Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 18:48

Türkiyənin ilk hərbi karvanı Suriyanın İdlib bölgəsinə daxil olur


Reuters agentliyi iki qiyamçı və bir şahidin dediklərinə istinadən bildirir ki, Türkiyənin Suriyanın İdlib vilayətində əməliyyatlarını yerinə yetirəcək ilk zirehli hərbi maşınlar karvanı oktyabrın 13-ə keçən gecə iki ölkə arasındakı sərhəd məntəqəsini keçib.

Bu ərazidə olan Azad Suriya Ordusunun komandirlərindən Abu Xayro deyib ki, Türkiyənin 30-dək zirehli texnikası Bab əl-Həva keçid məntəqəsindən Suriya ərazisinə daxil olub.

Maşınların Şeyx Bərəkət deyilən yüksəkliyə doğru getdiyi xəbər verilir. Suriyanın şimal-qərbindəki bu yüksəklik kürd YPG silahlılarının nəzarətində olan Afrin ərazisinin yaxınlığındadır.

Bu da xəbər verilir ki, Türkiyə hərbi karvanını keçmiş əl-Qaedaya bağlı Təhrir əş-Şəm cihadçı qruplaşmasının döyüşçüləri müşayiət edirlər. Bu qrup əvvəllər Nüsra Cəbhəsi kimi tanınırdı.

Azad Suriya Ordusunun başqa bir nümayəndəsi Reuters agentliyinə deyib ki, Türkiyənin hərbi konvoyu Təhrir əş-Şəm döyüşçülərinin mühafizəsi altında döyüş mövqelərini qurur.

Türkiyə ötən şənbəgünü bəyan etmişdi ki, “deeskalasiya zonalarının” yaradılmasına dair ötən ay Rusiya və İranla əldə etdiyi razılaşmaya əsasən İdlib və onun ətrafında döyüş əməliyyatları aparacaq.

Türkiyə, Rusiya və İran arasında əldə edilmiş razılaşmaya əsasən Suriya ərazisində bir neçə təhlükəsizlik zonaları yaradılıb. İdlibin daxil olduğu zonaya Türkiyə nəzarət etməlidir.

İdlibdə məktəbli uşaq Türkiyə zirehlilərinə hərbi salam verir
İdlibdə məktəbli uşaq Türkiyə zirehlilərinə hərbi salam verir

Maraqlıdır ki, Türkiyənin hərbi maşınlarını deeskalasiya zonalarının yaradılmasını qəbul etməyən Təhrir əş-Şəm təşkilatının döyüşçüləri müşayiət edirlər.

Reuters yazır ki, bu fakt nəzərə alınarsa, bu iki tərəf arasında toqquşmaların olmayacağını güman etmək olar.

Türkiyə hərbiyyəsinin İdlibdə aparacağı əməliyyatlara onun Fərat qalxanı əməliyyatında iştirak etmiş qiyamçı qruplaşmalar da qoşulacaqlar.

Bu qruplardan bəziləri bu bölgədə əvvəllər bir-birləri ilə vuruşublar.

Türkiyənin bir il əvvəl keçirdiyi Fərat qalxanı əməliyyatından məqsəd İslam Dövləti cihadçıalrının Türkiyə sərhədindən çıxarılması və eyni zamanda kürd YPG qüvvələrinin yeni ərazilər tutmasının qarşısının alınması idi.

Birləşmiş Ştatlar tərəfindən dəstəklənən YPG qüvvələri Suriyanın şimal-qərbindəki əksər ərazilərə nəzarət edir. Kürdlər bu ərazini Afrin bölgəsi ilə birləşdirməyə can atırlar.

Türkiyə YPG-ni ona düşmən olan PKK kürd separatçı təşkilatının Suriya qolu hesab edir və Şeyx Bərəkətdə mövqe tutulması Afrinin üç tərəfdən dövrələnməsi ilə nəticələnməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG