İyulun 27-də Ukrayna paytaxtı Kiyevdə minlərlə insan Moskva tərəfindən dəstəklənən dini yürüşə qatılıb və ölkənin Xristianlığı qəbul etməsinin 1030-cu ildönümünü qeyd edib.
Bu yürüşün iştirakçıları Ukrayna Pravoslav Kilsəsinin Moskva tərəfindən dəstəklənən qolunun davamçıları idilər.
Polis yürüşdə 20 min nəfərin iştirak etdiyini bildirsə də, yürüşün təşkilatçıları bu rəqəmin 250 min olduğunu deyirlər.
Yürüşün keçirildiyi saatlarda asayişin mühafizəsi və Ukrayna millətçilərinin törədə biləcəyi mümkün insidentlərin önlənməsi üçün küçələrə 5 min polis nəfəri çıxarılmışdı.
İyulun 27-də prezident Petro Poroshenko Konstantinopol (İstanbul) partiarxı I Bartholomew-nu qəbul etmişdi. Onun Ukrayna hökumətinə tərəfdar Pravoslav Kilsəsinin rəqib yürüşünə qatılacağı gözlənilir.
Kiyev bir vaxtlar “Kiyev Rusiyası” adlı bütpərəst slavyan dövlətinin paytaxtı olub. Məhz bu dövlət 988-ci ildə şahzadə Vladimirin təşəbbüsü ilə Xristianlığı qəbul edib.
Ukrayna Pravoslav Kilsəsi, ölkə 1991-ci ildə müstəqil olduqdan sonra Rusiya Pravoslav Kilsəsindən ayrıldığını elan edib.
Kiyevdə yerləşən Ukrayna Pravoslav Kilsəsi 2014-cü ildə moskvayönlü prezident Viktor Yanukovych-i devirmiş xalq hərəkatını dəstəkləyib.
2014-cü ilin martında Ukraynanın Krım yarımadasının Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqində başlanmış separatçı münaqişə Kiyev və Moskva arasında düşmənçiliyə səbəb olub və elə həmin vaxt Ukrayna Pravoslav Kilsəsinin başçısı Patriarx Filaret “Putinin İblisə əsir olduğunu” söyləyib.
İyulun 27-də keçirilmiş yürüş Ukraynada bir çoxlarını qəzəbləndirib, belə ki, onlar kilsənin Moskva tərəfindən dəstəklənən qolunun davamçılarını Kremlin agentləri hesab edirlər.
Bu arada Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Ukrayna Kilsəsi ilə Moskva arasında nifaq salmamağa çağırıb.
O deyib ki, “Ukrayna Pravoslav Kilsəsinin Moskva Patriarxlığından qoparılması cəhdləri fəlakətə səbəb ola bilər”.