Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:19

Twitter sosial şəbəkəsi Rusiyaya bağlı 200 hesabı qapatdığını bildirir. Şəbəkə həmçinin, Rusiyanın RT televiziya qrupunun yerləşdirdiyi 2 minədək reklamı aşkarladığını vurğulayır. Bütün bunlar ötən il ABŞ-da prezident seçkisinə Rusiyanın iddia olunan müdaxiləsində bu sosial platformadan da mümkün istifadəylə bağlı təhqiqat çərçivəsində aşkarlanıb.

REKLAMLARA 274 MİN DOLLAR XƏRCLƏNİB

Twitter rəsmiləri tapıntılarla bağlı sentyabrın 28-də ABŞ Konqresinin kəşfiyyat komitələrini məlumatlandırıblar.

Şirkət daha sonra onlayn bloqda qeyd edib ki, 500 saxta Facebook səhifəsi və ya profilinə bağlı 22 hesabı aşkarlayıb və silib. Həmin səhifələrin də Rusiyayla əlaqəli olduğu vurğulanır. Əlavə olaraq, 179 şübhəli hesabın aşkarlandığı və bağlandığı bildirilir.

***Buna da bax-Facebook, Google və Twitter Rusiyanın müdaxiləsi haqda nə bilir

Twitter-in məlumatına görə, Kremlə yaxın «Russia Today» media qurumu seçki ilində Twitter reklamlarına 274 min 100 dollar xərcləyib və ABŞ bazarına yönəlik 1823 tvit yazıb.

Facebook sosial şəbəkəsi isə bu ay bildirib ki, seçki kampaniyası dövründə Rusiya təbliğatına bağlı reklamlara 100 min dollar xərcləndiyini aşkarlayıb. Bundan sonra ABŞ konqresmenləri sosial mediada reklamın tənzimlənməsi təşəbbüsüylə çıxış ediblər.

KONQRESMENLƏRİN REAKSİYASI

Bəzi konqresmenlərinin fikrincə, Twitter-in açıqlamaları və problemin həllindən ötrü atdığı addımlar yetərli olmayıb.

***Buna da bax - Facebook siyasi reklamlar yerləşdirənlərin kimliyini istəyəcək

«Məncə, biz sadəcə rusiyalıların bu platformadan necə yararlandığını anlamışıq, bundan artığını etməmişik», – Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində aparıcı demokrat üzvü Adam Schiff deyib.

«Səmimi desəm, məncə, onlar problemin ciddiliyi anlamırlar», – senator, Senatın Kəşfiyyat komitəsində aparıcı demokrat Mark Warner tvitində yazıb.

Hər iki partiyadan olan konqresmenlər sosial şəbəkələrin Moskvanın təbliğat yaymaq cəhdlərində böyük rol oynamasından şübhələrini dilə gətiriblər. Rusiyanın Donald Trump-ın seçilməsindən ötrü belə fəaliyyətə əl atdığı bildirilir. Ancaq Moskva bu iddiaları danır.

Twitter onlayn bəyanatında bildirib ki, siyasi reklamla bağlı qaydaları möhkəmləndirmək istəyir. Facebook da bu günlərdə oxşar addım atıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG