Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:01

Macarıstan dil qanununa görə Ukraynanı hədələyir


Peter Szijjarto və Petro Poroshenko
Peter Szijjarto və Petro Poroshenko

Macarıstan Ukraynanın Avropayla inteqrasiyasını əngəlləyəcəyi ilə hədələyib. Səbəb Kiyevin ziddiyyətli təhsil qanununu imzalamasıdır. Tənqidçilər bu qanunun məktəblərdə milli azlıqların dillərinin tədrisini məhdudlaşdıracağını söyləyirlər.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto sentyabrın 26-da deyib ki, bunun Kiyev üçün fəsadları «ağrılı» olacaq.

Ukrayna prezidenti Petro Poroshenko-nun imzaladığı qanunla dövlət məktəblərində beşinci sinifdən sonra Ukrayna dilinin tədrisi məcburidir.

«UKRAYNANI AĞRIDACAĞINA TƏMİNAT VERİRİK»

«Macarıstan Avropa Birliyi daxilində Ukraynanın Avropaya inteqrasiya prosesini irəlilədəcək bütün addımları bloklayacaq», – Szijjarto ölkənin MTI xəbər agentliyinə deyib.

Onun dediklərini Macarıstan hökuməti öz vebsaytında yerləşdirib.

«Bütün bunların gələcəkdə Ukraynanı ağrıdacağına təminat verə bilərik», – Szijjarto söyləyib.

İki ay sonra «Şərq Tərəfdaşlığı»nın Brüsseldə sammiti keçiriləcək. Azad Avropa/Azadlıq Radiolarının ötən həftə gördüyü bəyanat layihəsinə görə, sammitdə, əsasən, AB-nin Ukrayna və daha iki postsovet ölkəsi – Gürcüstan və Moldovayla münasibətləri müzakirə olunacaq.

Yeni qanun digər dillərin tədrisini qadağan etmir; şagirdlər öz dillərini ayrıca fənn kimi öyrənə bilərlər. Poroshenko deyib ki, qanun Ukrayna dilinin təhsil prosesində dövlət dili kimi rolunu artırır və «hamıya bərabər imkanlar yaradır».

AB-DƏN REAKSİYA

Avropa Birliyinin sözçüsü Ukraynanı çağırıb ki, Kiyev vədinə əməl etsin, yeni qanunu Avropa Şurasına təqdim etsin və onun AB standartlarına uyğun gəlib-gəlməməsi barədə ekspert rəyi alsın.

Ukrayna məktəbi
Ukrayna məktəbi

AB sözçüsü Maja Kocijancic deyib ki, belə dil qanunları «diqqətlə tarazlaşdırılmalıdır», Ukrayna dilinin dövlət dili olması hədəfiylə «azlıq və regional dilləri qorumaq ehtiyacı» arasında balans yaradılmalıdır.

Kocijancic deyib ki, Avropa Şurasının rəyi alınandan sonra bu, qanunvericiliyin tətbiqindən öncə nəzərə alınmalıdır.

Poroshenko-nun təminatı Ukraynanın etnik azlıqlarının – polyakların, rumınların və macarların qorxularını önləyə bilməyib. Qanun Ukraynaya qonşu ölkələrdə rəsmiləri də qəzəbləndirib.

Rumıniya prezidenti Klaus Iohannis deyib ki, qanunvericilik azlıq qrupların öz doğma dillərinə çıxışını ciddi məhdudlaşır. O, Kiyevə planlaşdırdığı səfərini təxirə salıb.

RUSİYA AMİLİ

Rusiya da qanunu kəskin tənqid edib, bu ay deyib ki, məqsəd «çoxmillətli ölkədə monoetnik dil rejimi yaratmaqdır».

Dil Ukraynada qızğın müzakirə edilən mövzuya çevrilib. Özəlliklə şərq regionlarda bu, özünü qabarıq göstərir, burada əhalinin çoxu əsas dil kimi rusca danışır.

2012-ci ildə ovaxtkı rusiyapərəst prezident Viktor Yanukovych-in qəbul etdiyi qanun azlıqlara imkan verirdi ki, əhalinin 10 faizdən çoxunu təşkil etdikləri regionlarda öz dillərini öyrənsinlər. Yanukovych iki il öncə küçə etirazlarından sonra Rusiyaya sığınıb.

Kiyev AB ilə daha sıx inteqrasiyaya çalışır. Rusiya 2014-cü ildə buna reaksiya olaraq Ukraynanın Krım vilayətini ilhaq edib, eləcə də ölkənin şərqində separatçıları dəstəkləyir.

İyunda Ukrayna vətəndaşları AB ölkələrinin çoxuna vizasız səyahət hüququ qazanıb.

XS
SM
MD
LG