Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:27

Türkmənistanda un qıtlaşıb və bahalaşıb


Aşqabaddakı "Kamil" mareketində

AzadlıqRadiosunun yerli mənbələrinin verdiyi məlumata görə Türkmənistanın bir neçə regionunda un qıtlığı hiss olunur.

Marı və Axal vilayətlərində isə qıtlıqla yanaşı həm də unun qiymətinin iki dəfə bahalaşdığı müşahidə olunub.

AzadlıqRadiosunun həmsöhbəti deyib ki, əvvəl bir kisə yüksək keyfiyyətli unun orta hesabla qiyməti 50 manata, 1-ci növ unun qiyməti isə 44 manata idi. Amma indi yüksək keyfiyyətli unun kisəsi 100, 1-ci növ unun kisəsi isə 90 manata başa gəlir.

Yerli sakin bildirib ki, hətta bu qiymətə də un tapmaq asan deyil.

AzadlıqRadiosunun mənbəyi bildirib ki, Marı və Türkmenabad arasında işləyən taksilər də sərnişindən başqa həm də un daşıyırlar.

Mənbə deyib ki, Lebapda bir çoxları qıtlıq olacağından narahat olaraq evlərində un ehtiyatı saxlayırlar.

Xəbər verilir ki, un qıtlığı paytaxt Aşqabadda da hiss olunur.

AzadlıqRadiosu həmsöhbətlərinin dediyinə görə paytaxtdakı “Türkmənbaqqaliyyə” mağazalar şəbəkəsində xarici unun satışı tamamilə dayandırılıb. Mağazalarda yüksək keyfiyyətli yerli unun da qıtlığı var.

Aşqabadın Mir-2 mikrorayonundakı 79 nömrəli mağazanın yaxınlığında yaşayan bir qadın AzadlıqRadiosu müxbirinə deyib ki, mağazalarda un tapılmır:

“Artıq üçüncü gündür ki, mağazalarda yüksək keyfiyyətli xarici və yerli un axtarıram. Hər dəfə deyirlər ki, iki-üç günə olacaq. Yerli una yüksək keyfiyyətli un qatılmasa ondan çörək və ya başqa məmulat hazırlamaq olmur”.

AzadlıqRadiosunun müxbiri bildirir ki, ən çox tələb olunan Rusiya və ya Qazaxıstan unu mağazalarda nadir hallarda olur. Un qıtlığı ilə yanaşı onun qiyməti də qalxıb. Aşqabadın şəxsi mağazalrında yüksək keyfiyyətli Qazaxıstan ununun bir kiloqramı adətən 1 manat 60 tengeye idi, amma indi bu unu heç kilosu 3 manat 20 tengeye də tapmaq olmur.

Yerli unun da qiyməti qalxıb. Onun bir kilosu əvvəllər 90 tengeyə idi, indi 1 manat 20 tengeyə olub.

Aşqabadın dövlət mağazalarının işçiləri qıtlığı una olan böyük tələbatla izah edirlər.

Aşqabadın dövlət mağazalarından birində bir satıcı AzadlıqRadiosu müxbirinə deyib: “Bizim unun satışını məhdudlaşdırmağa ixtiyarımız yoxdur. Amma nə edəsən ki, un satılıb qurtarır”.

Aşqabadın Kopetdağ rayonunun icra hakimiyyətində AzadlıqRadiosu müxbirinə deyiblər ki, un mağazalara əvvəlki həcmlərdə verilir, amma adamlar əvvəllər olduğundan daha çox un alırlar.

Adının çəkilməsini istəməyən rəsmi deyib ki, hakimiyyət tələbatı öyrənib vəziyyəti normallaşdıracaq.

Bundan bir qədər əvvəl Türkmənistanda yerli günəbaxan yağının qıtlığı başlanmışdı.

Türkmənistanın yerli mediası ərzaq mallarının qıtlığı barədə heç bir məlumat vermir.

Buna baxmayaraq ilin əvvəllərindən bəri bir neçə dəfə Türkmənistanda ərzaq mallarının bahalaşdığı barədə xəbərlər verilib.

Bəzi ekspertlərin dediyinə görə enerji daşıyıcıları ilə zəngin Türkmənistan hazırda ən ağır iqtisadi böhranını yaşayır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG