Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:41

Miskin Bakı mənzərəsi


►Bulvarın istər ucuz, istərsə bahalı kafelərinə ayaq basınca eyni durumla üzləşirsən. Çevrəndəki adamları görə-görə ofisiant yenə soruşur: “Neçə nəfərsiniz?”

Ramin Deko

(AzadlıqRadiosu üçün)

MİSKİN MƏNZƏRƏ

Ötən əsr Bakısının fotosuna baxanda, tam ayrı mənzərə diqqət çəkir: İnsanların gözündə işıq görürsən, sanki yaşamağa bəhanə axtarırlar. Həyat o qədər canlı görünür ki, hətta “quş uçuşu”ndan çəkilən şəkillərdə - iynə ucu boyda nəzərə çarpan adamların da üzündə sevinci, yaşamaq eşqini hiss etmək olur. Amma indi... İndi zaman bezib, küsüb insanlardan sanki. Bəlkə də gününü çürüdən, yola verən insanlardan özünü ayırıb zaman...

Canlı heç nə yox...

Üzləşdiyin sualların cavabını tapmırsan. Elə təsəvvür yaranır ki, illər ötsə də cavab yenə tapılmaz.

Bakı bulvarına baxın. Göydə ulduzlar sayrışmayanda da, buralar par-par yanır. Paslı dəmir rəngli heykəllərlə yanaşı duran cütlüklərin fotoaparatlarından işaran ani parıltılar, şahə qalxan fontanların musiqili işıq sayrışmaları, restoran və çayxanaların közərən lampaları göydəki ulduzların yerdəki nümayəndələridir. Ancaq həmin işıqların iynə ucu boydasını da insanların gözündə görməzsən.

Bulvara dincəlməyə gəlib yeyin addımlarla gəzənlər də var, öndəkilərə çatmaq üçün qaçanlar da. Bir cütlük o yana gedir, bir cütlük bu tərəfə gəlir. Qol-boyun olan kim, əl-ələ tutan kim, qışqıra-qışqıra, savaşa-savaşa irəliləyən kim. Ancaq canlı heç nə yox - hətta restoranlarda canlı musiqi ifa edənləri də heç kim görmür. Yalnız səs eşidə bilirsən, sanki kimsə o tərəfdə hansısa mahnını oxuyur. Qalxdığı zili, düşdüyü bəmi də adamlara yaddır...

Niyəsi də odur ki, Sahil Bağı – Bakı Bulvarı iki hissəyə bölünüb, qaranlıq və işıqlı hissələrdən ibarətdir. Bu nə nonsens - qaranlıqda öləziyən bir həyat, işıqda da canını tapşırmış bir mənzərə... Gecə və gündüzə ayrılan bulvarda susmaq, susqunluğa tapınmaq istəyənlər qaranlığa can atırlar...

Susan şahid

...Ya sevgilinlə əl-ələ tutub dənizə tamaşa etməli, bir az sevinməli, bir az gülməlisən, ya da damağına siqaret qoyub mağmın şəkildə xəyallara dalmalısan. Başqa nə mümkündür?! Heç nə!..

Ləpələri döyəclədiyi yerdəki daş oturacaqlar tez-tez boşalıb dolur. Ayrı-ayrı sakinləri qucağına alan, cütlüklərin pıçıltısına şahidlik edən dəniz də susqunca dayanır. Şahiddir, ancaq nə sifarişlə üzə durur, nə də bir kimsəyə yardım əlini uzadır. Sadəcə, baxır. Tək-tənha adamları dinləsə də, yardımçı olmur. Özünü ağuşuna atanları isə anındaca öldürür. Hələ indiyədək kimsəni bağışlamayıb, bir dəfə də olsun güzəştə getməyib Xəzər...

...Ya sevgilinlə əl-ələ tutub dənizə tamaşa etməli, bir az sevinməli, bir az gülməlisən, ya da damağına siqaret qoyub mağmın şəkildə xəyallara dalmalısan. Başqa nə mümkündür?! Heç nə!..

Baş gicəlləndirən karusellər, balaca-balaca qatarlar, ucuz-bahalı kefələr kimsəyə yardım etmir. Olsa-olsa, səni bir neçə dəqiqəlik özündən, problemindən ayırır. Sonra yoldan ötən birinin yoldaşına dediyinə qulaq şahidi olanda, özünə qayıdırsan. Axı insanlar eyni olduğu kimi, problemləri də oxşardır. Birrəngli və bir biçimli cəmiyyətdə - fərqli, rəngarəng olmayan bir yerdə xüsusi bir şey axtarmağa nə ehtiyac?

Sadəni sevməyənlər

Bulvarın istər ucuz, istərsə bahalı kafelərinə ayaq basınca eyni durumla üzləşirsən. Çevrəndəki adamları görə-görə ofisiant yenə soruşur: “Neçə nəfərsiniz?”. Cavabı eşidincə, növbətisi gəlir: “Çayla içməyə nə olsun?”. Sadə menyu sifariş edənləri o qədər də sevmirlər. Qəliz quruluşda sadəliyə yer yoxmuş...

Bir küncə qıslıb həmsöhbətinə qoşulursan. Yoldan ötənlər sənə, sən də başqasına baxdığın anda sifarişlər masaya düzülür. Əlavə bir söz soruşmaq keçir könlündən, ancaq susursan. Çünki hər verdiyin suala cavab almadan daha bir neçə sual üstünə şığıyır. Elə ən yaxşısı hamı kimi, danışa-danışa susmaqmış...

Miskin mənzərə

Susmayanlar yalnız uşaqlardır. Dünyadan xəbərsizdilər. Deyib-gülür, tanımadığı adamlarla əylənirlər.

Susmayanlar yalnız uşaqlardır. Dünyadan xəbərsizdilər. Deyib-gülür, tanımadığı adamlarla əylənirlər. Karusellərdə şənlənmək üçün ata-analarından pul istəməyə də fürsət tapırlar. “Yox” cavabı alanların halını göz önünə gətirmək çətin deyil... Ödənişli atraksionlara yaxın dura bilməyən balacalar yaxınlıqdakı çəmənliyin üstündə o üz-bu üzə qaçışırlar. Üzlərindən gülüş əskik olmur. Həyatı tam anlamasalar da, dadını çıxara bilirlər. Ara-sıra da olsa, bəzi uşaqların əlindəki oyuncağı satması bulvarın diqqət çəkən mənzərələrindən sayıla bilər...

...Diqqət çəksə də, çox miskin mənzərədir - evində dərs oxumalı, səhər məktəbə hazırlaşmalı uşaq öz yaşıdına oyuncaq satır...

“Bu tapançanı istəyirsənsə, atana de, alsın sənə, ucuzdu!..” - bu kəlmələr, bəlkə də günboyu, satan və almaq istəyən uşağın valideynlərinin qulağında səslənir.

Ayaqyalın uşaq ayaqqabısı çirkli yaşıdına min cür səs çıxaran oyuncaq silah satmaq istəyir... İstəyi boşa çıxınca, mısmırığını sallayıb oradan tezcə uzaqlaşır.

Atasıyla birgə çərpələng uçuran qız onun diqqətini çəkir. “Satıcı” uşaq dərindən ah çəkib, onlara baxır və qızcığazın yerində özünün xəyalını qurur. Sifəti qımışır, üzünə ani təbəssüm qonur. Ancaq bu baxışlar uzun çəkmir. Satmaq üçün dükandan götürdüyü oyuncaqları bərk-bərk sinəsinə sıxıb, yeni müştəri tapmaq ümidilə yoluna davam edir...

***

O tərəf-bu tərəfə var-gəl edən şəkil çəkənlərin də üzü gülmür. Müasir dövr onların bazarını bağlayıb. Daha doğrusu, qapıları qıfıllanmasa da, işləri yaxşı getmir. Saatlarca ayaq üstə dayanıb müştəri gözlərkən, “ay dayı, bizim şəklimizi həkk elə yaddaşa” deyənləri görəndə, azca da olsa, sifət cizgiləri dəyişir. Sanki gülmək istəyirlər, ancaq alınmır.

Saatlar ötdükcə, adamlar dağılışdıqca onların da arzuları puça çıxır. Ümidlərini sabaha saxlayırlar. Evi yaxınlıqda olan mənzilinə yollanır, uzaqda yaşayansa, yolpuluna qənaət üçün şeh düşmüş skamyada mürgüləyərək, səhərin açılmağını gözləyir... Sabahın bu gündən də pis olacağını bilə-bilə...

(Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir)

XS
SM
MD
LG