Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:48

AB Gürcüstan və Ukraynaya vizanı ləğv edir, amma...


Ukrayna pasportu
Ukrayna pasportu

Avropa Birliyi (AB) Gürcüstan və Ukrayna vətəndaşlarının blok ərazisinə vizasız gediş-gəlişinə icazə verəcək.

«Reuters» agentliyi dünən – dekabrın 8-də diplomatların uzun sürən mübahisələrdən sonra yeni sənəd haqda razılığa gəldiyini yazır.

AB rəsmiləri qurum ərazisinə «yumşaq səyahət qaydaları» müəyyən ediblər.

İCAZƏ NƏ VAXT DAYANDIRILA BİLƏR

Yeni sənədə görə, AB ölkələri, yaxud Avropa Komissiyası istənilən ölkənin vizasız gediş-gəliş icazəsini 9 aylığa dayandıra bilər. Daha doğrusu, sığınacaqdan ötrü müraciətlərin sayı həddi keçsə, ya da hansısa ölkənin vətəndaşları blok ərazisində icazə müddətindən çox qalsalar, ictimai, yaxud daxili təhlükəsizlik qaydalarını pozsalar, həmin ölkələrə vizasız rejim ləğv edilə bilər.

Problem həll olunmazsa, birlik vizasız rejimi daha 18 aylığına dayandıracaq.

«Bu anlaşma balanslıdır və birliyin vizadan azadetmə siyasətinin etimadlılığı və effektivliyi baxımından çox vacib sənəddir». Bunu Avropa Şurasının prezidenti, Slovakiyanın daxili işlər naziri Robert Kalinak deyib. Onun sözlərinə görə, yeni anlaşma AB-nin tələblərinə əməl edərək viza rejiminin ləğvinə çalışan başqa ölkələrlə də danışıqlara yol açır.

Almaniyada qaçqınlar.
Almaniyada qaçqınlar.

Yolları açılan, hələ ki, yalnız Gürcüstan və Ukraynadır. Bu iki ölkənin vizasız gediş-gəlişlə təminatının yubadılması həm Tbilisidə, həm də Kiyevdə narazılığa səbəb olmuşdu. Diplomatlar AB-nin vədlərinə əməl etmədiyini, Moskvanın dairəsindən uzaqlaşmağa çalışan ölkələrə yardım etməyə cəhd göstərmədiyini deyirdilər.

HƏLƏ MÜZAKİRƏYƏ ÇIXARILACAQ

Ancaq dünənki razılaşma bütün tərəfləri razı salıb. Ukrayna prezidenti Petro Poroshenko Facebook səhifəsində Brüsseldən yaxşı xəbərlər aldığını yazıb. Gürcüstanın xarici işlər naziri Mikheil Janelidze isə «Gürcüstan Avropadır və xalqımız bunu gün keçdikcə, daha çox hiss edəcək».

«Reuters» yazır ki, vizanın ləğvi məsələsi AB-nin tələblərinin – çətin islahatları gerçəkləşdirməyə çalışan Gürcüstan, eləcə də Ukrayna rəhbərliyindən ötrü çox vacib idi.

Amma Ukrayna və Gürcüstan vətəndaşlarının vizasız gediş-gəlişinə icazə, nəzərdə tutulduğu kimi, ilin axırına deyil, 2017-ci ilin əvvəlinə gözlənir. Diplomatların əldə etdiyi anlaşma hələ Avropa Parlamentində müzakirəyə çıxarılmalıdır.

«Reuters» AB diplomatlarının keçən il Yaxın Şərq və Afrikadan nəzarətsiz miqrant axınına görə ehtiyatlandığını vurğulayır. Cəmi 3.7 milyon əhalisi olan Gürcüstanın quruma elə bir problem yaratmayacağını, Ukraynayla bağlı tərəddüdlərin qaldığını yazır. Çünki Ukraynanın əhalisi nə az, nə çox, 45 milyondur, özü də quruma yaxındır, üstəlik Rusiyayla münaqişəsi davam edir.

XS
SM
MD
LG