Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:04

Ermənistanın Rusiya ilə havadan müdafiə sistemi işə düşdü


Ermənistanın havadan müdafiə sistemi
Ermənistanın havadan müdafiə sistemi

Ermənistan Rusiya ilə vahid havadan müdafiə sistemi yaratmaq haqqında bağladığı müqaviləni ratifikasiya edib.

Müqavilə Dağlıq Qarabağ münaqişəsində vəziyyət kəskinləşdiyi təqdirdə, tərəflərin aviasiyadan istifadə etməməsinə zəmanət verməlidir. Ancaq vahid havadan müdafiə sistemi ilə bağlı bir sual hələ də açıq qalıb: əmri kim verəcək?

Ermənistan parlamentində sazişin ratifikasiyası zamanı 102 deputat lehinə, 8-i əleyhinə səs verib.

Müdafiə naziri Seyran Oqanyan İctimai TV-də müsahibəsində deyib ki, bu saziş çərçivəsində Ermənistan Rusiyanın dördüncü nəsil çoxfunksiyalı qırıcılarının, S-300 sisteminin, raket əleyhinə imkanlarından istifadə edə biləcəklər: «Hava kəşfiyyatı çərçivəsində geniş radiolokasiya imkanlarından yararlana biləcəyik», nazir vurğulayıb.

Qafqaz kollektiv təhlükəsizlik regionunda vahid havadan müdafiə sistemi yaratmaq haqqında müqaviləni Ermənistan və Rusiya müdafiə nazirləri Seyran OhanyanSergey Şoyqu ötən ilin dekabrında Moskvada imzalayıblar.

Sənəd 5 ilə hesablanıb, ancaq sonradan daha 5 il uzadıla bilməsi şərti də razılaşmada əks olunub. Əgər tərəflərdən biri razılaşmanı dayandırmaq qərarına gəlsə, bununla bağlı qarşı tərəfi ən azı 6 ay əvvəldən xəbərdar etməlidir.

Son bir neçə ildə Ermənistan və Rusiyanın müdafiə sahəsində intensiv yaxınlaşması müşahidə olunur.

2015-ci ilin iyununda iki ölkə arasında imzalanan sazişə görə, Rusiya Ermənistana ondan silah alması üçün 200 milyon dollarlıq kredit verəcək. Razılaşma 2016-cı il fevralın 10-da qüvvəyə minəcək.

Qarabağ səması

Ermənistanın müdafiə nazirinin müavini Apa Nazaryan vurğulayıb ki, bu saziş Qafqaz regionunda havadan müdafiə sisteminin təkmilləşdirilməsinə imkan verəcək. Onun sözlərinə görə, Vahid Havadan Müdafiə Sistemi Rusiyanın hərbi-kosmik qüvvələrin tərəfindən koordinasiya ediləcək, ümumi idarəetməni isə Rusiyanın Cənub hərbi dairəsi həyata keçirəcək.

«Gazeta.ru» yazır ki, Rusiya-Ermənistan arasında vahid sərhədin olmaması belə, deyəsən, məmurları narahat eləmir. Deputatların suallarına cavab verən Nazaryan qeyd edib ki, Ermənistanın havadan müdafiəsinin inkişafını heç bir amil məhdudlaşdıra bilməz.

Saziş Ermənistanın Dağlıq Qarabağdakı mövqelərini gücləndirir. Tanınmayan Dağlıq Qarabağ Respublikası Ermənistandan dəstək alır. Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımır və ərazisinin 20 faizinin işğal olunduğunu bildirir. BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov «Gazeta.ru»ya açıqlamasında deyib ki, Bakı Ermənistanın Rusiya komandanlığını aldatmağa cəhd göstərməsindən və Azərbaycan təyyarələrini vurmağa vadar etməsindən ehtiyatlanır. Ekspert əlavə edir ki, Ermənistanın hava məkanında «bu təyyarələrin işi yoxdur».

«Azərbaycan ordusu yüksək hərbi texnika ilə təchiz olunub»

«İndi Azərbaycan hərbisində çoxlu problemlərin olduğu 1990-cı illər deyil. Hazırda ölkə ordusu Rusiya, İran, Pakistan, İsraildən alınan müxtəlif tipli çoxlu hərbi texnika ilə təchiz olunub»,- Üzeyir Cəfərov deyib. O hesab edir ki, bir müstəqil ölkə kimi Ermənistan öz hava məkanına özü cavabdeh olmalı idi, Rusiyadan asılı olmamalıydı.

MDB ölkələri İnstitutunun direktor müavini Vladimir Evseev deyir ki, Havadan Müdafiə ilə bağlı razılaşmanın ratifikasiyası Ermənistanın mövqelərini münaqişə regionunda möhkəmləndirir: «Bu həm də ona zəmanət verir ki, Dağlıq Qarabağda tərəflər aviasiyanı döyüşə cəlb etməkdən çəkinəcəklər».

Ermənistan radarlarının indiki durumunun o qədər ürəkaçan olmadığını söyləyən ekspert əlavə edir ki, indi Azərbaycan Rusiyanın Ermənistandakı Havadan Müdafiə Sistemi ilə rəqabət aparmaqdan ehtiyat edir: «Azərbaycanın Ermənistana hava zərbələri yağdırması nəzəri cəhətdən mümkün olduğu üçün bu, çox vacib faktordur».

Bəs kim əmr edəcək?

Vladimir Evseev deyir ki, razılaşmanın zəif tərəfi fövqəladə hallarda kimin əmr verəcəyidir: «Təsəvvür edin ki, Ermənistanın hava məkanını yad hərbi vertolyot pozur, onu vurmaq üçün bir necə dəqiqə var. Bu müddət ərzində Moskva və Yerevan hərbi cavab vermək üçün razılaşma əldə etməlidirlər. Raket uçub gedəndən sonra onu qaytarmaq mümkün deyil və artıq hərbi təxribata görə məsuliyyət götürmək nə Rusiyanın, nə də Ermənistanın marağındadır», ekspert deyir.

XS
SM
MD
LG