Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:03

Evlərdə müalicə alan uşaqlar var... [video]


Sumqayıt şəhər Uşaq Xəstəxanası. 12iyun2017
Sumqayıt şəhər Uşaq Xəstəxanası. 12iyun2017

Sumqayıt şəhəri və Tağıyev qəsəbəsindəki xəstəxanalara yerləşdirilən uşaqlar zəhərlənənlərin heç də hamısı deyil. Xeyli sayda uşaq var ki, onlar evdə, həkim nəzarəti altında müalicələrini davam etdirirlər.

Bu haqda AzadlıqRadiosu-nun Sumqayıt şəhəri və Tağıyev qəsəbəsində olan əməkdaşlarına yerli sakinlər bildiriblər.

Zəhərlənmə əlamətləri: Qızdırma, halsızlıq, qaytarma...

Xəstəxanaya yerləşdirilən uşaqların valideynləri deyir ki, xəstələrdə müşahidə edilən əlamətlər eynidir.

Buna da bax:​ 136 uşağı zəhərləyən virusun adı açıqlandı

Sumqayıt şəhər Uşaq Xəstəxanasına yerləşdirilmiş 1 yaş 2 aylıq körpənin valideyni Namiq Sultanov bildirir ki, körpədə halsızlıq yaranıb, tez-tez qaytarırmış.

“Durumu yaxşı deyil, xəstəxanaya gətirdiyimiz kimidir, sistem qoşulub. Həkimlər də dəqiq diaqnoz demir. Bəzisi qidadan, bəziləri də sudan zəhərləndiyini deyir. Bildirirlər ki, güclü virus yayılıb, mədə-bağırsaq sistemini pozur”, – valideyn bildirir.

Başqa valideynlər də həkimlərin dəqiq diaqnoz qoya bilmədiyini, zəhərlənmənin sudan və mövsümi meyvələrdən ola biləcəyini ehtimal etdiklərini söyləyir.

Zeynalabdin Tağıyev qəsəbəsinin zəhərlənmədən zərər çəkəm sakinləri də nə bəlaya düşdüklərini bilmirlər.

Buna da bax:​ Ekspert: 'Krandan su içmək düzgün deyil'

Su və mövsümi meyvə

“Həkimlər güclü infeksiya olduğunu deyirlər. Ümid verirlər ki, yaxşı olacaq. Onlar da sudan şübhələnir. Virus haqda bir şey demirlər. Uşaqların qızdırması var, yediklərini qaytarırlar. Ancaq körpə uşaqlardır, çiy su içmirlər, qida kimi mövsümi meyvə qəbul etməyiblər”, övladı Tağıyev qəsəbə xəstəxanasında yerləşdirilən valideyn Cəfər Cəfərli deyir.

Sumqayıt şəhər Uşaq Xəstəxanası. 12iyun2017
Sumqayıt şəhər Uşaq Xəstəxanası. 12iyun2017

Xəstəxanada yerləşdirilən 3 aylıq körpənin valideynlərindən Buğday Zeynalov da nəql edir ki, onun qızdırması olub. “Çox əhəmiyyət vermədik, körpədir, ola bilər deyə. Ancaq axşam halı pisləşdi. Xəstəxanaya yerləşdirdik. Səbəbini deyən yoxdur. İndiyədək belə bir durum olmamışdı”.

O, deyir ki, zəhərləndiyi güman olunan uşaqların qızdırması da fərqlidir, temperatur bir az yüksələn kimi az qala özlərindən gedirlər.

Buna da bax:​ “Azərsu”ASC: “ uşaqlar sudan zəhərlənməyib”

Tağıyev qəsəbəsində zəhərlənmə əlamətləri olan, ancaq xəstəxanaya yerləşdirilməyən, evdə həkim nəzarətində olan körpələr də var. Onların valideynləri də əməkdaşlarımıza sudan şübhələndiklərini deyiblər.

AzadlıqRadiosu-nun əməkdaşları Tağıyev qəsəbəsi sakinləri ilə suyun keyfiyyəti ilə bağlı da söhbətləşiblər. Sakinlər deyir ki, son vaxtlar suyun keyfiyyətində pisləşmə nəzərə çarpıb.

Həkim: “3-4 günə bütün uşaqların səhhəti düzələcək”

Sumqayıt Uşaq Xəstəxanasının şöbə müdiri Səhrin Babayev çox ciddi problemin olmadığını deyib.

Buna da bax:​ Son 3 gündə Sumqayitda 119 uşağa infeksiya düşüb

Səhrin Babayev
Səhrin Babayev

“Bizdə 50 palata var. Hazırda doludur. Qeyri-adi durum deyil, bu normal vəziyyətdir. Həyəcana əsas yoxdur. Ötən il də elə belə olmuşdu”, – deyən həkim uşaqların zəhərlənməsinə daha çox mövsümi meyvə qəbulunun səbəb ola biləcəyini deyib.

O, Bakıdan, Səhiyyə Nazirliyindən mütəxəssislərin uşaqların müalicə və müayinəsinə cəlb olunduğunu bildirib.

“3-4 günə bütün uşaqların səhhəti düzələcək. Qanazlığı olan, başqa xəstəlikdən əziyyət çəkənlərin bərpası bir az uzun vaxt aparacaq”, – deyə həkim nikbin danışıb.

Səhiyyə Nazirliyi xəstə uşaqlarda “Rotavirus” virusunun aşkarlandığını açıqlayıb. Bunun su ilə yoluxduğu nəzərə alınaraq, yayılmanın su paylayıcı şəbəkədəki nöqsanlarla bağlı ola biləcəyi ehtimal edilir.

Buna da bax:​ Azərbaycanda hansı qidalardan zəhərlənmək olar

Rəsmi: “Hadisə çirklənmiş sudan baş verib”

Uşaqların zəhərlənməsinin səbəblərini gün boyunca Səhiyyə Nazirliyinin Sumqayıtda və Tağıyev qəsəbəsində olmuş nümayəndələri araşdırıblar.

Uşaqlar arasında “Rotavirus” infeksiyasının aşkarlandığını açıqlayan Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov bildirib ki, zəhərlənmə su paylayıcı şəbəkəyə patogen tərkibin düşməsi ilə bağlı ola bilər.

Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev də zəhərlənmənin su paylayıcı şəbəkə ilə bağlı olduğunu ifadə edib.

“Xəstələrin hər biri ilə sorğu aparıldı, gərəkli məlumatlar toplandı. Məlum oldu ki, bütün valideynlər uşaqlarına çiy su veriblər. Bütün o ərazidə vətəndaşların istifadə etdiyi sulardan nümunə və xəstə uşaqlardan nəcis kütləsi götürüldü. Nəcis müayinələri də bizim ehtimallarımızın doğru olduğunu göstərdi. “Rotavirus”, əsasən, kiçik yaşlı uşaqlarda olur. Suyun hansı şəraitdə çirklənməsi bizə məlum deyil. Amma hadisə çirklənmiş sudan baş verib. Tədqiqatlar davam etdirilir”, – İ.Abdullayev bildirib.

Buna da bax:​ 'Azərsu' kütləvi zəhərlənmə ilə bağlı suyu müayinə edir

136 uşağı zəhərləyən, böyük ehtimalla, sudur
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Xatırlatma

İyunun 9-u, 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən 119 uşağın zəhərlənmə əlaməti ilə Sumqayıtdakı xəstəxanaya gətirildiyi bildirilir. Uşaqlardan bir hissəsi ilkin müdaxilədən sonra evə buraxılıb. 60-a yaxını isə xəstəxanaya yerləşdirilib.

Valideynlər infeksiyanın sudan düşdüyünü təxmin edirdilər. Ancaq «Azərsu» ASC sudan nümunələr götürüldüyünü və bu deyilənlərin təsdiqlənmədiyini bəyan edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG