Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 05:30

“MDB ölkələrində tarazlaşdırılmamış qidalanma uşaqlarda və gənclərdə ağır nəticələrə gətirib çıxarır”.

Beynəlxalq Elmi-Tədqiqat Ərzaq Siyasəti İnstitutunun (International Food Policy Research Institute) və Ərzaq Təhlükəsizliyi üzrə Mərkəzin (Centre for Food Safety) apardığı araşdırmaların yeni açıqlanmış nəticələrində belə yazılır.

Hesabata görə, bəzi ölkələrdə uşaqlarda boy artımında gecikmə aşkar olunub, başqalarında isə qadınlar artıq çəkidən əziyyət çəkirlər.

Buna da bax:​ Dünyada ucaboylar, Azərbaycanda bəstəboylar artır

Sənəddə bildirilir ki, Azərbaycan, Ermənistan və Tacikistanda uşaqların boy artımında gecikmə müşahidə olunur. Bundan başqa, reproduktiv yaşlarda artıq çəkili və anemiyalı qadınların sayı da artır. Bütün MDB ölkələrində, o cümlədən Rusiya və Belarusda böyük nəsil arasında artıq çəkinin həddindən ziyadə artması qeydə alınıb.

Boy artımının gecikməsi əqli inkişafa da təsir edir

Araşdırmaların nəticəsinə görə, əsasən, yeniyetmələrdə boy artımının gecikməsinin əqli inkişafa da mənfi təsiri olur. Bunun səbəbinin keyfiyyətsiz qidalanma və qeyri-sağlam həyat tərzi olduğu bildirilir.

“Bundan başqa, endokrin, genetik və xromosomlarla bağlı xəstəliklər, genetik meyllilik də rol oynayır. Keyfiyyətsiz qidalanmanın mənfi nəticələri həm insanların inkişafında psixoloji, sosial problemlərə, həm də iqtisadi problemlərə gətirib çıxarır”, – sənəddə yazılır

Buna da bax:​ Uşaqları böyüklərin xəstəliklərinə düçar edən nədir?

Səbəblər - qida, idman...

Pediatriya Elmi Tədqiqat İnstitutunun direktoru, professor Nəsib Quliyev sözügedən sahədə Azərbaycandakı durumu şərh edərkən bildirib ki, uşaqların təxminən 6 faizində boy artımında gecikmə müşahidə olunur. Bunun səbəblərinə gəlincə, professor qida məsələsinə diqqəti çəkib.

“Uşaqların alçaqboylu olmasının əsas səbəbi düzgün və keyfiyyətli qidalanmama, kifayət qədər yeməməsidir. Sonradan uşaq alçaqboylu olur və çəkiləri normadan aşağı qalır. Uşaqlar çox vitaminli, keyfiyyətli qidalanmalıdırlar. Problem həm də əmizdirmənin aşağı səviyyədə olmasındadır. Bizdə yeni doğulan uşaqların cəmi 55 faizi süd əmir. Buna çox vaxt ailənin maddi vəziyyəti ilə əlaqədar olaraq stress, böyüklərin qeyri-sağlam qidalanması da səbəb olur. Pul çatışmazlığı bütün ailə üzvlərinin rasionunun məhdudlaşmasına gətirib çıxarır”.

N.Quliyev uşaqların və gənclərin idmana az cəlb edilməsinin də alçaqboyluluqda böyük rol oynadığını deyir.

Buna da bax:​ Uşağı kreativ etmək üçün 25 məsləhət

“Rayonlarda idman-sağlamlıq kompleksləri tikilməsinə baxmayaraq, bu obyektlər işləmir. Çünki bu zallarda məşqlər pulludur...”.

Ümumdünya Səhiyyə Təşkilatının bilgilərində Azərbaycan əhalisi alçaqboylu hesab edilir.

Təşkilatın araşdırmaçıları 1914-cü ildən 2014-cü ilə qədər dünyanın 200 ölkəsində qadınların və kişilərin boyunun artması prosesini təhlil edib. Təhlil əsasında hazırlanan reytinq sıralamasında Azərbaycan qadınları və kişiləri əksər ölkələrdən geridədir - müvafiq olaraq, 113-cü, 115-ci yerlər.

Sıralamada Gürcüstan 49-cu, Türkiyə 79-cu, İran 88-cidir. Rusiyalı kişilərlə qadınların orta boy göstəriciləri 176.5 sm və 165.3 sm təşkil edir. Onlar müvafiq olaraq 42 və 23-cü yerləri tutur.

Dünyanın ən ucaboylu insanları isə Hollandiya, ABŞ və Latviyada yaşayırlar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG