Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 23:50

Rusiyada 2 milyon dollar rüşvət almaqda ittiham edilən nazirin məhkəməsi olacaq


Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Alexey Ulyukayev

Avqustun 16-da Rusiyada keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin məhkəməsi olacaq.

AzadlıqRadiosu yazır ki, bu, Stalin zəmanəsindən bu yana korrupsiya ittihamları ilə həbs edilmiş ən yüksək vəzifəli hökumət rəsmisidir.

İlkin dinləmə avqustun 8-də bağlı qapılar arxasında Moskvanın Zamoskvoretski rayon məhkəməsində olub. Bu dinləmədə Ulyukayevin ev dustaqlığının müddəti 2018-ci il yanvarın 27-dək uzadılıb.

İddia edildiyinə görə, Ulyukayev 2016-cı il, noyabrın 26-da 2 milyon dollar rüşvət alarkən həbs edilib. Ulyukayevin bu pulun müqabilində Rusiyanın neft nəhəngi Rosneft-ə regional neft şirkəti Bashneft-in nəzarət səhm paketini almasına icazə verdiyi deyilirdi.

Məhkəmə salonunu tərk edərkən Uklyukayev jurnalistlərə özünü təqsirsiz saydığını bildirib.

O deyib ki, rüşvət almayıb və baş verənlər təxribatdır.

Əgər təqsirli bilinərsə, 61 yaşlı Ulyukayevi 15 ilədək həbsxana cəzası gözləyir.

Onun həbsi Rusiya elitası arasında şok yaratmış və prezident Vladimir Putinə yaxın çevrədə siyasi və iqtisadi mübarizənin gücləndiyi barədə mülahizələrə səbəb olmuşdu.

Putin Ulyukayevi onun həbsindən sonra vəzifəsindən kənarlaşdırıb. Ulyukayev İqtisadi İnkişaf Nazirliyinə 2013-cü ildən rəhbərlik edirdi, bundan əvvəl isə bir onillik ərzində Rusiya Mərkəzi Bankı sədrinin müavini olmuşdu.

Ulyukayev dövlət şirkətlərinin kütləvi özəlləşdirilməsinə nəzarət etmiş və əvvəlcə Bashneft-in səhmlərinin Rosneft-ə satılmasının əleyhinə olmuşdu. Ulyukayev yalnız Putin belə bir alqı-satqının dövlət büdcəsini gücləndirəcəyini söyləyəndən sonra mövqeyini dəyişmişdi.

Rosneft-ə Putinin ən yaxın müttəfiqi olduğu söylənən İqor Seçin rəhbərlik edir.

Ulyukayev isə Putinin ətrafındakı daha liberal çevrənin nümayəndəsi sayılırdı.

Ulyukayevin həbsi səs-küylü antikorrupsiya kampaniyasının əsnasında baş vermişdi. Bu kampaniyanın 2018-ci il prezident seçkisi kampaniyasının bir hissəsi olduğu barədə rəy mövcuddur.

2016-cı iyununda Kirov vilayətinuin qubernatoru 400 min avro rüşvət almaqda ittiham edilərək həbs olunub. O hazırda həbsxanadadır və məhkəməsini gözləyir.

Elə həmin ilin sentyabrında Daxili İşlər Nazirliyinin polkovniki Dmitri Zaxarçenko da həbs edilib. Onun Moskva mənzilinə reyd zamanı oradan 120 milyon dollar nəqd pul tapıldığı xəbər verilirdi.

Rusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğu göstərib ki, adamlar Ulyukayevin həbsini klanlararası çəkişmənin təzahürü kimi qəbul edirlər.

Respondentlərin 54 faizi bildirib ki, korrupsiya həbslərinin arxasında hakimiyyətin bölüşdürülməsi uğrunda mübarizə dayanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG