Ukraynanın millət vəkilləri prezident Petro Poroşenkonun Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyinin tanınması üçün Dünya Pravoslav Kilsəsinə müraciətinə tərəfdar olduqlarını bildiriblər.
Hazırda Ukrayna Pravoslav Kilsəsi formal olaraq Rusiya Pravoslav Kilsəsinə tabedir.
Verxovna Radada bu məsələnin səsə qoyulmasından iki gün əvvəl Poroşenko İstanbula səfəri zamanı Konstantinopol arxiyepiskopu patriarx Varfolomeylə görüşmüşdü.
Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyi haqqında qətnaməyə 268 deputat səs verib. Qətnamənin keçməsi üçün minimum 226 səs tələb olunurdu.
Poroşenko aprelin 19-da parlamentdə etdiyi çıxışda deyib ki, bu qətnamə “tarixi ədalətin bərpası” sayılmalıdır.
Poroşenko bundan əvvəl, aprelin 17-də demişdi ki, Ukraynanın Pravoslav Kilsəsinə avtokefallıq statusunun verilməsi məsələsinə paravoslav kilsələri başçılarının 28 iyul yığıncağında baxıla bilər.
Kremlin sözçüsü Dmitri Peskov Moskvada müxbirlərə deyib ki, Rusiya “kilsələrin parçalanması” əleyhinədir.
Peskov deyib ki, Moskva belə bir təşəbbüsü qəbul edə bilməz.
Moskva Patriarxatının xarici kilsə əlaqələri departamentinin başçısı mitropolit İlarion deyib ki, Rusiya və Ukrayna kilsələri “vahiddir”.
O əlavə edib ki, Konstantinopol Patriarxlığı hər hansı kilsəyə avtokefallıq verilməsi məsələsinə birtərəfli qaydada baxa bilməz.
Kiyev Ukrayna Pravoslav Kilsəsi üzərində Moskva Patriarxatlığının nəzarətini 2016-cı ildən bəri ləğv etdirməyə çalışır.