Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 18:04

Almaniyanın Poroşenko haqqında satirası Ukrayna üçün gülməli deyil


Filmdən kadr

AzadlıqRadiosunun Kiyev müxbiri Christopher Miller yazır ki, Almaniyanın beynəlxalq teleradio yayımçısı Şərqi Avropa liderlərini dolayan gülməli multiplikasiya seriyaları buraxır, lakin liderlərinə həsr edilmiş seriya ukraynalıları qətiyyən güldürməyib.

Bir çox ukraynalılar Poroşenko barədə seriyanın Deutsche Welle (Alman dalğası) şəbəkəsinin Rus xidməti tərəfindən həftəlik Zapovednik proqramında yayımlanmasından qəzəbləniblər.

Onlar deyirlər ki, bu süjet Ukrayna prezidenti Petro Poroşenkonu “nadan dilənçi” kimi təsvir edir və Rusiyanın Ukraynaya qarşı təcavüzünə haqq qazandırmış olur.

Tənqidlərin çoxu bu multfilmdə Poroşenkonun ABŞ prezidenti Donald Trump-dan, Rusiyadan gəlmiş “nəzakətli və yaşıl” marslıları qovmaq üçün silah “dilənərkən”, Ukraynanın bir çox əyalətlərinə xas rus-ukrayna dillərinin qarışığından yaranmış “surjik” ləhcəsində danışmasına aiddir.

Bu süjet 1997-ci ildə çəkilmiş “Qara paltarlı adamlar” elmi-fantastik filmini yada salır. Deutsche Welle kanalının versiyasında Poroşenko piştaxta arxasında dayanmış Trump-la danışır. Bura lombard dükanıdır və vitrin qol saatları ilə doludur. Lakin Trump düyməni basır və piştaxtalar çevrilərəkaltındakı ən müxtəlif silahları ortalığa çıxarır. Poroşenko silahlardan birini yoxlayarkən Trump-ın və özünün yaddaşını silir.

AzadlıqRadiosunun Kiyev müxbiri yazır ki, insanları güldürmək üçün çəkilmiş bu süjet ukraynalılara gülməli gəlmir. Çünki Ukraynanın Krım yarımadası 2014-cü ildə marslılar yox, Rusiya qüvvələri tərəfindən işğal edilib. Rusiyanın peşəkar hərbçiləri bu əməliyyat zamanı yaşıl uniforma geyindiklərindən onları “balaca yaşıl adamlar” adlandırmışdılar. Rusiyanın dövlət mediası isə onlara “nəzakətli insanlar” deyir.

Getdikcə artan sübutlar göstərir ki, Ukraynanın şərqində hökumət qoşunlarına qarşı separatçılarla çiyin-çiyinə Rusiya ordusunun əsgərləri də döyüşürlər. Onların məqsədi qondarma separatçı respublikaların adı altında Luqansk və Donetsk vilayətlərinin böyük ərazilərini Ukraynadan qoparmaqdır. Dördüncü ilinə qədəm qoyan bu münaqişədə indiyədək 10 min insan həyatını itirib.

Kiyev ölkənin şərqindəki Rusiya təcavüzünə son qoymaq üçün dəfələrlə Vaşinqtondan döyüş silahları istəyib. Moskva buna güclü şəkildə etiraz edir. ABŞ-ın Ukrayna münaqişəsi üzrə xüsusi elçisi Kurt Volker deyib ki, Vaşinqton indi Kiyevin bu ricasını fəal şəkildə “nəzərdən keçirir” və bu məsələ Trump-ın masası üstündədir.

Zapovednik proqramını sosial mediada tənqid edən ukraynalılar bu süjeti “təhqiramiz” və “zövqsüz” hesab etdiklərini yazırlar.

Xarkov İnsan Haqlarının Müdafiəsi Qrupundan insan haqları müdafiəçisi Halya Koynaş yazır ki, prodüserlər Rusiyanın Krımı işğal etməsi kimi “həssas” məsələnin ifadəsində “daha böyük ehtiyatlılıq” nümayiş etdirməli idilər.

Ukraynadan bu məsələ ilə bağlı rəsmi açıqlama olmasa da, informasiya siyasəti nazirinin müavini Dmitro Zolotuxin deyib ki, bu süjet Kremlin sevdiyi üslubda çəkilib.

Zolotuxin əlavə edib ki, “yumor Rusiya tərəfinin hibrid fəaliyyətində tez-tez əl atdığı vasitədir”.

Deutsche Welle öz proqramını Tvitter postu ilə müdafiə edib və bildirib ki, şounun premyerasını uğurlu hesab edir.

Deutsche Welle-nin sözçüsü Christoph Jumpelt AzadlqıRadiosuna telefonla verdiyi şərhdə bildirib ki, “bu işin xeyri də, ziyanı da var”.

Jumplet bildirib ki, “satiranın canı onun mübaliğəli olmasındadır”.

Deutsche Welle sözçüsünün dediyinə görə, bu multfilmə artıq müxtəlif ölkələrdən onadək telekanal maraq göstərib. Bunların arasında Rusiyanın müstəqil Dojd telekanalı da var.

Multiplikasiya filminin birinci seriyasında Türkiyə prezidenti Recep Tayyip Erdoğan Putinə pomidor satmaq istəyir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG