədən ibarət olması ilə bağlı suala cavab olaraq Kristoffersen bunları deyib: "Azərbaycan hakimiyyəti Assambleya ilə əməkdaşlıq etməli, həmməruzəçilərin ölkədə sərbəst fəaliyyətinə, o cümlədən həbsxanaları ziyarət etmələrinə şərait yaratmalıdır. Azərbaycan həmçinin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməlidir".

Hələlik, bu açıqlamaya Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Təsdiqlənməyən iddia və...

Bir neçə gün öncə Azərbaycanın AŞPA-ya qaytarılması məsələsinə bu qurumun Nazirlər Komitəsində "yaşıl işıq" yandırılması ilə bağlı iddialar səslənmişdi. Amma sonradan həmin iddialar təsdiqlənməmişdi.

"Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun qaytarılması Avropa Şurasının tələbləri yerinə yetirildiyi halda mümkündür. Ancaq hələ ki Bakı belə istək nümayiş etdirmir". "Turan"ın xəbərinə görə, bunu isə almaniyalı deputat, Azərbaycan nümayəndə heyəti ilə bağlı qərarın təşəbbüskarlarından biri Frank Şvabe deyib.

'İlham Əliyev bizimlə oyun oynayır...' - AŞPA deputatı
Gözlə

No media source currently available

0:00 0:06:36 0:00

Bu il yanvarın 24-də AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyib. Buna Azərbaycanın 23 il öncə Avropa Şurasına qoşulanda götürdüyü əsas öhdəliklərini yerinə yetirməməsi səbəb göstərilib. Bakının təşkilatın prinsiplərini pozduğu, ölkədə insan hüquqlarının durumu, siyasi məhbusların sayının artması əsas gətirilib.

Bu qərar hələ verilməmişdən Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti qurumla işbirliyini qeyri-müəyyən müddətə dayandırdığını elan edib. Nümayəndə heyətinin bəyanatında deyilirdi ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa edəndən sonra "qarayaxma kampaniyası" ilə üzləşib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla (Qarabağ daxil) ərazilərinə nəzarəti bərpa edib.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi.

Ötən il Qarabağda aparılan birgünlük əməliyyatı Ermənistan "etnik təmizlənmə" adlandırmışdı. Həmin vaxtdan sonra da Qarabağdan erməni əhali köç edib.

Xatırlatma

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olub. Həmin vaxt Azərbaycan demokratiya, insan haqları və bir sıra başqa məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılacağı gözlənilir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən açıqlamaya görə, Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycanla koordinasiyalı şəkildə davam etdirilir.

Hələlik, bu açıqlamaya Azərbaycan Müdafiə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bu mərkəz Azərbaycan hökumətinin razılığı əsasında 2021-ci il yanvarın 30-da Türkiyə ilə Rusiya arasında imzalanan Memorandumla yaradılıb. Onun yaradılma məqsədinin Qarabağda atəşkəsin təmin edilməsi ilə bağlı monitorinq aparmaq olduğu açıqlanıb.

4 il əvvəl, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilən atəşkəs razılaşmasına baxmayaraq bölgədən ötən ilə qədər ara-sıra onun pozulmasına dair məlumatlar gəlirdi. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırdılar.

Artıq Rusiya sülhməramlılarının da Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı yayılan məlumatı təsdiqləyib.

Həmçinin, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona (Laçın dəhlizi və Qarabağda təmas xəttinə) beş illik Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı.

Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb. Bundan sonra Rusiya sülhməramlılarının regionda qalma səbəbi mübahisələndirilməyə başlanmışdı.

Xalq Cəbhəsi tərəfdarının saxlandığı bildirilir

Elşən Kərimov
Elşən Kərimov

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tərəfdarı olduğu deyilən Elşən Kərimovun saxlandığı bildirilir.

Bu barədə onun yaxınları məlumat veriblər.

Məlumata görə, E.Kərimov aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanıb: "Elşən Rusiyada yaşayır. Dünən, aprelin 17-də atasının yasına gəlib. Elə yasın ortasında mülki geyimli, qara maskalı adamlar gəlib Elşəni aparıblar. Hər yerdə axtarmışıq, məlumat yoxdur".

Yaxınları habelə deyiblər ki, baş verənlərin səbəbini bilmirlər. Onların sözlərinə görə, E.Kərimov Rusiyada xırda bizneslə məşğul olub və həmin ölkənin vətəndaşıdır.

Bütün bu deyilənlərə hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

AXCP-nin hazırda 10-dan çox fəalı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla mühakimə edilsələr də, partiya onların siyasi sifarişlə şərləndiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.

BŞİH Milli Şuranın mitinqini 'məqsədəuyğun' saymadı

Milli Şura Bakıda sonuncu kütləvi aksiyasını 2019-cu ilin yanvarında keçirib.
Milli Şura Bakıda sonuncu kütləvi aksiyasını 2019-cu ilin yanvarında keçirib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə müsbət cavab verməyib.

Bu barədə AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) məlumat verilib.

Partiyadan vurğulandığına görə, qeyd edilib ki, göstərilən ərazilərin birində təmir işləri aparılır, qalan iki yerdə isə nəqliyyat intensiv hərəkət etdiyindən toplantıların keçirilməsi tıxacların yaranmasına səbəb olacaq.

"Qanunsuz və Konstitusiyaya zidd..."

AXCP-də bu qərarı qanunsuz və Konstitusiyaya zidd hesab edirlər: "Hazırda müzakirələri aparırıq və növbəti addımlarla bağlı qərar elan ediləcək".

AXCP-dən bu deyilənlərə BŞİH-dən əlavə münasibət almaq mümkün olmayıb.

Milli Şura müraciətində şəhərin, əsasən, mərkəzi ərazilərində üç yer təklif edərək onların birində aksiya keçirmək niyyətini bildirmişdi. Aksiyada azad, ədalətli seçkilərin keçirilməsi, siyasi məhbusların azadlığa buraxılması və korrupsiya ilə mübarizəyə aid tələblərin səslənəcəyi açıqlanmışdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Üstəlik, onların vurğulamasına görə, ölkədə korrupsiya ilə mübarizədə siyasi iradə mövcuddur.

Milli Şura Azərbaycanda sonuncu kütləvi aksiyasını 2019-cu ilin yanvarında keçirib. Ondan sonra BŞİH Milli Şuraya təklif etdiyi yerlərdə yenə tıxacların yaranacağını və başqa oxşar amilləri səbəb göstərərək aksiya keçirməyi məqsədəuyğun saymamışdı. Əvəzində Milli Şuraya Lökbatan qəsəbəsindəki stadion təklif edilmişdi. Amma Milli Şura da həmin stadionun şəhərdən kənarda olduğunu əsas gətirərək orada aksiya keçirməkdən imtina etmişdi.

2020-ci ilin əvvəllərindən isə koronovirus pandemiyası ilə bağlı ölkədə karantin rejimi tətbiq edilib. Artıq kütləvi tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, karantin rejimi tam götürülməyib.

update

Fransa Azərbaycandakı səfirini geri çağırıb

Fransa XİN
Fransa XİN

Rəsmi Paris Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr məqsədilə geri çağırdığını açıqlayıb. Fransa Xarici İşlər Nazirliyinin (XİN) bəyanatına görə, qərarın səbəbi "Azərbaycanın iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləridir".

Fransa tərəfi təfərrüatları açıqlamır.

Aprelin16-da səfir Ann Buayonu prezident Emmanuel Makron qəbul edib.

"O, [Makron] Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini və onlardan izahat eşitmək istədiyini bildirib", - məlumatda vurğulanır.

XİN əlavə edir ki, Fransa beynəlxalq hüquqa, habelə hər iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha təsdiqləyir.

Rəsmi Bakı Azərbaycan-Ermənistan sülh prosesində Fransanın hər hansı iştirakına qarşı çıxır. Bakı Parisi Ermənistana tərəfkeşlikdə ittiham edir.

Fransa və Azərbaycan arasında münasibətlər son aylarda gərginləşib. Ötən ilin sonunda tərəflər bir-birinin diplomatlarını arzuolunmaz şəxs elan ediblər.

Fransa-Azərbaycan münasibətləri haracan gərginləşə bilər?
Gözlə

No media source currently available

0:00 0:04:17 0:00

Fransa səfirinin geri çağırılmasına Bakının reaksiyası

"Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən (İkinci Qarabağ Müharibəsi) sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Fransanın öz səfirini Azərbaycandan geri çağırmasına münasibət bildirərkən deyib.

XİN sözçüsünə görə, Bakının Parisə qarşı addımları və verilən rəsmi bəyanatlar yalnız "destruktiv fəaliyyətə" cavab xarakterli olub. "Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb", - o vurğulayıb.

"Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır", - - XİN rəsmisi əlavə edib.

Xatırlatma

Fransa ABŞ və Rusiya ilə birgə 20 ildən çox ATƏT-in Minsk qrupunda Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda vasitəçilik edib. 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələ də sülh sazişi imzalanmayıb.

Atası həbsdə olan bloqerlə görüşüb

Arzu Sayadoğlu
Arzu Sayadoğlu

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasında saxlanılan bloqer Arzu Sayadoğlu ilə dünən, aprelin 15-də atasının görüşdüyü bildirilir.

"Arzunun səhhəti yaxşıdır. Saxlanma şəraitindən narazılığı yoxdur. Şüşə arxasından görüşdük. O dedi ki, günahı yoxdur. Bizim ailəmiz çox çətinlik çəkir. Atayam, oğlumun həbsinə dözə bilmirəm", - bloqerin atası Səyyad Məmmədov bildirir.

Bu açıqlamaya, hələlik, DTX-dan münasibət almaq mümkün olmayıb.

Səbail Rayon Məhkəməsindən isə "Amerikanın səsi"nə deyiblər ki, Arzu Sayadoğlu yanvarın 16-da saxlanıb, onun barəsində yanvarın 18-də 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sayadoğluna qarşı Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Həmin ittihamla şəxsə beş ildən on ilədək həbs cəzası verilə bilər. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.

Hədə-qorxu ilə tələb etmənin məhz nədən ibarət olduğu və nə zaman baş verdiyi açıqlanmır.

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, Sayadoğlu bu ilin əvvəlində "Azad Söz" onlayn nəşrinin efirindəki çıxışında Azərbaycan hakimiyyətini kəskin tənqid etdikdən sonra ondan təqribən bir həftə məlumat almaq mümkün olmamışdı. Sonradan onun saxlandığı bəlli olmuşdu.

Xatırlatma

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib. Onlara, əsasən, qaçaqmalçılıq ittihamı verilib.

Həbs edilən jurnalistlərin heç biri ittihamları qəbul etmir və bunu peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Amma rəsmilər ölkədə jurnalistlərin peşə fəaliyyətlərinə görə, təqib və həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

Məhkəmə Tofiq Yaqublunun həbs müddətinin uzadılmasını düzgün saydı

Tofiq Yaqublu
Tofiq Yaqublu

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, şikayətə aprelin 15-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Müdafiə tərəfi hesab edir ki, həbs-qətimkan tədbirinin nəinki uzadılmasının, ümumiyyətlə, T.Yaqublunun həbsdə qalmasının əsası yoxdur. "Çünki adam cinayətkar deyil. Tofiq Yaqublu həmişə saxtakarlığa, dələduzluğa qarşı ölkə səviyyəsində mübarizə aparıb. Ona görə də ona belə ittihamların verilməsi absurddur. Buna baxmayaraq, məhkəmə şikayətimizi təmin etmədi", - vəkili vurğulayıb.

Müdafiə tərəfinin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Tofiq Yaqublunun həbs-qətimkan tədbirinin müddəti aprelin 6-da iki ay uzadılıb. Nərimanov rayon Məhkəməsində istintaq orqanın bununla bağlı vəsatətinə baxılıb və vəsatət təmin olunub.

T.Yaqublu ötən il dekabrın 14-də saxlanaraq haqqında (ilkin olaraq 4 aylıq) həbs-qətimkan tədbiri seçilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2), rəsmi sənədləri saxtalaşdırmada (320.1) və bilərəkdən saxta sənədlərdən istifadədə (320.2) şübhəli sayılır.

T.Yaqublu bundan öncə də bir neçə dəfə həbsdə olub. O, iğtişaş salmaq, başqasına xəsarət yetirmək və başqa qanunsuz əməllərdə ittiham edilib. Amma bütün ittihamları qurama sayıb.

Bir sıra yerli hüquq-müdafiə təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

'AbzasMedia işi' üzrə yeni dindirilən var

Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov
Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov

Tağıyev təxminən 3 saata yaxın polis idarəsində olub və saat 21:30 radələrində oranı tərk edib.

O, özü jurnalistlərə açıqlamasında “Abzas Media işi” üzrə dindirildiyini deyib.

Tağıyev qeyd edib ki, suallar ümumi xarakter daşıyıb.O, istintaq sirrini açıqlamamaq öhdəliyi götürdüyünü söyləyərək, təfərrüatlara toxunmayıb.

Onun sözlərinə görə, ona idarədə heç bir psixoloji və fiziki təzyiq göstərilməyib.
İsmayıl Tağıyevin dedikləri ilə bağlı, hələlik, Daxili İşlər Nazirliyindən açıqlama almaq mümkün olmayıb.
2023-cü ilin sonlarından başlayaraq Azərbaycanda 10-dan çox jurnalist saxlanıb, həbs edilib. Onların əvvəlcə çoxu "AbzasMedia işi" ilə əlaqəli olub.

Ülvi Həsənlinin saxlanması: Abzas media korrupsiya araşdırmalarına davam edəcək
Gözlə

No media source currently available

0:00 0:06:51 0:00

Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini olduğu bildirilən Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra, bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz AbsalamovaElnarə Qasımova ilə davam edib.

Onların hamısı qaçaqmalçılıqda ittiham edilirlər.Amma ittihamı qəbul etmir və bunu əsasən peşə fəaliyyətləri ilə izah edirlər.Rəsmilər isə bir qayda olaraq deyirlər ki, Azərbaycanda heç bir jurnalist sırf peşə fəaliyyətinə görə, həbs edilməyib.

Bu ara başqa kütləvi informasiya vasitələrindən də həbs edilənlər olub. Onlar da qaçaqmalçılıq və başqa ittihamlarla üzləşiblər.Həmin jurnalistlər də ittihamı qurama sayırlar.

Ələsgər Məmmədlinin səhhətinin ağırlaşmaqda olduğu deyilir

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Toplum” İnternet Televiziyasının təsisçisi, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Ələsgər Məmmədlinin səhhətinin pisləşməkdə davam etdiyi bildirilir.

Bu barədə aprelin 8-də onunla görüşən qardaşı Nəsimi Məmmədli məlumat verib.

Qardaşının sözlərinə görə, Ələsgər Məmmədli çox halsız olub, kəskin baş ağrısından əziyyət çəkdiyini söyləyib:

“Bütün gecəni yata bilmədiyini bildirdi. Uzanıqlı halda nəfəs almağa çətinlik çəkir. Boğazındakı şişə görə boğulma hissi ona normal yatmaq imkanı vermir. Qalxanvari vəzinin boyun hissəsində 23 millimetr ölçüdə düyün var. Qan təzyiqi 90-170 arasında yüksəlib”.

Nəsimi Məmmədli deyib ki, bir həftə öncə qardaşından qan analizi götürülüb. Onun vurğulamasına görə, götürülmüş qan analizinin nəticəsində bəzi problemlər üzə çıxıb:

“Amilaza analizi çox yüksək, 333 olub (norma 220-dən az olmalıdır), xolesterinin miqdarı 250 olub (norma 200-dən az olmalıdır). Bundan əlavə, mədəaltı vəzidə problem aşkara çıxıb. Həkimlər yenidən müalicə təyin ediblər və ona yeni dərmanlar veriləcək”.

Onun sözlərinə görə, vəkil Ələsgər Məmmədlinin Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülməsi barədə müraciət etsə də, ona cavab gəlməyib.

Bu açıqlamaya,hələlik, Ədliyyə Nazirliyi və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.

Yaxınları bundan əvvəl də “Ələsgər Məmmədlinin səhhətinin həbsdə qalmasına münasib olmadığı” barədə açıqlamalar yayıblar.

Müdafiə tərəfi hətta Ələsgər Məmmədlinin səhhəti ilə bağlı ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət də edib. Amma martın 29-da Xətai rayon Məhkəməsi vəsatəti təmin etməyib.

Ə.Məmmədli bu il martın 8-də saxlanıb. Martın 9-da Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, qrup halında qaçaqmalçılıqda ittiham olunur. Ə.Məmmədli ittihamı qəbul etmir.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "Toplum” İnternet Televiziyasının əməkdaşı da olmaqla 10-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onlar da ittiham ilə razılaşmır, onu peşə fəaliyyətləri ilə bağlı, siyasi hesab edirlər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.

Ramin Məmmədov komitə sədri oldu, parlamentdə boş yerlər 10-a çatdı

Ramin Məmmədov
Ramin Məmmədov

Ramin Məmmədov Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Bu barədə aprelin 8-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Ona qədər bu vəzifədə Mübariz Qurbanlı olub. Amma bu il keçirilən (7 fevral) prezident seçkisindən sonra M.Qurbanlı hökumətin yeni tərkibində yer almamış, həmin post boş qalmışdı.

R.Məmmədov 2001-ci ildən Mədəniyyət Nazirliyində, 2002-ci ildən isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis kimi, daha sonra da bu komitədə sədrin köməkçisi, şöbə müdiri işləyib.

2008–2009-cu illərdə "Avrositi Holdinq"in vitse-prezidenti, 2009–2020-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, Aparat rəhbərinin müavini, sədrin müavini vəzifələrində çalışıb.

Hazırda R.Məmmədov Milli Məclisin deputatıdır. Qanunvericiliyə əsasən, o, vəzifəyə təyin olunandan sonra deputatlıq fəaliyyətini davam etdirə bilməz. Bununla da Milli Məclisdə boş yerlərin sayı artıq 10-a çatacaq.

Azərbaycanda son parlament seçkiləri 2020-ci ildə keçirilib. Onda Mərkəzi Seçki Komissiyası dörd dairədə pozuntular olduğunu bildirərək nəticələri ləğv etmişdi. Həmin dairələrdə indiyə kimi seçkilər keçirilməyib. Qalan beş yer isə həbs və başqa səbəblərdən boş qalıb.

Azərbaycan əsgərinin təlimdə öldüyü deyilir

Foto arxiv
Foto arxiv

Azərbaycanda hərbi qulluqçunun təlimdə öldüyü bildirilir.

Bu barədə Hərbi Prokurorlugun bugün, aprelin 5-də yayılan məlumatında bəhs edilir.

Açıqlamaya görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Saleh Xələfovun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, həmin məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və onların Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları hadisə yerinə, meyitə baxış keçiriblər:

“İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib”.

Qubadlı hərbi prokurorluğunda cinayət işi başlandığı bildirilir.

Amma hadisənin vaxtı və başqa detallar ilə bağlı məlumat verilmir.

Rəsmi açıqlamaya, hələlik, təlimdə öldüyü bildirilən əsgərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın bəzi hüquq müdafiəçiləri orduda monitorinqlər aparılmasının mümkün olmadığını bildirilər.

Rəsmilər isə bunula razılaşmır, üstəlik, son illər orduda cinayətlərin sayının azaldığını deyirlər.

Azərbaycan yenə atəşkəsin pozulduğunu deyir, Ermənistan təkzib edir

Ermənistanın Müdafiə Nazirliyi bildirir ki, Azərbaycanın silahlı qüvvələri aprelin 5-də Tavuş rayonunun Çinari və Geqarkunik vilayətinin Verin Şorca məntəqələri yaxınlığında Ermənistan silahlı qüvvələrinin mövqelərini kiçik çaplı silahlardan atəşə tutub.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ermənistanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhədin şimal-şərq hissəsində Azərbaycanın mövqelərini atəşə tutmasına dair Azərbaycan Müdafiə Nazirliyinin məlumatını təkzib edib və bunu “növbəti dezinformasiya” adlandırıb.

***

Azərbaycan Müdafiə Nazirliyinin bildirməsinə görə, aprelin 5-də saat 17:25 radələrində Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Hələlik, bu məlumata Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Bu həftənin əvvəlində Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda günahlandırmışdı.

Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 1-i Ermənistan silahlı qüvvələri onun Naxçıvan Muxtar Respublikasının Sədərək və Şahbuz rayonları istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Amma Ermənistan Müdafiə Nazirliyi (EMN) həmin məlumatı təkzib etmişdi.

"... Azərbaycan Silahlı Qüvvələri aprelin 1-də saat 22:00-da Qut kəndi (Geğarkunik vilayəti) və aprelin 2-də saat 00:40-da Tex kəndi (Sünik vilayəti) istiqamətində erməni silahlı birləşmələrinin mövqelərini atəşə tutublar", - Ermənistan qarşı tərəfi günahlandırmışdı.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa etdi. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma (10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Azərbaycanın 15 faizi quraqlıq riski altındadır

İri fermerlərə yaşıl işıq, kiçiklərə köhnə qurğu, susuz sahə
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

"Azərbaycan ərazisinin 15 faizində quraqlıq riski var. Xüsusilə ölkə ərazisində Gəncə-Daşkəsən zonasının quraqlıq riski ilə üz-üzə qaldığını vurğulamaq lazımdır".

AZƏRTAC-ın məlumatına görə, bu barədə aprelin 5-də "İqlim dəyişikliyinə kosmosdan baxış" tədbirində çıxışı zamanı Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

Onun sözlərinə görə, son 100 ildə Azərbaycanda orta illik temperatur artıb: "Peyk təsvirlərinin təhlilinə əsasən, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında son yeddi ildə buzlaq sahələrində ortalama 18 faiz azalma müşahidə olunub. Son 30 ildə Xəzər dənizinin səviyyəsi iki metr azalıb ki, bunun da 1.5 metri son beş ilə təsadüf edib".

Ölkədə həm içməli, həm də suvarma suyunun qıtlığı ilə bağlı şikayətlər eşidilir. Artıq paytaxt Bakının özündə belə bir çox ərazilərə su limitlərlə verilir. Son illər ölkədə pambıq plantasiyalarının artmasından sonra suvarma sularının qıtlığı ilə bağlı daha çox şikayətlər səslənir.

Xəzər dənizinin səviyyəsinin düşməsini isə ekspertlər son illər, əsasən, Volqa çayının axınının həcminin azalması ilə izah edirlər.

76 yaşlı AXCP üzvünün saxlandığı deyilir

Polis
Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin üzvü Əmrah İsmayılovun bu gün, aprelin 4-də saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.

AXCP-dən qeyd olunub ki, Ə.İsmayılov ötən ay narkotik ittihamı ilə Daşkəsəndə həbs olunan Sahib Məmmədzadənin qohumudur.

S.Məmmədzadənin bacısı Tacirə Məmmədova isə bildirib ki, Ə.İsmayılovu günorta saat 12 radələrində polis saxlayıb: "Bu gün, aprelin 4-də traktor sürdüyü yerdə tutublar. Bəhanə ediblər ki, guya içkili vəziyyətdə traktor sürüb. Amma belə deyil. Əmrah bəy yaşlı adamdır, 76 yaşı var. Sahibə görə qisas alırlar. Özü AXCP üzvüdür, Sahibi də müdafiə edir. Ona görə tutublar".

Daxili İşlər Nazirliyindən "Turan"a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.

Martın 18-də saxlanan S.Məmmədzadə Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri,...hazırlama,... və ya satma) maddəsi ilə ittiham edilir. Onun haqqında ilkin 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ittiham ilə razılaşmır, həbsini siyasi fəaliyyəti ilə izah edir.

Müxalifətdə olan AXCP-nin hazırda 10-a yaxın fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiyadan onların siyasi sifarişlə şərləndiyini bəyan ediblər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

Azərbaycan Konqoda neft emalı zavodunu yeniləyəcək, özününkünü bitirməmiş

Azərbaycan-Konqo sənədləri imzalanıb
Azərbaycan-Konqo sənədləri imzalanıb

Aprelin 4-də Azərbaycan prezidenti İlham Əliyev ilə Konqo prezidenti Deni Sassu-Nqesson arasında təkbətək və geniş tərkibdə görüşlər olub. Daha sonra onların iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, tərəflər əməkdaşlıq, o cümlədən "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı"nı imzalayıblar.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) iki neft emalı zavodu var – Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodu və Türkiyədə "Star" Neft Emalı Zavodu. Amma indi onlarda Aİ-95 və Aİ-98 markalı benzin istehsal olunmur. Halbuki rəsmilər artıq illərdir ölkədə yüksək keyfiyyətli yanacağın istehsal olunacağı barədə açıqlamalar verir.

Əvvəllər Bakı Neft Emalı Zavodunda Aİ-95 istehsal olunacağı açıqlansa da, zavod təmirə bağlanıb və hələ də modernləşdirmə işləri tam bitməyib. Rəsmi məlumata görə, yeniləmə hələ 2027-ci ildə tamamlanacaq.

+++

Konqo Respublikasının prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycana gəlib.

Hazırda Konqo Respublikası kimi tanınan ərazi 1880-ci illərdən 20-ci əsrin ortalarınadək Fransanın müstəmləkəsi olub. 1960-cu ildə Konqo Respublikası müstəqilliyini elan edib.

Son vaxtlar Azərbaycan və Fransa arasında münasibətlərdə gərginlik müşahidə edilir.

Fransa rəsmiləri Bakını etnik, insan hüquqları ilə bağlı pozuntularda, Azərbaycan rəsmiləri isə Parisi bır sıra Afrika xalqlarına münasibətdə istismarçılıqda günahlandırırlar.

Həmkarlar ittifaqı fəalı 3 il azadlıqdan məhrum edilib

Ayxan İsrafilov
Ayxan İsrafilov

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin narkotikdə ittiham olunan üzvü Ayxan İsrafilovun işi üzrə proses başa çatıb.

Məhkəmə onu Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə təqsirli bilib və 3 il müddətinə azadlıqdan məhrum edib.

Müdafiə tərəfi polis bölməsindəki videomüşahidə kameralarının görüntülərinə baxılması, habelə İsrafilovun üzərində narkotik vasitə olduğu haqqında məlumat verən mənbənin dindirilməyə çağırılması ilə bağlı vəsatət qaldırıb. Lakin bu və digər vəsatətlər təmin olunmayıb.

Prokuror İsrafilovun 5 il müddətinə həbs edilməsini təklif edib.

Vəkil Fariz Namazlı son sözündə qeyd edib ki, İsrafilovun işi üzrə istintaq qanun pozuntusu ilə aparılıb, buna görə də o, məhkəmədə ona bəraət verilməsini istəyib.

İsrafilov özü həmkarlar ittifaqı çərçivəsində fəaliyyətinə görə təqib olunduğunu bildirib.

Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.

A.İsrafilov 2023-cü ilin avqustunda həbs olunub.

Xatırlatma

Ötən il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və "Kuryer Birliyi" Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər. Elə həmin gün bu konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən saxlanıb. Bu dəfə onun haqqında cinayət işi başlanıb və hazırda da həbsdədir.

Avqustun 4-də isə "İşçi Masası"nın üzvü Elvin Mustafayev narkotik ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il həbs cəzası verilib. E.Mustafayevdən bir neçə gün sonra isə A.İsrafilov həbs edilmişdi.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını müdafiə etdiklərinə, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyir.

Hökumət rəsmiləri isə ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Cənubi Qafqazda olub

Abram Peyli
Abram Peyli

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Peyli Cənubi Qafqaz paytaxtlarında regional səfərdə olub.

O, Bakı, Tbilisi və Yerevanda yüksək vəzifəli məmurlarla görüşlər keçirib və danışıqlar aparıb.

A.Peyli aprelin 1-də səfərin yekunlarına dair X platformasındakı hesabında belə yazıb: "Cənubi Qafqaza konstruktiv bir səfər idi. İran rejimini, sanksiyaları, bu rejimin sabitliyi pozan hərəkətlərinin aradan qaldırılması səylərini müzakirə etmək üçün yüksək vəzifəli rəsmilər və özəl sektorun nümayəndələri ilə görüşdüm".

O, Bakıda prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Səfərlə bağlı Azərbaycanın rəsmi qurumlarından hər hansı açıqlama olmayıb.

A.Peylin bu açıqlamasına İranın Azərbaycandakı səfirliyinin də, hələlik, münasibəti bəlli deyil.

Tehran İranın nüvə proqramını beynəlxalq nəzarət altına alan razılaşmadan imtina etdiyinə və insan hüquqları ilə bağlı pozuntulara görə son illər Qərb ölkələrinin müxtəlif sahələr üzrə yeni sanksiyalarına məruz qalıb.

İran ilə ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniya arasında 2015-ci ildə bu ölkənin nüvə proqramı üzrə Uzunmüddətli Birgə Fəaliyyət Planı imzalanıb. Sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı, bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi. ABŞ prezidenti Donald Tramp administrasiyası 2018-ci ildə sazişdən çıxaraq sanksiyaları bərpa edib. O bildirib ki, İran sazişə əməl etmir.

İran buna cavab olaraq razılaşma ilə nəzərdə tutulmuş öhdəliklərindən imtina etməyə başlayıb

Azərbaycan futbolunda Rövnəq Abdullayev dövrü bitdi

Uşaq futbolunun qarşısında ən böyük maneə...
Gözlə

No media source currently available

0:00 0:05:15 0:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) yeni prezidenti seçilib.

2008-ci ildən AFFA-ya SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayev rəhbərlik edirdi.

R.Abdullayev 2022-ci ilin fevralında prezident İlham Əliyevin sərəncamı ilə SOCAR prezidenti vəzifəsindən azad edilib. O, iqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilib. R.Abdullayev 2005-ci ildən SOCAR-ın prezidenti idi.

2022-ci ilin iyulunda SOCAR prezidenti vəzifəsinə R.Nəcəf təyin olunub. Bundan əvvəl o, SOCAR-ın birinci vitse-prezidenti vəzifəsində çalışıb.

Son hesabatda Azərbaycanın futbol üzrə milli komandası FIFA reytinqində 113-cü yerdə qərarlaşıb.

Əziz Orucovun apellyasiya şikayəti təmin edilmədi

Əziz Orucov
Əziz Orucov

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti bu gün, aprelin 1-də təmin edilməyib.

Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

Səbail rayon Məhkəməsinin həmin qərarı martın 19-da qəbul edilmişdi. Onda həm Ə.Orucovun, həm də bu televiziyanın əməkdaşı Şamo Eminovun ilkin həbs müddəti uzadılmışdı.

L.Orucova Ə.Orucov ilə bağlı Səbail və Bakı Apellyasiya məhkəmələrinin qərarlarını əsassız sayır: "Noyabrdan bir dənə də olsun istintaq hərəkəti aparılmayıb".

Bu açıqlamaya, hələlik, istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Orucov ötən il noyabrın 27-də saxlanıb və qanunsuz tikinti aparmaqda ittiham olunub, məhkəmə onu ilkin olaraq üç ay müddətinə həbs edib. Sonra həbs müddəti uzadılıb. Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

"Kanal-13" ilə əməkdaşlıq edən jurnalist Ş.Eminov isə dekabrın 22-də saxlanıb və qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycanda son aylar 10-a qədər jurnalist tutulub. Onların çoxuna qaçaqmalçılıq ittihamı verilib. Onlar ittiham ilə razılaşmırlar və onu peşə fəaliyyətləri ilə izah edirlər. Amma rəsmilər də ölkədə jurnalistlərin sırf peşə fəaliyyətlərinə görə həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

ABŞ səfiri həbsdə olan jurnalistlərin vəkilləri ilə görüşüb

Mark Libbi
Mark Libbi

Martın 29 da Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Mark Libbi Azərbaycanda saxlanılan jurnalistləri təmsil edən vəkillərlə görüşüb.

Bu barədə ABŞ səfirliyi xəbər verib:

“Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir və Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə, həbs edilən bütün şəxsləri azad etməyə çağırır”.

Bu məlumata, Azərbaycan hökumətinin təmsilçilərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Son aylar Azərbaycanda 10 civarında jurnalist həbs edilib. Onların çoxuna qaçaqmalçılıq ittihamı verilib.

Jurnalistlər ittiham ilə razılaşmır, saxlanmalarını peşə fəaliyyətləri ilə izah edirlər. Amma rəsmilər ölkədə jurnalistlərin sırf peşə fəaliyyətinə görə, həbs edilmələri ilə bağlı deyilənləri əsassız sayır.

Bəzi yerli hüquq müdafiəçilərinin siyahılarına görə, hazırda Azərbaycan həbsxanalarında bir neçə yüz siyasi məhbus var.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Rəsmilərə görə, həmin siyahıda yer alanlar sırf törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Bu gün, martın 29-da Xətai rayon Məhkəməsi "Toplum" internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.

Bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, vəsatət Ə.Məmmədlinin səhhəti ilə bağlı verilmişdi: "Qalxanabənzər vəzdəki şişin həcmi artıb, boğulmalar baş verir. Elə məhkəmə iclasında Ələsgər bəyin qan təzyiqi 160-a qalxıb. Ələsgər bəy müalicə olunmasını xahiş edir".

Vəkil məhkəmə qərarını əsassız hesab edir və qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Müdafiə tərəfinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Məmmədli bu il martın 8-də saxlanıb. Martın 9-da Xətai rayon Məhkəməsi barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, qrup halında qaçaqmalçılıqda ittiham olunur. Ə.Məmmədli ittihamı qəbul etmir.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "ToplumTV"nin əməkdaşı da olmaqla 10-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar da ittiham ilə razılaşmır, onu siyasi sifarişli hesab edirlər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayır.

Davamı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG