Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:59

Ucarlı müharibə əlili: 'Deyirlər get, evi kim tikibsə, işığı da o çəksin’


Elektrik dirəyi (arxiv fotosu)
Elektrik dirəyi (arxiv fotosu)

"Düzdür, ora-bura etdiyimiz şikayətlərdən sonra hasarı çəkdirib, darvazanı qoydura bildim, ancaq işıq idarəsi hələ də məni get-gələ salıb. Bir az da səsimi qaldırıb tələblə danışanda deyirlər, ‘get, evi kim tikibsə, işığı da o çəksin’".

“25 İLDƏN SONRA BİZƏ VERDİKLƏRİ EVƏ BAX”

Bir neçə ay əvvəl AzadlıqRadiosu-na Ucardan bir neçə müharibə əlilinin imzası ilə şikayət məktubu daxil olmuşdu. Məktubda onlar üçün tikilən evin inşasına gərəkən bəzi materialları özlərinin aldıqlarını, usta və fəhlələrin pullarını ödədiklərini və həmin pulları Nazirliyin onlara qaytarmadığını yazırdılar.

Buna da bax:​ Ucarda 2008-də ərizə verəni necə 2015-də ev növbəsinə yazıblar?

Məktubda imzası keçənlərdən biri də rayonun Bağban-Bərgüşad kəndində yaşayan müharibə əlili Şahin Nurməmmədov idi. AzadlıqRadiosu-na danışır ki, ötən ilin sonunda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sifarişi ilə əlillər üçün inşa edilmiş evlərin təhvil-təslimi olub. Nazirliyin nümayəndələri evlərin lentini kəsib gedəndən sonra əlillər xəbər tutub ki, bu evlərdə nə işıq, nə qaz, nə su var. Üstəlik, evlər hasara alınmayıb, darvaza da qoyulmayıb.

Əlillərin məsələni ictimailəşdirməsindən və nazir Səlim Müslümova müraciətindən sonra məsələyə Heydər Əliyev Fondu qarışıb. Evlərdə yarımçıq qalmış işlər tamamlanıb.

Buna da bax: Qarabağ əlilinin yağ-pendir zavodu sahibi ilə nə problemi var?

“BİR AZ DA ÖZ EVİMDƏ YAŞAYIM”

Lakin Şahin Nurməmmədovun evinin işıq məsələsini bitirmək yaddan çıxıb. Bu səbəbdən də əlil 6 aydan çoxdur ki, evə köçə bilmir:

"O vaxt sizə də yazdıq, başqa təşkilatlara da yazdıq, kömək oldu. Ancaq işıq idarəsi hələ də işığımı çəkmir. O qədər gedib-gəlmişəm ki, məni qapıdan qovurlar. Deyirəm, dövlət bu boyda ev tikib verib, axı niyə gəlib işığını çəkmirsiz ki, köçüm oturum. 25 ildir əlil olmuşam, gəncliyim onun-bunun himayəsində keçib, yaşım 50-yə çatıb. Heç olmasa, bir az da öz evimdə yaşayım, fərəhlənim ki, dövlətim qayğıma qalıb, gec də olsa, mənə ev verib. Deyirlər, ‘əl çək də, get, evi kim verib, gəlib işığı da özü çəksin’. Mən bunların hərəkətində məntiq görə bilmirəm".

Lək kəndinin sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili Rafiq Tağıyev deyir, bütün problemlər təqribən 10 gündür ki, həllini tapıb: "Hər şey yarımçıq idi, kommunal xətlər qoşulmamışdı, hasar, darvaza yox idi, çox şükür, şikayətlərimizdən sonra gəlib düzəltdilər".

Buna da bax:​ 'Əlilə yardım edilməsə, məhv olacaq'

“NİYƏ ŞİKAYƏTÇİDİR Kİ?”

AzadlıqRadiosu-nun əməkdaşı Ucarın işıq idarəsi ilə əlaqə saxlayıb. İdarədən bildirilib ki, Bağban-Bərgüşad kəndində müharibə əlili üçün tikilmiş evə elektrik enerjisinin verilməsindən ötrü tərəflər müqavilə bağlamalıdır: "Dedikləri həqiqətə uyğun deyil. Ona bildirilib ki, yaxın günlərdə məsələ həll olunacaq. Niyə şikayətçidir ki?.."

Beləcə, hər iki tərəf bir-biri haqqında sualla danışır. Əlil soruşur – “axı niyə işığı çəkmirlər ki?...” İşıq idarəsi soruşur – “axı niyə şikayətçidir ki...” Bu sualların cavabı kimdədir, bilən yoxdur.

Buna da bax:​ Qarabağ əlilinin dişləri tökülüb, düzəltdirməyə pulu yoxdur

Evlərin yarım tikintisiylə bağlı deyilənlərə gəlincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu sualı cavablandıran tapılmadı. Nazirliyin mətbuat xidməti, son vaxtlar adət halını aldığı kimi, yenə radionun zənglərini cavabsız buraxıb.

XS
SM
MD
LG