Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:39

Onun ad gününə yarım milyon, dəfninə 2 milyon insan gəlmişdi


Viktor Hüqo

Google özünün əlamətdar tarixi günləri qeyd edən Doodle çərçivəsində bu həftə məşhur fransız yazıçısı Viktor Hüqonun həyat və yaradıcılığını yada salıb.

The Daily Telegraph” qəzeti yazır ki, Hüqonun adını ədəbiyyat əbədiyyətinə həkk edən onun “Notrdam qozbeli” əsəri olub.

Lakin Hüqo yalnız bir ədəbiyyat dahisi deyil, həm də siyasətçi, sürgün olunmuş şəxs və hətta müqəddəs kimi də yad edilə bilər.

O, “Səfillər” romanını onilliklərlə yazıb

Hüqo sosial ədalətsizlik və məzlumluq haqqında kitab yazmaq barədə artıq 1830-cu illərdə düşünürmüş.

Lakin “Səfillər” üzərində iş yalnız 1862-ci ildə başa çatıb. Bəzi məlumatlara görə yazıçı bu romanın üzərində 17 il işləyib.

Durğunluqdan özünümüalicə

Belə deyirlər ki, Hüqo bəzən zehni bloklanmaya, yəni durğunluğa məruz qalırmış. Belə vaxtlarda o, bir fəndə əl atırdı. Paltarlarını soyunur və qulluqçuya verirdi. Ona əmr edirdi ki, qapını arxadan qıfıllayıb onu otaqdan buraxmasın və paltarlarını o yalnız işi bitirəndən sonra ona qaytarsın.

Yazıçının əlyazmalarından
Yazıçının əlyazmalarından

Bəziləri deyirlər ki, o tam çılpaq yazarmış, bəziləri isə onun döşəkağına büründüyünü söyləyirlər. Otaqda yalnız masa, qələm və kağız olardı. Başqa sözlərlə azadlığa çıxmaq üçün yalnız yazmaq qalırdı.

Heyrətamiz uzunçuluq

“Səfillər”, ümumiyyətlə indiyədək yazılmış ən uzun romanlardan biridir. Roman uzunluğuna görə 655 min 478 sözlə 20-ci yerdədir. Romanın musiqili versiyası Britaniya səhnəsində oynanan ən uzun müzikldır.

Rəsmən müqəddəs

Bir Vyetnam dini Hüqonu ölümündən 40 il sonra müqəddəs elan edib. Bu din Buddizmin, Taoizmin, Xristianlığın, İslamın və başqa dinlərin qarışığından yaradılıb. Kao Day (Cao Dai) dini hərəkatının əsası 1926-cı ildə qoyulub. Hüqo bu dinin ilk müqəddəslərindən biridir. Başqa müqəddəslərdən Buddanı, İsanı, Məhəmmədi, Janna Darkı, Yulius Sezarı və Konfusini misal gətirmək olar.

"Əyləncəli" toy gecəsi

Hüqonun özü iddia edirdi ki, xanımı, onun hələ uşaqlıq sevgisi olmuş Adel Fuşe ilə toy gecəsində 9 dəfə yaxınlıq edib. Yenə də bəzi rəvayətlərə görə Fuşe cinsi həyatdan o qədər bezibmiş ki, beşinci övladından sonra daha bu "əyləncə" ilə məşğul olmayıb. Onlar 1822-ci ildə evlənəndə hər ikisinin 20 yaşı vardı. Ər-arvad Fuşe 1868-ci ildə vəfat edənədək 46 il birlikdə yaşayıb. Hərçənd Hüqonun bir dəstə məşuqələri də olub və yazıçı ayağısürüşkənliyi ilə məşhur idi.

Onun 79-cu ad günü Fransa tarixində ən izdihamlı tədbir olub

Hüqonun əslində 79-cu ad günündə qeyd edilən 80 illiyi Fransa tarixində ən qələbəlik tədbirlərdən biri kimi qalıb. Evinin qabağında nəvələri ilə oturmuş yazıçının qarşısından 500 min insan keçib. Deyilənlərə görə 5 min musiqiçi onun şərəfinə Fransanın himnini çalıb.

Hökumət onu yoxsul kimi dəfn etmək ricasını rədd edib

Hüqo ölüm yatağında. 1885
Hüqo ölüm yatağında. 1885

Bu izdihamlı ad günündən bir neçə il sonra onun dəfn mərasiminə o qədər insan axışıbmış ki, bu parad 6 saat davam edib. Onun cənazəsi Zəfər Tağının altında torpağa tapşırılıb və dəfn mərasimində 2 milyon insan iştirak edib. Hüqo Panteonda Aleksandr Düma və Emil Zola ilə eyni sərdabəni bölüşür.

O Fransa Dil Akademiyasına üç dəfə seçilə bilməyib

Hüqo Fransada dil məsələlərinə baxan akademiyaya üzv olmaq üçün üç dəfə cəhd edib, amma keçə bilməyib. Ona hər dəfə “Romantik təkamülə” qarşı olan tənqidçilər maneçilik törədirdilər. Nəhayət 1841-ci ildə məqsədinə çatıb və həmin vaxtdan onun siyasi fəaliyyəti başlanıb.

Kral 1-ci Lui-Filipp ona zadəganlıq titulu verib. Bu titul ona həm də ölüm cəzası və sosial ədalətsizliyə qarşı çıxışlar etmək platforması qazandırıb. Hüqo mətbuat azadlığının və Polşaya muxtariyyət verilməsinin qızğın tərəfdarı olub. Üç il sonra yazıçı Fransa Milli Məclisinə seçilib.

Napaleonun inqilabından sonra sürgünə gedib

1851-ci il Fransa inqilabının və Napaleonun qələbəsinin ardınca Hüqo özünü Fransa düşməni elan edib və könüllü sürgünə gedib. O 1870-ci ilədək əvvəlcə Brüsseldə, Britaniyanın Cersi və Gürnzi adalarında yaşayıb. 1868-ci ildə xanımı Adel Fuşe vəfat edəndə yazıçı onun dəfninə gələ bilməmişdi.

Viktor Hüqonun gizli sevgisi Cülyetta Drue
Viktor Hüqonun gizli sevgisi Cülyetta Drue

The İndependent” qəzeti iftixarla yazır ki, Fransa ədəbiyyatının böyük inciləri “ingilis torpağında” qələmə alınıb.

Amma belə görünür ki, Hüqonun ən uzun xəyanəti də burda baş verib. Onun ən vəfalı məşuqələrindən Cülyetta Drue də Görnziyə gəlib və burada yaşayıb. Bu qadın öz hissləri, ehtiras və qısqanclıqları barədə 20 min məktub yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG