Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:43

Şair üç övladı ilə Yazıçılar Birliyində aclıq aksiyası keçirir


Şaiq Vəli
Şaiq Vəli

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Şaiq Vəli 3 uşağı ilə birlikdə aclıq aksiyasına başlayıb. Aksiya elə AYB-nin binasının ikinci mərtəbəsində keçirilir.

Şair AYB-dən iş istədiyini bildirir. Şairin uşaqları boyunlarına şüarlar yazılmış plakatlar asıblar. Plakatlarda “Qırmızı don, güllü yaylıq, qotazlı başmaq istəyirəm.

Ölmək istəmirəm, mən yaşamaq istəyirəm!”, “Mən sənin sabahının əsgəriyəm. Böyüt məni, vətən!”, “İlhamla irəli! Dünyanın darlığından, daxma genişliyinə” kimi şüarlar yazılmışdı.

Şaiq Vəli dolanışığından şikayətlənərək adıçəkilən qurumdan iş tələb edir. Eyni zamanda AYB-də qanunsuzluqların da olduğunu dilə gətirdi: “Mən yazıçıyam. Yazıçılar Birliyi də yazıçıların ən doğma yeridir. AYB-də haqq-ədalət yerini tapmır. Burda hər şey qohumluqla, tanışlıqla həyata keçirilir.

Mənim işlə bağlı müraciətlərimə “yox“ deyilir. Mən bundan qabaq prezidentimizə müraciət etmişdim. Onlar da şikayətimi bura göndəriblər. Mənzilim də yoxdur. Kirayələrdə qalıram. 20 ildir kirayədəyəm. Üç balaca uşağım acından ölmək üzrədir. Bu iki oğlanı da vətən üçün böyüdürəm. Bunları hansı üzlə çağıracaqlar hərbi xidmətə?

AYB-də çoxusu yazıçı deyil, amma prezident təqaüdü alır. Rəhmətlik prezidentimiz Əliyev Ukrayna meydanının yaxınlığında yer ayırmışdı yazıçılar üçün. Oradan da bir xəbər yoxdur.

Sosial təminata gedirəm. Deyir, iş yerindən arayış gətir. Mən arayışı haradan tapım? AYB-nin jurnallarında, qəzetlərində ölü işçilər var. Mən niyə işləməməliyəm? 1987-ci ildən AYB-nin üzvüyəm. “Azərbaycan” qəzetində şöbə müdiri işləmişəm. Sovet vaxtı yaxşı qonorar alırdıq. İndi isə acından ölürük”.

Şaiq Vəli bildirib ki, onun tələblərini yerinə yetirənəcən aclıq aksiyasını davam etdirəcək: “20 ildir ki, ev növbəsindəyəm. Burda hər şey xahişlə olur. Təqaüdləri də şərtlərlə verirlər. Mən AYB-dən iş istəyirəm. Çünki uşaqlarımı dolandırmalıyam. Ona görə də bu cür aksiyaya əl atmışam”.

AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə açıqlamasında Şaiq Vəlini istedadlı şair kimi tanıdığı dedi: “Şaiq Vəli bizim jurnallarda daim dərc olunub.

AYB-nin təqdimatı ilə ona prezidentin xüsusi təqaüdü verilib. İndi vəziyyət doğrudan da ağırdır. Amma burada bütün işlər ştatladır. Biz kimisə çıxardıb yerinə Şaiq Vəlini qoya bilmərik axı. Şaiq Vəli həmkarlar ittifaqının üzvü olmadığı üçün də bəzi problemlər yaranıb. Biz onun yazılarına heç vaxt qadağa qoymamışıq.

Həmçinin bütün üzvlərə imkan dairəsində köməkliklər olunur. Nəzərə alınmalıdır ki, AYB ictimai təşkilatdır. Ştat cədvəlində də boş yer yoxdur. Gərək ştatdan kənar pul ayrıla ki, işçinin pulu ödənilsin. Məşğulluq idarələrinə də zəng vura bilərik ki, köməklik göstərsinlər. AYB-nin mindən çox üzvünün hamısı burada işləyə bilməz ki.

Birlikdə o qədər demokratik ab-hava var ki, bu cür aksiyalara maneçilik törədilmir. Gördüyünüz kimi, Şaiq Vəli burda aksiya keçirə bilir. Biz ona mane olmadıq. Yəqin ki, Şaiq Vəli üçün hər şey yaxşı olacaq. Mən də istərdim ki, onun dolanışığı yaxşılaşsın.

Nəzərə alınmalıdır ki, AYB-nin maddi imkanları da yüksək səviyyədə deyil. Buna baxmayaraq üzvlərimizin ərizə ilə müraciətlərinə cavab verib, onlara maddi köməklər də edirik”.

AYB-nin Həmkarlar İttifaqının sədri Firuzə Məmmədli isə jurnalistlərə bildirib ki, onlar yalnız AYB-də çalışanların sosial təminatı ilə məşğul olurlar: “Ancaq idarə heyəti yığışıb onun məsələsini müzakirə edə bilər”.

Qeyd edək ki, aksiyaya heç bir müdaxilə olunmurdu.

Məqalə və fotolar: "Yeni Müsavat" qəzeti.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG