Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:29

Müəllimə: ‘Mən nə uşaq döymüşəm, nə də dəlilik kağızım var...’


Arxiv fotosu
Arxiv fotosu

“3 gün əvvəl 11 yaşlı qızımı Aytəkin adlı tarix müəlliməsi döymüşdü. Yəqin bir də təkrarlanmaz deyə, bu söhbətdən ötüb keçdik. Bu gün isə uşağı lap pis döyüb. Başını dəfələrlə partaya vuraraq, üz-gözünü qaraldıb, xəsarətlər yetirib. Həmçinin şagirdlərin yanında söyüş və təhqirlərlə qışqıraraq öz üstünlüyünü göstərib. Ailə üzvlərimiz etirazlarını bildirib şikayət edəcəklərini dedikdə, müəllimə cavab verib ki, ‘hara istəyirsiniz şikayət edin, onsuz da mənim dəlilik kağızım var’. İndi uşağı tibbi ekspertizadan keçirmək barədə düşünürük”.

Bunu öz "Facebook" səhifəsində keçmiş siyasi məhbus Taleh Xasməmmədov yazıb. Anası Gülnisə Xasməmmədova isə AzadlıqRadiosu-na hadisəni bir qədər də detallı danışıb.

Buna da bax:​ Ana: "Uşağımı bağçada döyüb bu günə salıblar"- (VİDEO)

“UŞAQ HEÇ KƏSLƏ DANIŞMAQ İSTƏMİR”

Gülnisə xanım deyir, iyunun 8-də günorta saatlarında balaca Aysu məktəbdən ağlaya-ağlaya gəlib. Anasına və nənəsinə bir də məktəbə getməyəcəyini deyib. Aysunun üz-gözündəki izləri görən anayla nənə təşvişə düşüb. Aysu tarix fənnini tədris edən Aytəkin müəllimə tərəfindən möhkəm döyüldüyünü bildirib.

Nənə davam edir:

"Aysu ağıllı, tərbiyəli uşaqdır, dərslərini sevir. Bununla belə, bu Aytəkin müəllimə uşağı qaralayıb. 3 gün əvvəl döydü, dinmədik, dişinin dibində şirə qaldı, bu gün yenə döyüb üstümüzə göndərib. Uşaqlar dalaşıb, sinifdə səs-küy salıblar, müəllimə də baş verənləri bu uşaqdan bilib".

Nənə deyir, 11 yaşlı nəvəsi məktəbdən gələndən yorğanı başına çəkib, ağlayır, heç kəslə danışmaq istəmir.

Buna da bax:​ Şagirdi döyən müəllim işdən qovuldu

“UŞAQ VURMAMIŞAM”

Göyçaydakı 5 saylı orta məktəbdə tarix fənnini tədris edən Aytəkin Mikayılzadə AzadlıqRadiosu-na bildirib ki, uşaq baş verənləri evdə valideynlərinə düzgün başa sala bilmədiyi üçün anlaşılmazlıq yaranıb:

– İndicə onlardan gəlirəm. Bu dəqiqə uşaqla danışdıq, valideynləri də gördü ki, belə şey olmayıb. Mən uşaq vurmamışam.

– Nəinki vurmaq, hətta, valideynlərin iddiasına görə, "dəlilik kağızım var" demisiniz...

– Yox, yox, mən belə söz deməmişəm. Uşaqdır da... Anlaşılmazlıq aradan qaldırılıb. Mən nə uşaq döymüşəm, nə də "dəlilik kağızım var" demişəm.

Buna da bax: 20 ildir müəllim işləyənin diplomu necə saxta çıxıb?

POLİSƏ VERİBLƏR

Gülnisə xanımsa deyir, bəli, müəllimə evə gəlib, uşaqla üzləşdirilib, uşaq da müəllimənin üzünə hadisəni olduğu kimi danışıb:

"Uşaq müəllimənin üzünə dedi ki, ‘saçımı əlinə doladın, başımı üç dəfə partaya çırpdın’. Müəllimə bizə gəldiyini düz deyir, ancaq gerisini yalan danışır. Bizimlə nəyi barışdırıb – uşağı döyüb təhqir etməsini? Uşaq otağından çölə çıxmır, uşaqların arasında söyülüb, döyülüb təhqir olunması ona psixoloji pis təsir edib. Biz müəllimənin hərəkətlərindən Göyçay polisinə müraciət etmişik, səhər saat 9-da uşağı ekspertizadan keçirməyə aparacağıq".

Göyçay rayon təhsil şöbəsindən AzadlıqRadiosu-na baş vermiş hadisədən xəbərsiz olduqları bildirilib: "Valideynlər tərəfindən belə bir şikayət gəlsə, mütləq araşdırarıq".

Buna da bax:​ 'Polis dedi ki, 'sənin oğlun təkər yandırıb, polis döyüb''

Xasməmmədovlar isə ilk olaraq polisə müraciət ediblər. Növbəti müraciətləri Təhsil Nazirliyinə olacaq.

XS
SM
MD
LG