Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 03:15

Türkmənistanda sosial şəbəkə istifadəçilərini 'söhbətə' çağırırlar


Türkmənistan, internet kafe, 18 mart 2015

“Söhbət”ə çağrılanlar üç qrupa bölünürlər: internetdə arzuolunmaz səhifəni “like” edənlər, belə səhifəni paylaşanlar və orada yazılanlara müzakirə açanlar

Türkmənistanda “Line” və “Odnoklassniki” sosial şəbəkələrinin istifadəçilərini “söhbətləşmək” üçün Milli Təhlükəsizlik Nazirliyinə dəvət edirlər.

“İnternetdən mobil telefon vasitəsilə istifadə edənləri zəng edib çağırırlar. Evdə interneti olanlarısa axşamlar gəlib evindən aparırlar. İstifadəçi yetkinlik yaşına çatmayıbsa, onda ya valideynlərini də aparır, ya da evdə söhbət edirlər”. Bunu adının gizli qalmasını istəyən mənbə AzadlıqRadiosunun Türkmənistan xidməti-nə bildirib.

Line messenger foto
Line messenger foto

Bəs nə istəyirlər?

Xüsusi xidmət orqanlarının əməkdaşları “söhbətə” çağırdıqları adamların internetdə ölkənin siyasi və sosial problemlərini müzakirə edən qruplara aid olub-olmadığını yoxlayırlar. Belələrini AzadlıqRadiosu, “Xronika Türkmənistan”, Türkmənistandan alternativ xəbərlər və Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin saytlarında Türkmənistanda baş verən hadisələr barədə dərc olunan materialları tirajlamaqda günahlandırırlar.

Radioya danışan başqa bir qaynağın sözlərinə görə, “söhbətə” çağrılanlar üç qrupa bölünür: internetdə arzuolunmaz səhifəni “like” edənlər, belə səhifəni paylaşanlar və orada yazılanlara müzakirə açanlar. Aparılan “söhbətin” tonu və müddəti istifadəçinin hansı qrupa aid edilməsindən asılı olaraq dəyişir.

Sosial şəbəkə istifadəçiləri ilə “söhbətlər” öncə Milli Təhlükəsizlik Nazirliyinin şəhər şöbəsində aparılsa da, işin həcmi artdığından, indi nazirliyin mərkəzi binası da bu işə cəlb olunub.

Foto: arxiv
Foto: arxiv

“Nazirliyin işçiləri kobud davranır, ədəbsiz ifadələr dilə gətirirlər. Daha çox dövlət quruluşuna təhdid, sosial, siyasi və dini ədavəti qızışdırma ittihamları əsasında cinayət işi qaldırmaqla hədələyirlər. Sosial şəbəkələrdən nə vaxtdan istifadə etdiyimizi, nə yazdığımızı, müzakirələrə tanışlarımızdan başqa kimlərin qatıldığını, bu və ya digər informasiyanı haradan aldığımızı soruşur, bir neçə səhifəlik izahat yazmağa vadar edirlər. Hətta bir dəfə istifadəçi ilə söhbəti videoya yazmışdılar”.

Özünü Mardan kimi tanıdan Aşqabad sakini başına gələnləri belə xatırlayır.

Xüsusi komissiyanın üzvləri sosial şəbəkədən istifadə edənləri tapmaq üçün Aşqabadda orta məktəbləri də bir-bir gəzir, 8-11-ci sinif şagirdlərinin telefonlarını yoxlayırlar.

Ölkənin Marı və Daşoğuz vilayətlərində də sosial şəbəkə istifadəçilərinin güc strukturlarına “söhbətə” çağrılması hallarına rast gəlinir.

İnformasiyaya çıxış və fikir azadlığı

Türkmənistanda internet və mobil rabitə xidməti göstərən qurumlar dövlət təşkilatlarıdır. Bu, hakimiyyətə informasiya axınına nəzarət etməyə və lazım gəldikdə onu bloklaşdırmağa imkan verir.

“Line”“Odnoklassniki” kimi sosial şəbəkələrin istifadəçilərinə təzyiqlər qadağan olunmuş saytlara VPN və proksi-serverlər vasitəsilə daxil olan şəxslərin təqibi ilə eyni vaxta təsadüf edir.

Qərb dövlətləri və beynəlxalq təşkilatlar fərqli düşünməyə, mətbuat və söz azadlıqlarını boğmağa görə Türkmənistanı vaxtaşırı tənqidə tuturlar.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG