Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:46

AzadlıqRadiosunun müxbiri Türkmənistanda zorakılığa məruz qalıb


Soltan Achilova
Soltan Achilova

AzadlıqRadiosunun Türkmənistandakı müxbiri Soltan Achilova yenidən saxlanıb və təhlükəsizlik qüvvələrinin zorakılıq və qaba rəftarına məruz qalıb.

Mayın 9-da baş vermiş insident zamanı 68 yaşlı Achilova İkinci Dünya Müharibəsində həlak olanların Xatirə kompleksindəki Əbədi Məşəlin önünə əklil düzülməsi mərasiminin fotolarını çəkirdi.

O xatirə kompleksinə gedərkən yolda bir neçə qara geyimli şəxs tərəfindən saxlanıb. Achilova jurnalist olduğunu və Qələbə günü münasibətilə reportaj hazırladığını deyəndə isə həmin şəxslər onu saxlamış, təhqir etmiş və hədələmişlər.

Bundan sonra üç polis nəfəri hadisə yerinə gələrək müxbiri zorla polis məntəqəsinə aparıb. Burada onun fotoları silməsi tələb olunub.

Müxbir bunu etməkdən imtina edəndə isə onu narkotik ittihamı ilə hədələyiblər. Bundan sonra müxbirin kamerası əlindən alınıb və içindəki material silinib.

Uzun illər AzadlıqRadiosunun fotomüxbiri kimi çalışmış Achilova sadə türkmənlərin həyatından bəhs edən reportajları ilə tanınır.

O bundan əvvəl də polisin qabalığı və zorakılığı ilə üzləşməli olub.

Mayın 9-da Achilovaya qarşı zorakılıqdan iki gün əvvəl Türkmənistan xarici işlər nazirinin müavini Vepa Hadjiyev BMT İnsan Haqları Şurasının Türkmənistana dair dinləməsində etdiyi çıxşında demişdi ki, AzadlıqRadiosu müxbirinin Türkmənistanda sərbəst çalışa bilməsi onun ölkəsində media azadlığının olmasını sübut edir.

AzadlıqRadiosunun prezidenti Thomas Kent mayın 10-da Achilovanın zorakı hücuma məruz qalmasını kəskin tənqid edib.

XS
SM
MD
LG