Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 10:22

'Vova əmi, səninləyik' mahnısı valideynləri narazı salıb


Rostovda «Uşaq qoşunları»nın Paradı

Sibirin ucqar Nijnevartovsk şəhərindəki uşaq bağçalarının birində azyaşlı uşaqlara Vladimir Putinə sədaqət andı içməkləri haqda ziddiyyətli mahnı oxudulub. Hadisə haqqında müsahibə verən yerli jurnalisti isə buna görə işdən çıxarıblar.

Yerli N1 telekanalının jurnalisti Aleksandra Terikova iyunun 6-da işdən çıxarılıb. Kanalın baş direktoru Rinat Karimov deyib ki, belə «siyasi iddiaları» olan adam gərək gedib müstəqil «Dojd» telekanalında işləsin.

N1 telekanalının baş redaktoru Lyudmila Kozlova AzadlıqRadiosunun sorğusuna cavab olaraq Terikovanın işdən azad edildiyini təsdiqləyib. Ancaq o, bunun siyasi narazılıqla deyil, Terikovanın şirkətin qaydalarını pozması ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Terikova «N1-in adından siyası mövqe ilə ictimai çıxış edib».

«Təkrar edirəm, Terikova bir ana kimi hər hansı ictimai bəyanat verə bilər, ancaq bizim adımızdan yox», – deyə Kozlova radioya yazılı cavabında bildirib.

«Vova əmi, biz səninləyik»

Terikova mayın 24-də keçirilmiş konsertin Instagram-da paylaşılmış videosuna diqqət çəkib. Videoda 68 saylı uşaq bağçasının 4-5 yaşlı uşaqları «Vova əmi, biz səninləyik» adlı mahnı oxuyurlar. Vyaçeslav Antonovun bəstələdiyi bu mahnıda «Vova əmi» adı ilə Putinə xitab edilir.

İfrat sədaqət ifadə olunan bu mahnı ötən ilin payızında Volqoqradda məktəb şagirdlərinə oxudulmuşdu. Uşaqların polis geyimində oxuduğu mahnı o zaman da ziddiyyətlə üzləşmişdi. Həmin video Rusiya Dövlət Dumasının hakim partiyadan olan üzvü Anna Kuvıçkonun təşəbbüsü ilə hazırlanmışdı.

Mahnının dinləyənləri şoka salan sözləri arasında bu kimi ifadələr var: «Yer üzündə sülh naminə ali baş komandan bizi son döyüşə çağırarsa, Vova əmi, biz səninləyik!»; «Sevastopol və Krım bizimdir, biz onları öz uşaqlarımız üçün qoruyub saxlayacağıq. Biz Alyaskanı, ana vətənimizin limanını bərpa edəcəyik».

Terikovanın qızı Alisa da Nijnevartovskdakı konsertdə oxuyub. Terikova özünün Instagram postunda belə yazıb: «Nədənsə mən Alisanı son döyüşə göndərmək istəmirəm».

N1 telekanalı özünün VKontakte sosial şəbəkəsindəki səhifəsində onlayn sorğu paylaşaraq öz işi barədə yerli sakinlərin fikrini soruşub. Respondentlərin 68 faizi mənfi fikir bildirib.

«Uşağımı son döyüşə göndərməzdim»

«Mən uşaqların çıxışına qarşı idim, əks halda bunu paylaşmazdım. Hesab edirəm ki, bu, əsl Hitler Gəncliyidir (nasist Almaniyasında fəaliyyət göstərmiş «Hitlerjugend» təşkilatı nəzərdə tutulur). Hər şeydən öncə hazırkı prezidentimiz və Krımın bizim olması haqda bütün bu fanatik mahnılar sadəcə ...zərərlidir. Onlar hansısa böyük zəkanın məhsulu deyil və siz onları yaymaq üçün əsl səfeh olmalısınız. Ancaq bu bizim bəzi müəllimlərə və valideynlərə şirin görünür», – Terikova AzadlıqRadiosuna deyib.

«Mən öz uşağımı nə Vova əmiyə görə, nə də hakimiyyətdə olan hər hansı başqa bir əmiyə görə son döyüşə göndərməzdim, heç özüm də getməzdim. Mahnının sözləri intihara çağırış kimi anlaşıla bilər», – deyə o əlavə edib.

N1 telekanalının onlayn sorğusunun altında şərh yazan istifadəçilər də buna bənzər fikirlər bildiriblər.

Terikova qızının heç mahnıdakı «hegemon» sözünü anlamadığını, mahnıda bu sözü «begemot» kimi tələffüz etdiyini deyir.

Şəhərin Təhsil İdarəsinin rəhbəri Edmond İqoşin radioya valideynlərin iradları ilə razılaşdığını bildirib: «Hesab edirəm ki, bu halda musiqi rəhbəri və valideynlər uşaqların yaş həddini nəzərə almalı idilər. Bağça uşaqlarının oxuması üçün belə bir mahnının seçilməsindən narazı valideynlərlə razıyam».

Günün bütün mövzuları

XS
SM
MD
LG