Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:52

Orta Asiyanın prezident uşaqları


Nursultan Nazarbayev
Nursultan Nazarbayev
“Qazaxıstan prezidenti Nursultan Nazarbayev bir dəfə zarafat etdi ki, “mənim prezident kimi maaşım çox azdır, ona görə uşaqlarım mənə kömək edir”.

Bunu Cenevrədə çıxan müstəqəil “De Facto” qəzetinin redaktoru Çolpon Orozobekova AzadlıqRadiosu üçün şərhində yazır.

O yazır ki, Nazarbayevin qızı Dinaranın əri Timur Kulibayev 2007-ci ildə Britaniyanın kral ailəsinin üzvündən onun malikanəsini 15 milyon funt sterlinqə aldı. “Daily Telegraph” qəzetinin yazdığına görə, Kulibayev həmin binaya bazar qiymətindən 25 faiz çox pul verdi.

Qazaxıstanın “Respublika” qəzeti isə yazır ki, prezidentin qızı Dinara bu ilin əvvəlində Cenevrə gölü ətrafında yerləşən evini 74 milyon İsveçrə frankına alıb.

Nazarbayevin keçmiş kürəkəni, hazırda Avstriyada yaşayan Rahat Əliyev prezidentin qəzəbinə gələnə qədər Qazaxıstanda fabriklərə, təyyarələrə, qəzetlərə, binlara sahib idi.

Rahat Əliyev
Almatı məhkəməsinin 40 il həbsə məhkum etdiyi Rahat Əliyev indi Nazarbayevi “Xaç atası”, yəni mafiya başçısı adlandırır.

QIRĞIZISTAN DƏRSİ

“Orta Asiyadakı dövlətlərin beşi də dəhşətli nepotizmlə, qohumbazlıqla səciyyələnir. Bu, həmin ölkələrin iqtisadi, siyasi inkişafına əsas əngəldir. Öz uşaqlarını və qohumlarını vəzifələrə qoyan Qırğızıstanın sonuncu iki lideri – Askar Akayevin və Kurmanbek Bakiyevin sonu Qırğızstanın qonşusu olan dövlətlərə dərs olmalıdır”. Bunu Orozobekova deyir.

Ancaq jurnalist əlavə edir ki, “Orta Asiyanın heç bir lideri Qırğızıstan dərslərindən heç nə öyrənmir. Onlar bir həqiqəti qulaq ardına vururlar ki, bir gün xalqın səbr kasası daşacaq”.

“ÖLKƏNİ PREZİDENTİN OĞLU VƏ QARDAŞI İDARƏ EDİR”


Bakiyev öz oğlu Maksimi və qardaşı Yanışı dövlət vəzifələrinə qoymuşdu
Qırğızıstanda bu ilin aprelində prezidentlikdən devrilən Bakiyev öz oğlu Maksimi və qardaşı Yanışı dövlət vəzifələrinə qoymuşdu. Maksim və Yanış ölkənin ən nüfuzlu siyasi xadimləri idi.

Müxalifət lideri Azimbek Beknazarov 2007-ci ildə deyirdi ki, Qırğızıstanı Maksim və Yanış idarə edir.

Başqa müxalifət lideri Omurbek Tekebayev isə deyirdi ki, Qırğızstandakı qohumbazlıq orta əsrlər səviyyəsindədir – hakimiyyətdən pay yalnız qohumlara verilir.

Maksimlə Yanış Qırğızıstanı doğrudan da bölmüşdülər. “Şahzadə” Maksimə ən yağlı yerlər düşmüşdü, o cümlədən banklar, televiziyalar.

Milli Təhlükəsizlik Xidmətinin rəsi müavinliyindən başlayan Yanış isə Dövlətin Qorunması Xidmətinin rəhbəri oldu və ölkənin bütün hüquq-mühafizə orqanlarına nəzarət edirdi.

...O BİRİ QARDAŞLAR

Bakiyevin o biri qardaşları da paysız qalmamışdı - Marat və Adil xarici siyasəti götürmüşdülər. Onlardan biri Almaniyada səfir idi, o birisi Pekindəki səfirlikdə yüksək vəzifə tuturdu.

Prezidentin başqa qardaşı Əhməd biznesmen idi, ancaq prezident ailəsinin doğma Calalabad vilayətinin qeyri-rəsmi rəhbəri sayılırdı.

Bu korrupsiyalaşmış sistemə qanlı üsyan son qoydu, ancaq onda 87 adam öldü.

Orozobekova yazır ki, Bakiyev öz oğlunu ölkədə ikinci əsas vəzifəyə qoyanda bunların sonda nələrə gətirəcəyini yəqin ki, düşünmürdü.

AKAYEVİN ƏSAS TƏYİNAT QƏRARLARINI XANIMI VERİRDİ

Askar Akayev
Bakiyevdən qabaqkı prezident Askar Akayevin dövründə ölkədə əsas təyinat qərarlarını prezidentin xanımı Mairam verirdi. O Meerim Xeyriyyə Fondunun prezidenti idi.

İş görmək istəyən biznesmenlər, prezidentin dəstəyini qazanmaq istəyən siyasətçilər əvvəlcə bu fonda pul köçürməli idilər.

Akayev ölkədən qaçandan sonra istintaq bu fondla maraqlananda məlum oldu ki, nazirliklər Meerim Fonduna qeyri-qanuni pul köçürürmüş.

Orozobekova yazır ki, Qırğızstandakı ekspertlərin hesablamalarına görə, Akayev və onun qohumlarının oğurladığı pul ölkənin daxili məhsulunun dörddə biri qədərdir. Akayevin oğlu Aydar dövlət vəzifələrinin əsas satıcısı idi. 2006-cı ildə Aydarın dövlət vəzifələrini satması ilə bağlı 106 cinayət işi açılıb.

Akayev və onun professor olan xanımı “bizim bütün var-dövlətimiz bu şəkillərdir və kitablardır”- deməyi xoşlayırdılar.

Ancaq reallıqda prezidentin uşaqları və qohumları Qırğızstanda nəyi bacarırdılar, hamısını müsadirə edirdilər.

KEÇMİŞ DİŞ HƏKİMİ İNDİ RUSİYA MAŞINLARINA HEÇ MİNMİR

Türkmənistanın keçmiş diş həkimi olan prezidenti Qurbanqulu Berdımuxamedov vaxt var idi, köhnə Rusiya maşını sürməyi ilə tanınırdı
Türkmənistanın keçmiş diş həkimi olan prezidenti Qurbanqulu Berdımuxamedov vaxt var idi, köhnə Rusiya maşını sürməyi ilə tanınırdı. Ancaq indi lüks maşında gəzir.
Prezidentin qızlarından biri Londonda yaşayır, digəri Parisdə. Berdımuxamedov vəzifələrdə yavaş-yavaş yalnız öz qohumlarını və dostlarını yerləşdirir.

Ondan qabaqkı prezident Türkmənbaşının oğlu Murad ölkənin qaz ixracına nəzarət edirdi. Media məlumatlarına görə, onun qaz pulları Kipr banklarındadır. Ölkədə siqaret və spirtli içkilər alveri də onun monopoliyasında idi.

GÜNAHKAR TAPILDI- MENTALİTET?

Tacikistanda prezidentin yanında Strateji Tədqiqat Mərkəzinin rəhbəri Suhrab Şaripov öz müsahibəsində deyir ki, prezident İmomali Rahmonun öz qohumlarını vəzifəyə qoymaq haqqı var:

“Əgər prezident hesab edirsə ki, onun qohumu bilikli və bacarıqlıdır, niyə də qoymasın”.

Mərkəzin rəhbəri izah edir ki, “Tacikistanda ailə əlaqələrindən həmişə istifadə olunub”.
Onun fikrncə, taciklərin mentaliteti belədir və bu mentalitet Qərbin demokratiya ideyasını üstələyir.

İmomali Rahmonun 23 yaşlı oğlu Rustam prezidentliyin varisi hesab olunur. Prezidentin qızı Tahmina Tacikistanın İnkişaf Bankını yaradıb.

Gülnarıə Kərimov
Tacikistanın ən böyük bankı Orientbankın idarə heyətinin sədri prezidentin həyat yoldaşının qardaşıdır.

“ÖLKƏNİN ƏN NİFRƏT OLUNAN ŞƏXSİ”

Bu yaxınlarda WikiLeaks-in açıqladığı diplomatik məktublarda deyilirdi ki, Özbəkistanda “ən çox nifrət olunan şəxs prezidentin qızı Gülnarədir”.

Prezident İslam Kərimovun qızı Gülnarə hazırda vaxtının çoxunu Cenevrədə keçirir.

Məktublarda Amerika diplomatları yazırdılar ki, Özbəkistanda nə mənfəətli biznes varsa, orda prezidentin qızının “bir dişləmi” var. Gülnarə “oğru kraliçasıdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG