Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:19

Ukrayna separatçılarının liderlərini kim öldürür?


Givi
Givi

Dünən – fevralın 8-də Ukrayna separatçılarının daha bir komandanı – «Givi» ləqəbiylə tanınan Mikhail Tolstykh öldürülüb. Onun ofisində partlayış olub. Rus telekanalları binanın yandığını göstərən kadrları yayımlayıblar.

Hadisəyə görə separatçılar 2 günlük matəm elan ediblər. Donetsk rəhbərliyi bildirib ki, baş verənlər Kiyevin Şərqi Ukrayna vətəndaşlarına qarşı «terroru» davam etdirdiyini göstərir.

Amma Givi-ni Kiyevmi öldürtdürüb?

MOSKVANIN GÖSTƏRİŞLƏRİNDƏN İMTİNA EDİRMİŞ

Qərb mətbuatı separatçı komandanın qətliylə bağlı müxtəlif versiyalardan yazır. «CBC news» deyir ki, 35 yaşlı komandan Givi separatçılar arasında böyük nüfuza malik idi. O, Donetsk aeroportunun ələ keçirilməsi uğrunda vuruşmada, sonralarsa ələ keçirilmiş Ukrayna əsgərlərinə qarşı fiziki zor tətbiq etməklə ad çıxarmışdı. Onun müharibə cinayəti hesab ediləcək əməlləri 2015-ci ildə yayımlanan videolarda açıq görünürdü.

Həm də Givi qətlə yetirilən ilk separatçı deyil. BBC Ukraynada münaqişə başlayanı bir neçə yüksəkrütbəli separatçıya belə müəmmalı hücumların olduğunu, bəzilərinin zəhərləndiyini, ya da özünü asdığını xatırladır.

Kiyev qətllərdən məmnunluğunu gizlətməsə də, ittihamları rədd edir. Ukrayna rəsmilərinin dediyinə görə, bu qətllər ya separatçıların arasındakı şəxsi münaqişələrin nəticəsidir, ya da Rusiya yerlərdə populyar olan liderləri aradan götürməklə öz nüfuzunu möhkəmləndirməyə çalışır.

Ukrayna parlamentinin üzvü Dmytro Tymchuk hesab edir ki, Givi son zamanlar Moskvanın göstərişlərini yerinə yetirməkdən imtina edirmiş.

Aleksandr Khodakovsky
Aleksandr Khodakovsky

«BAŞQALARINI DA İNCİTMƏYİN»

Ukraynanın Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik jurnalistlərlə söhbətində Givi-ni öz əsgərlərinin də öldürməsi ehtimalının olduğunu deyib, onun bu yaxınlarda Avdeyevka ətrafında döyüşlərdə xeyli itki verdiyini, buna görə də, yəqin ki, xeyli düşmən qazandığını söyləyib.

«The New York Times» qəzeti yazır ki, bu qətllər digər separatçı komandanları da əndişələndirir. Qəzet qiyamçıların liderlərindən biri – «Vostok» batalyonunun komandiri Aleksandr Khodakovsky-nin «LiveJournal»da Rusiyanın qətllərdə əli olmasına işarə etdiyini xatırladır. «Sizdən xahiş edirəm, mənə qarşı ölçü götürəndə, çalışın başqalarını da incitməyəsiniz», – A.Khodakovsky-nin Rusiya hökumətinə müraciətində belə deyilirdi.

Amma Rusiya da ittihamları rədd edir. Kremlin sözçüsü Dmitry Peskov deyilənlərin mümkünsüz olduğunu, qətli törədənlərin stabilliyi pozmağa çalışdığını söyləyib.

«The New York Times» qəzeti bu qətllərin digər tərəfdən sülh danışıqlarını asanlaşdıra biləcəyini yazır. Çünki Ukrayna müharibə cinayətlərində günahlandırdığı şəxslərin rəhbərlik etdiyi rejimlərlə birbaşa danışıqları rədd edir.

XS
SM
MD
LG