Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 19:55

BMT Ukraynada atəşkəsin hər gün pozulduğunu bildirir


Separatçıların nəzarətində olan Donetskin bir küçəsində

BMT bilidirir ki, şərqi Ukraynada atəşkəsin gündəlik qaydada pozulması daha çox sayda mülkilərin ölümünə və “insan haqları ilə bağlı vəziyyətin daha da ağırlaşmasına” səbəb olur.

BMT-nin İnsan Haqları Ali Komissarlığının dekabrın 12-də dərc olunmuş hesabatında deyilir ki, hökumət qüvvələri ilə Rusiya tərəfindən dəstəklənən separatçılar arasında döyüşlərin şiddətlənməsi avqustun 16-dan noyabrın 15-dək müddətdə 15 mülkinin ölümünə və daha 72 nəfərin yaralanmasına səbəb olub.

Ümumilikdə isə 2014-cü ildə münaqişə başlanandan bəri Ukraynada 2818 mülki sakin həlak olub və 9 minədək insan xəsarət alıb.

Ölənlərin sayına Malayziya Hava Yolları şirkətinin MH17 təyyarəsində həlak olmuş 298 sərnişin də əlavə edilib. Bu təyyarə Ukrayna üzərində 2014-cü ilin iyul ayında vurulub. Hollandiyanın apardığı təhqiqatın nəticələrində təyyarənin Rusiyadan separatçıların nəzarətində olan əraziyə gətirilmiş raket qurğusu ilə vurulduğunu və sonradan bu qurğunun Rusiyaya qaytarıldığını göstərib.

BMT 2014-cü ilin 14 apreli ilə 2017-ci ilin 15 noyabrı arasında münaqişə ilə bağlı 10303 ölüm hadisəsini qeydə alıb. İyun ayında bu rəqəm 2777 mülki də daxil 10 min 90 nəfər idi.

BMT-nin Ukraynadakı insan haqları müşahidə missiyasının rəhbəri Fiona Frazer hesabata əlavə olunmuş bəyanatında döyüşlərin bir gün də olsa dayanmadığını bildirib.

Şahidlərlə müsahibələrə əsaslanan hesabatda 20 ölüm hadisəsinin təhlili azadlıqdan məhrumetmə, işgəncə və münaqişə ilə bağlı hər iki tərəfdən cinsi zorakılıq hallarının baş verdiyini əks etdirir.

Bu hesabatda separatçıların nəzarətində olan Donetsk və Luhanskda qanunsuz həbs edilmiş şəxslər barədə də məlumatlar var.

Hesabatda deyilir ki, monitorinq missiyasının nümayəndələrinə qanunsuz saxlananlarla görüş imkanı verilmir.

Bu da qeyd olunur ki, iddia olunan işgəncə halları ilə bağlı cinayət işləri açılmır.

BMT hesabatında bildirilir ki, noyabr ayında separatçıların ölüm cəzasının tətbiq olunacağına dair bəyanatları narahatlıq doğurur.

Günün bütün mövzuları

XS
SM
MD
LG