Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:43

Serdar Berdımuxammedov Türkmənistan prezidentinin varisi ola bilər


Serdar Berdımuxammedov
Serdar Berdımuxammedov

Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedovun oğlu Serdar Berdımuxammedov Kazana rəsmi səfər zamanı ölkəsinin nümayəndə heyətinə başçılıq edib. Səfər çərçivəsində o Tatarıstan prezidenti Rustam Minnixanovla görüşüb.

Türkmənistan parlamentinin qanunvericilik və normativlər komitəsinin sədri Serdar Berdymuxammedov mayın 19-da Kazana səfəri zamanı Tatarıstan parlamentinin sədri Farid Muxametşinlə də görüşüb. Bundan başqa o "Rusiya - İslam dünyası: KazanSummit-2017" IX beynəlxalq iqtisadi forumunda iştirak edib. Serdar Berdymuxammedov həmçinin müsəlmanların ənənəvi "İzge Bulqar jıenı" qurultayında iştirak edib. "İzge Bulqar jıenı" qurultayı tatar xalqının 922-ci ildə İslamı qəbul etməsinin ildönümü münasibətilə keçirilir.

Ötən ilin sonundan bəri Türkmənistan parlamentinin deputatı seçilmiş, cəmi iki ay öncə isə parlamentin qanunvericilik komitəsinin sədri təyin edilmiş Serdar Berdımuxammedovun Tatarıstanın dövlət xadimləri ilə görüşləri Türkmənistanın dövlət KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

Məlum olduğu kimi, Serdar Berdımuxammedovun siyasi karyerası nisbətən yeni başlayıb. Ötən ilin sonunda keçirilmiş parlament seçkilərinə qədər rəsmi mətbuatda onun özü və siyasi karyerası haqda hər hansı bir məlumat yox idi. Bilinən sadəcə onun Xarici İşlər Nazirliyinin xarici KİV-lərlə əlaqə departamentinə rəhbərlik etməsi idi. Serdar Berdımuxammedovun bundan daha öncə bir neçə nazirlik və idarədə çalışdığı qeyd edilirdi.

Bundan başqa qeyd edilir ki, Moskva Diplomatik Akademiyasının məzunu Serdar Berdymuxammedov 2014-cü ildə namizədlik dissertasiyası müdafiə edib, 2015-ci ildə isə texniki elmlər doktoru elmi dərəcəsini alıb.

Bu siqnal sayıla bilər

Bəs bu yaxınlarda üçüncü müddətə prezident seçilmiş Qurbanqulı Berdımuxammedovun yeganə oğlunun ölkənin siyasi həyatında bu şəkildə fəallaşması nədən xəbər verir? Dövlətin nəzarətində olan rəsmi mətbuatın onun bu fəaliyyətinə verdiyi əhəmiyyət nə ilə bağlıdır?

Azadlıq Radiosunun Türkmən xidməti bu barədə AzadlıqRadiosunun Mərkəzi Asiya üzrə şərhçisi Bruce Pannier-lə söhbət edib.

"Prezident Qurbanqulı Berdımuxammedovun özünə varis hazırlaması haqda fərziyyələr əvvəllər də mövcud olub. Ancaq indi baş verənlərə baxsaq, hesab etmək olar ki, onun oğlu Serdarı varis kimi qəbul edirlər.

Ola bilsiun ki, Serdarın Tatarıstana göndərilməsi artıq indidən onun nə zamansa dövlətə rəhbərlik edəcəyini göstərən siqnaldır.

Prezidentlər Berdımuxammedov və Əliyev. Keçmiş sovet respublikalarında hakimiyyətin irsən ötürülməsi yenilik deyil
Prezidentlər Berdımuxammedov və Əliyev. Keçmiş sovet respublikalarında hakimiyyətin irsən ötürülməsi yenilik deyil

Başqa bir maraqlı məqam da var. Məlum olduğu kimi, son zamanlar Türkmənistan - Rusiya münasibətlərində kifayət qədər gərgin dövr yaşanır. Ola bilsin ki, oğlunu Tatarıstana göndərməklə prezident Berdımuxammedov danışıqlara hazır olduğunu nümayiş etdirmək istəyib", - Bruce Pannier deyir.

Ekspertin sözlərinə görə, bunu Tacikistan prezidenti Emomali Rahmonun oğlu Rustam Emomalinin karyera inkişafı ilə müqayisə etmək olar. "Ancaq, Rustamın siyasi yüksəlişi Serdarınkı qədər sürətli olmayıb. Hər dəfə növbəti rəhbər kürsüsünü tutmazdan öncə o, bir neçə il əvvəlki postunda qalıb.

Maraqlıdır ki, cəmi bir neçə il öncə Serdar haqqında ümumiyyətlə heç nə məlum deyildi. Sadəcə deyirdilər ki, "Berdımuxammedovun bir oğlu var". İndi birdən-birə, heç bir aşkar səbəb olmadan Berdımuxammedovun oğlunu tələm-tələs bir vəzifədən o birinə keçirir, televiziyada göstərirlər.

Bundan sonra nə olacağını görəcəyik. Ancaq etimad probleminin mövcud olduğu ortadadır. Daha doğrusu, söhbət prezidentin öz ətrafına qarşı etimadsızlığı amilindən gedir. Ola bilsin ki, Berdımuxammedov öz ətrafına inanmadığına görə oğlunun vəzifəsini yüksəldir", - Bruce Pannier deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG