Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:01

Özünüsenzura Türkiyədə də adiləşir


Jurnalistlərin etiraz aksiyası. İstanbul

Türkiyənin daha bir tanınmış jurnalisti, «Kanal D»nin səhər efirinin aparıcısı İrfan Değirmenci işdən qovulub. Səbəb onun 1.7 milyon izləyicisi olan Twitter hesabında konstitusiyaya dəyişikliklərə etiraz statusları yazmasıdır.

«Elm adamlarını, sənətçiləri, yazarları, rəssamları, tələbələri, işçilər və fermerləri, kömürçüləri, jurnalistləri, itaət etməyən hər kəsi düşmən bilənə YOX», – yazan jurnalist bununla dəyişikliklərlə bağlı referenduma etirazını bildirib.

ERDOĞAN ŞƏXSƏN ZƏNG EDİR

Kanal rəhbərliyi İ.Değirmenci-nin kanalın siyasətinə əməl etmədiyinə – ictimaiyyətin müzakirəsində olan məsələdə tərəf tutduğuna görə işdən azad edildiyini bildirir.

Sosial media istifadəçiləri kanalın digər işçisi – jurnalist Fatih Çekirge-nin də hökumətə tərəf danışdığını, amma niyəsə işdən qovulmadığını vurğulayırlar.

Almaniyanın «Deutsche Welle» kanalı bu olayı referendum öncəsi Türkiyədə mətbuata təzyiqlərin artmasıyla izah edir.

Kanalın məlumatına görə, ölkə prezidenti Recep Tayyip Erdoğan media orqanlarının rəhbərlərinə şəxsən zəng edərək, proqramlarla bağlı etirazını bildirir. İş o yerə çatıb ki, Türkiyədəki mətbu orqanlarının, demək olar ki, əksəriyyəti referenduma dəyişiklikləri təbliğ edir, etiraz edənlərin çıxışları yayımlanmır.

R.T.Erdoğan
R.T.Erdoğan

«BASQIN GENİŞLƏNİR»

«Deutsche Welle» Türkiyədə KİV-in ya hökumətə yaxın olan, ya da hökumətin hədəfinə tuş gəlməkdən çəkinən şirkətlər tərəfindən idarə olunduğunu qeyd edir. Belə şirkətlər digər sahələrdə əlverişli müqavilələrə nail olmaqdan ötrü KİV orqanlarının fəaliyyətini istədiyi səmtə yönəldir, xəbər verəndə hökumətin mövqeyini nəzərə alırlar.

Amma «Doğan Holding»ə məxsus «CNN Türk», eləcə də «Kanal D» teleşirkətləri indiyə qədər neytral mövqeləri ilə fərqlənirdilər. Türkiyənin əsas müxalifət partiyası olan CHP-dən Veli Ağbaba deyir ki, «Kanal D»nin də öz müxbirini cəzalandırması referenduma «yox» deyənlərə basqının genişləndirilməsinin nəticəsidir. «Bu o deməkdir ki, referendum bərabər şəraitdə keçirilməyəcək», – V.Ağbaba belə deyib.

Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı referendumun aprelin 16-da keçirilməsi nəzərdə tutulur. Parlamentin təsdiqlədiyi dəyişikliklərə səsvermədə də «hə» deyilərsə, ölkə parlament idarəçiliyindən prezidentlik idarəçiliyinə keçəcək. Bu isə R.T.Erdoğan-ın parlamenti istədiyi vaxt buraxmasına, nazirləri qovmasına, fövqəladə vəziyyət elan etməsinə, istədiyi vəzifəyə istədiyi şəxsi qoymasına və s. imkan verəcək.

Kemal Kılıçdaroğlu
Kemal Kılıçdaroğlu

«ELƏ BİL, ÖLKƏDƏ MÜXALİFƏT YOXDUR»

Müxalifət avtoritar liderin – R.T.Erdoğan-ın bununla öz hakimiyyətini möhkəmləndirməyə çalışdığını, təzyiq altında saxladığı mətbuatın da onun dəyirmanına su tökdüyünü bildirir. Mətbuatın düzəlişlər haqda tərəfsiz məlumat yaymaması, hökumətyönlü çıxışları səsvermənin ədalətli keçəcəyini indidən şübhə altında qoyub.

«Referendum ədalətli şəraitdə keçirilməyəcək. Mətbuat elə davranır ki, elə bil, bu ölkədə müxalifət yoxdur», – CHP lideri Kemal Kılıçdaroğlu ötən şənbə jurnalistlərlə söhbətində belə deyib.

Türkiyədə keçənilki çevriliş cəhdindən sonra, digər sahələr kimi, mətbuat da təmizləmələrdən əziyyət çəkib. Son bir ildə 150 mətbu orqan bağlanıb, onlarla jurnalist həbsdədir. «Deutsche Welle» özünüsenzuranın Türkiyədə də adi hala çevrildiyini yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG