Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 05:41

USAID nümayəndəsi: 'Əfsuslar olsun ki, bizə yardım olunmadı'


B.Birman

«Azərbaycanla ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) arasında uzunmüddətli tərəfdaşlıq var idi. Bununla yanaşı onu da qeyd etmək istəyirəm ki, son bir neçə il ərzində USAID-in Azərbaycanda işinə maneçilik törədən müəyyən məsələlər gündəmə çıxıb».

«Turan» agentliyinin xəbərinə görə, bu sözləri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini Brok Birman deyib. O, Azərbaycana üçgünlük səfərinin yekunları ilə bağlı fevralın 28-də mətbuat konfransı keçirib. O vurğulayıb ki, qeyd etdiyi məsələlər tərəflər arasında olan ikitərəfli yardım sazişi ilə ziddiyyət təşkil edir.

B.Birman Azərbaycanın hökumət nümayəndələri ilə çox açıq və səmimi müzakirələrin olduğunu, görüşlərdə öz fikirlərini bildirdiyini deyib.

«Sözügedən çətinliklərin aradan qaldırılmasını gözləyirəm. Yeri gəlmişkən, görüşlər zamanı mənə maneələrin aradan qaldırılmasına dair zəmanətlər verilmişdi. Bu gün sizinlə görüşə gəlməmişdən öncə çox istərdim ki, sizə müsbət bir ismarış çatdıra bilim. Amma, çox əfsuslar, ümumiyyətlə hiss etdim ki, hər hansı bir irəliləyiş olmayıb və problemlər öz yerində qalıb», - USAID-in rəsmisi deyib.

B.Birman USAID-in Azərbaycandakı bundan sonrakı fəaliyyəti ilə bağlı bildirib ki, ədliyyə, kənd təsərrüfatı, vergilər nazirliklərində görüşlər keçirib və müəyyən məsələlərin həll olunması istiqamətində onların yardımını istəyib.

«Bu məsələlər bizim tərəfdaşlarımızın qeydiyyatı və vergilərin ödənilməsinə dair olan məsələlər idi. Əfsuslar olsun ki, bu məsələlərdə bizə yardım olunmadı»,- ABŞ rəsmisi vurğulayıb.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini B.Birman fevralın 25-də Azərbaycana gəlib. O, vergilər naziri Mikayıl Cabbarov, Birinci vitse- prezidentin köməkçisi Elçin Əmirbəyov, kənd təsərrüfatı naziri Heydər Əsədov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ilə görüşüb. Görüşlərdə ikitərəfli əməkdaşlığın müzakirə edildiyi bildirilir.

B.Birman Xaçmaz rayonuna səfər də edib. O, yerli icma üzvləri ilə görüşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG