Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:11

Çar general-qubernatorundan bəri Dağıstana ilk dəfə rus başçılıq edəcək


Vladimir Vasilyev ilhaq edilmiş Krımın Sevastopol şəhərində çıxış edir (2014, fevral)

Ramazan Abdulatipovun Dağıstan Respublikasının başçısı vəzifəsindən istefasının ardınca bu posta milliyyətcə rusun təyin edilməsi Rusiya mediasında əsl fırtına yaradıb.

Moskovski Komsomolets qəzeti hakim Vahid Rusiya partiyası parlament fraksiyasının sədri Vladimir Vasilyevin təyinatı ilə bağlı məqaləsinə belə bir başlıq verib: “Vrangeldən sonra ilk rus: Dağıstan Moskvanın adamını necə qarşılayacaq”.

İnqilabdan sonra Rusiyanın ağqvardiyaçı hərəkatının komandanlarından biri olan baron Pyotr Nikolayeviç Vrangel keçmiş imperiyanın Şimali Qafqaz da daxil cənubuna hakim idi.

Baron Vrangel
Baron Vrangel

Qəzet yazır ki, bir tərəfdən Vasilyevin əlində Kremllə birbaşa əlaqə və güc nazirliklərinin dəstəyi olacaq, digər tərəfdən isə o, qaçılmaz şəkildə yerli elitanın və əhalinin bir hissəsinin müqaviməti ilə qarşılaşacaq.

Ekspertlər bu təyinatı birmənalı qiymətləndirmirlər.

“Siyasi ekspert qrupunun” rəhbəri Konstantin Kalaçovun fikrincə,Dağıstanda Vasiyevin gəlişinə şad olacaqlar.

Politoloq deyir ki, orada insanlar klanlardan və başçının müxtəlif milli azlıqlardan seçilməsindən beziblər.

Kalaçov bu təyinatı “tarixin yeni mərhələsində general-qubernatorluğun davamı” adlandırıb.

Lakin Siyasi Texnologiyalar Mərkəzinin prezidenti İqor Bunin bu təyinatı general-qubernatorluğun davamı yox, Putinin “tarixi ənənələrdən kənar eksperimenti” hesab edir.

O bildirir ki, Vasilyev yerli klanlardan heç biri üçün “uduş variantı” olmayacaq.

Lakin bütün ekspertlər razılaşırlar ki, Vasilyevi Dağıstanda sadə olmayan qəbul gözləyir.

Başqa bir Rusiya politoloqu – Mixail Vinaqradov ura.ru saytına deyib ki, Vasilyev Dağıstanda federal siyasətin simvolu olacaq.

Lakin bir çox təhlilçilər, xüsusən də Şimali Qafqazla doğmalığı olanlar Vladimir Vasilyevin 68 yaşında olmasına xüsuysi diqqət yetirir və onu müvəqqəti fiqur hesab edirlər.

Kremlyönlü Sosial Tədqiqatlar İnstitutunun eksperti Andrey Kolyadin düşünür ki, “bu seçim çox maraqlı ola bilər”.

Onun fikrincə, Dağıstanda ağsaqqallara hörmət var və Vasilyev də ağsaqqaldır.

Dağıstanda onlarla xalqın nümayəndəsi məskundur
Dağıstanda onlarla xalqın nümayəndəsi məskundur

Znak internet qəzeti də intriqalı başlıq seçib:“Dağıstana general-qubernator gedir”.

Znak yazır ki, Vasilyevin təyinatı Moskvanın ağıllı gedişi sayıla bilər. Hələ sovet zamanlarından burada başçı əsas millətlər olan avar və ya dargin, bəzən isə qumıqlardan təyin edilərdi. Ləzgilər və başqa millətlər bundan narazı qalırdılar. İndi isə kənar adam hamını qane edə bilər.

Məqalədə deyilir ki, Dağıstanda həm də separatizm meylləri güclənməkdədir. Məsələn, noqaylar Dağıstandan ayrılmaq və muxtar vilayət olmaq istəyirlər. Vasilyev bu kimi məsələləri həll etməli olacaq.

Rusiya Qafqaz Xalqları Konqresinin həmsədri Ruslan Kurbanov “Qovorit Moskva” radiosuna deyib ki, Vasilyevin təyinatı Dağıstanda bəzilərinin gözlədiyi kimi müqavimət doğurmayacaq.

O bildirib ki, əksinə, orada liderin milli azlıqlardan təyin edilməsinin “işləmədiyini” başa düşüblər.

68 yaşlı Vladimir Vasilyev polis general-leytenantı və daxili işlər nazirinin keçmiş müavinidir. O 2003-cü ildən bəri Dövlət Dumasının vise-spikeri, hakim Vahid Rusiya partiyası parlament fraksiyasının rəhbəri olub.

Vasilyev 1970-ci illərdən sovet milisinin, sonralar isə Rusiya polisinin sıralarında xidmət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG