Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:21

Behrudi: 'Talıbov məmurları çağırıb soruşa bilər ki, sən bu kitabı oxudun?'


Bukinist

“Bu gün Naxçıvanda işsizlik var, əhalinin bəlkə də 30 faizi İranda, Türkiyədə işləyir. O halda insanlar o kitabları nə cür oxuyacaqlar?..”

Rasim Qaraca: “Vasif Talıbovun haqqını vermək lazımdır”

“Vasif Talıbovun kitab siyahısı bir az həftəbecər idi”, – yazıçı, naşir Rasim Qaraca Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “oxunması zəruri olan” 30 kitablıq siyahısını şərh edərkən belə deyir. “Şübhəsiz ki, bunu Vasif Talıbov özü hazırlamayıb, köməkçisi də olub. Bir neçə beynin məhsuluna bənzəyir. Hərəsi bir dərədəndir. Amma orda faydalı kitablar da çoxdur”, – yazıçı fikrini bu cür davam etdirir.

Buna da bax:​ Vasif Talıbov 'Oxunması zəruri kitablar'ı tövsiyə edir

Rasim Qaraca
Rasim Qaraca

Rasim Qaraca bunun ardınca yüksək vəzifəli şəxslərin, o cümlədən İlham Əliyevin öz kitab siyahısını açıqlamasını gözləyir: “Kitab elə məsələdir ki, burda hətta məcburiyyət də keçərlidir. Vasif Talıbovun siyahısına çox əlavə etmək olar. Əsas məsələ odur ki, dövlət başçısı əlində bir kitab tutsun, özünü kitab oxuyan kimi göstərsin”.

Rasim Qaraca: “Vasif Talıbovun haqqını vermək lazımdır”
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00
Direct-ə keçid

Yazıçı kitabla, onun təbliğiylə bağlı istənilən aksiyanı dəstəklədiyini bildirir: “Bu aksiyanı da dəstəkləyirəm, sərəncam xarakterli olsa belə. Düzdür, kitabla bağlı sərəncam və ya məcburiyyət olmamalıdır. Amma indi adam hesab edir ki, məcburiyyətlə nəsə etmək olar. Hətta bunun özü belə ümumi işin faydasınadır. Diqqət etdinizsə, bu məsələ sosial şəbəkələrdə nə qədər müzakirə olundu, hərə öz siyahısını açıqladı və s. Ona görə də bu adamın haqqını vermək lazımdır. Bu, xoş hadisədir. Diktatura ilə demokratiyanın bir yerdə həlməşik şəkildə pozitiv qarışığıdır”.

Buna da bax:​ İbrahim İbrahimli: ‘Naxçıvanda durum Bakıdakından pisdir’ [video]

Şahbaz Xuduoğlu: “Siyahı tam deyil”

“Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu isə siyahının “tam olmadığı” qənaətindədir. O bu haqda “Facebook” sosial şəbəkəsində yazıb:

“Vasif Talıbovun siyahısı ilə tanış oldum. Təşəbbüsü çox bəyəndim. Məncə, siyahı hələ tam deyil. O siyahıya ən azı 100 kitab daxil olunmalıdır. Siyahı təqribən iki hissəyə bölünməlidir, Azərbaycan klassikası və dünya ədəbiyyatı. Üçdən iki hissənin dünya ədəbiyyatına aid əsərlərin olması daha məqbuldur. Məncə, Təhsil Nazirliyi də belə bir siyahını elan etməlidir. Biz də bir nəşriyyat olaraq məktəblilərin oxuması vacib olan bir siyahı üzərində işləyirik”.

Rüstəm Behrudi: “Bu, az şey deyil”

Buna da bax:​ Eldar İbrahimov: 'Vasif Talıbov deyir ki, oxuyub adam olun'

Şair Rüstəm Behrudi isə AzadlıqRadiosu-na bu haqda daha geniş danışır:

Rüstəm Behrudi
Rüstəm Behrudi

– Ali Məclisin sədrinin kitabla maraqlanması, hesab edirəm ki, diqqətəlayiqdir. Maraqlanmasaydı, neyləyə bilərdik ki? O kitabların Naxçıvana girişini qadağan etsəydi, neyləyərdik? Şəxsən mənim – Rüstəm Behrudinin kitabları Naxçıvanda heç bir kitab mağazasında satışda yoxdur. Deməli, ya yasaqlanıb yoxdur, ya aparmırlar yoxdur, istənilən halda, kitabın satılmasını məqbul saymırlar. O ki qaldı siyahıya, yarımçıqdır. Azərbaycan xalqının böyük ədəbi nəsli var, siyahıda o adlar yoxdur. Azərbaycan xalqını tərbiyə edəcək, ədəbi zövqünü formalaşdıracaq kitablar yoxdur orda.

– Rüstəm bəy, siz hansı müəlliflərin, əsərlərin siyahıda olmasını istərdiniz?

– Mirzə Cəlilin, Hüseyn Cavidin. Onların adı var əslində, amma hərəsindən bir əsər veriblər. Mən istərdim ki, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Hüseyn Cavidin “Əmir Teymur”u orda olsun. Məsələn, Ziqmund Freydin, Nitşenin əsərləri yoxdur. Yəni insan ruhunu oxşayacaq, onu ehtizaza gətirəcək, tərbiyə edəcək kitablar salınmalıdır ora. Amma Freyd, Nitsşe, Şopenhauer yoxdur. Azərbaycan ədəbiyyatının son nəsli, ümumiyyətlə, orda təmsil olunmayıb. Düzgün bir şey deyil. Ancaq böyük mənada Vasif Talıbovun belə bir siyahı tərtib etməsini, Naxçıvana aparmasını yaxşı hadisə sayaram.

Buna da bax:​ Naxçıvanda müstəqil jurnalist olmaq nə deməkdir?..

– Rüstəm bəy, Naxçıvan bölgəsindən olan, oranı, insanlarını tanıyan biri kimi necə düşünürsünüz, sərəncama əməl olunacaqmı – bu kitabları sıravi adamlar oxuyacaqlarmı?

– Adamlara zorla nəsə oxutdurmaq olmaz. Ən axırıncı halda Vasif Talıbov vəzifəyə qoyduğu adamları, məmurları çağırıb soruşa bilər ki, sən bu kitabı oxudun, ya yox? “Oxumasan səni işdən çıxaracam” deməklə, bu şəkildə oxuda bilər. Mən elə fikirləşirəm ki, məmurların 90 faizi bu kitabların heç birini oxumayıb.

Rüstəm Behrudi: "Mən istərdim ki, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Hüseyn Cavidin “Əmir Teymur”u orda olsun".
Gözlə

No media source currently available

0:00 0:07:54 0:00
Direct-ə keçid

– Sizcə, Ali Məclis sədrini belə bir siyahı hazırlamağa nə vadar edib?

– Elə fikirləşirəm, bu, bir az da görüntü yaratmaq üçündür. Mən həmişə deyirəm ki, Bakı gözəl şəhərdir. Ancaq gözəllik insana xidmət etmirsə, orda şeytani nəsə var. Bu gün Naxçıvanda işsizlik var, əhalinin bəlkə də 30 faizi İranda, Türkiyədə işləyir. O halda insanlar o kitabları nə cür oxuyacaqlar?.. Ancaq bütün hallarda bu, son 15-20 ildə irəliyə doğru atılan addımdır. Mən özüm ali məktəbi Naxçıvanda bitirmişəm. Orda məşhur, tayı-bərabəri olmayan bir kitab evi var. Nə kitab çıxırdısa, dərhal ora da gedirdi. Yadımdadır, “Ovod” kitabını həmin mağazada növbəyə dayanaraq iki ay sonra sifarişlə almışdım. 30-40 il əvvəldən söhbət gedir. İndi Naxçıvanda həmin kitab mağazaları yoxdur. Mən özüm Ordubaddanam, ora ziyalı bir yerdir, dəqiq elmlər üzrə alimlərin yarısı bəlkə də ordan çıxıb. Amma bu dəfə ürəkağrısı ilə gördüm ki, artıq Ordubaddakı gəncliyin sonu yoxdur. Burda kitab mağazasını təmirə dayandırıb sonra da şadlıq evinə çeviriblər. O boyda möhtəşəm, ikimərtəbəli kitab evini şadlıq evi ediblər. Ordubadda o qədər boş yer var şadlıq evi tikmək üçün. Kitab evini şadlıq evinə çevirmək cinayətdir. Alman dövlətçiliyinin əsasını qoyan Bismark deyirdi ki, bir iqtidar, bir dövlət elmə, təhsilə, kitaba pul xərcləmirsə, gələcəkdə bunun yüz qat mislini həbsxanaların tikintisinə xərcləyəcək. Bu məni ağrıdır, artıq Ordubadda kitab mağazalarını söküb yerində şadlıq sarayı tikilirsə, bu, nəyinsə sonudur.

Buna da bax:​ 2016-cı il Naxçıvanda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” olubmuş

– Bəlkə Vasif Talıbov bu “son”u hiss edərək belə siyahı ilə çıxış edib?

– Mən də elə düşünmək istəyirəm. Ali Məclisin sədri, o yerin böyüyü, ağası, hökmü-fərmanı belə bir qərar verirsə, bu kitabları Naxçıvana aparırsa, bunu müsbət hal kimi qiymətləndirirəm. Ancaq hansı nəticəni verəcək, onu gözləmək lazımdır. Naxçıvanda qəribə ənənə var. Əgər o kitabları Vasif Talıbov ora aparırsa, məmurların çoxu qorxusundan oxuyacaq. Bəlkə də oxuyandan sonra yaxşılığa doğru dəyişəcəklər. Bunu ciddi deyirəm, Vasif Talıbov orda söz yiyəsidir. Ən azından, məmurlarına kitab oxudacaq. Amma bilmirəm özü oxuyacaqmı?

– Vasif Talıbov özü necə kitab oxusa, dəyişiklik gözləmək olar?

– İstənilən adam, tək Vasif Talıbovu demirəm, ziyalı, dünyadan xəbəri olan adam, hətta ciddi deyirəm, ölümün olduğunu bilən adam o kitabları oxusa, hiss edəcək onları. Mən düşünürəm ki, o kitabları hiss edəcək. Vasif Talıbov Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. Nə cür oxuyub bilmirəm, bizdən iki aşağı kursda oxuyub... Bilirsiniz, Vasif Talıbovun bəzi işlərini qəbul edirəm, bəzilərini yox. Kəndlərin hamısında çayxanaları sökdürüb, məsələn, axşam kənd camaatı, adətən, ya meydana yığışır ya da çayxanaya, orda fikirlərini bölüşürlər. Amma indi bu çayxanaların hamısı yığışdırılıb. Məsələn, Ordubad rayonunda bir çayxana yoxdur ki, axşamçağı bir dost-tanışla çay içəsən, fikrini bölüşəsən. Kənd deyəndə, adamın ağlına mal-qara, naxır, örüş gəlir, kəndlərdə yolların qırağından tövlələri yığışdırıblar, hətta tövlə yoxdur. Çörək bişirmək üçün yeraltı təndirlər vardı, o təndirlər artıq yoxdur, hamı mağazadan çörək alır. Bu şeyləri qəbul edə bilmirəm... Amma kitab məsələsinə sevindim. Mükəmməl siyahı olmasa da, sevindim. Ən azından, Vasif Talıbov günlərin bir günü bu kitabların oxunmasını məqbul hesab edib. Bu, az şey deyil. Nəticəsini isə gözləyək, görək necə təsir edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG