Rusiya bildirir ki, Moskvanın ricası ilə Ukrayna hakimiyyət orqanları 13 il əvvəl Rusiyada öldürülmüş Amerika jurnalistinin qətlində iştirakı olan şəxsi saxlayıb.
Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk noyabrın 20-də bu şəxsin əslən Çeçenistandan olan Maqomed Dukuzov olduğunu deyib.
Volk deyib ki, 1978-ci ildə doğulmuş Dukuzov Kiyevdə həbs olunub. O Forbes jurnalının Rusiya nəşrinin baş redaktoru Paul Xlebnikov də daxil bir neçə sifarişli qətlin icraçısı sayılır.
Ukrayna Təhlükəsizlik Xidməti – SBU noyabnrın 18-də bildirmişdi ki, Xlebnikovun qətlində şübhəli bilinən şəxs saxlanıb. Lakin bu bəyanatda Dukuzovun adı çəkilməmişdi.
Rusiyada korrupsiya barədə çoxsaylı yazıların müəllifi Xlebnikov 2004-cü ilin iyulunda Moskvadakı ofisinin qarşısında güllələnmişdi. O Forbes jurnalının rus nəşrinin ilk baş redaktoru idi.
Rusiya rəsmiləri bildiriblər ki, Xlebnikovun qətli onun təhqiqatı ilə bağlı idi. O Rusiya maqnatı Boris Berezovski və Çeçenistanın qiyamçı liderlərindən Xojahmet Nuxayevin haqqında kitabların müəllifidir.
Prokurorlar sonradan Nuxayevi bu qətlin təşkilatçılığında ittiham etmişdilər.
Maqomed Dukuzov bu iş üzrə ilkin şübhəlilərdən biri idi, lakin həbsi ərəfəsində yoxa çıxmış və 2004-cü ildən Interpolun siyahısına salınmışdı.
Maqomed Dukuzovun qardaşı Kazbek də daxil üç çeçen həbs edilmiş və qətldə ittiham edilərək mühakimə olunmuşdu. Onların hamısı 2006-cı ilin mayında azad edilmişdi. Növbəti ilə təyin edilmiş məhkəmə ləğv edilmişdi, beləki Dukuzovu tapmaq mümkün olmamışdı.