Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 23:18

Türkiyə genişmiqyaslı döyüşlərə hazırlaşır


Türkiyə ordusu Suriyayla sərhəddə.

Türkiyə Suriya ilə sərhədə əlavə qüvvə yığıb. Ötən şənbə Türkiyə prezidenti Recep Tayyip Erdoğan Suriyada vuruşan türk əsgərlərinin irəliləməkdə olduğunu, tezliklə Raqqa şəhərinə doğru hərəkətə keçəcəklərini deyib. Bazar günü – dekabrın 25-də isə əlavə türk ordusu və tankları Suriyayla sərhədə doğru hərəkət edib. Sərhəd şəhərlərdə – Oğuzeli və Qarqamışda yeni artilleriya qüvvələri toplanıb. Bu haqda «Bloomberg» informasiya agentliyi yazır.

ERDOĞAN ABŞ-I TÜRKİYƏYLƏ ƏMƏKDAŞLIĞA ÇAĞIRIR

Hazırda Birləşmiş Ştatlar da kürd döyüşçülərlə birlikdə Raqqanın «İslam Dövləti» (İŞİD) yaraqlılarından alınması uğrunda əməliyyat aparır. R.Erdoğan yeni seçilmiş ABŞ prezidenti Donald Trump-ı kürdləri əməliyyatlardan uzaqlaşdırmağa, Ankara ilə əməkdaşlığa səsləyib, belə olarsa, Türkiyənin Suriyadakı cihadçılara qarşı əməliyyatları genişləndirəcəyinə söz verib. O bu haqda D.Trump-la inauqurasiyadan sonra danışmaq fikrində olduğunu söyləyib.

Türkiyəni narahat edən kürdlərin Suriyada əlavə ərazilərə yiyələnməsi, dövlət yaratması cəhdləridir. Kürdlər Suriyadakı münaqişədən yararlanaraq son 5 ildə orada xeyli yer tutub, üstəlik, İŞİD-lə mübarizədə ABŞ-ın yararlı müttəfiqinə çevriliblər. Bunun qarşısını almağa çalışan Ankara avqustdan Suriyada genişmiqyaslı əməliyyatlara başlayıb. «Biz Suriyada yeni hökumətin yaradılmasına imkan verə bilmərik», – deyən R.T.Erdoğan bunun ölkəsinin ərazi bütövlüyünə təhlükə olduğunu söyləyib.

Türkiyə ordusu Suriyayla sərhəddə.
Türkiyə ordusu Suriyayla sərhəddə.

İndi türk əsgərləri Suriyanın əl-Bab şəhəri ətrafında İŞİD-lə vuruşur. R.T.Erdoğan əl-Bab məsələsinin bitmək üzrə olduğunu, əl–Babdan sonra Mənbic şəhərini tutacaqlarını deyib. Mənbic indi kürdlərdədir, onlar şəhəri İŞİD-dən yenicə azad ediblər.

TƏHLÜKƏSİZ ZONA

R.T.Erdoğan adıçəkilən şəhərlərdən sonra türklərin Raqqaya üz tutacaqlarına söz verib, «ABŞ-la birləşə bilsək, biz Suriyanın şimalını terrordan təmizlənmiş təhlükəsiz zona elan edəcəyik», - deyib.

ABŞ Türkiyənin çağırışına, hələ ki, konkret cavab verməyib. «The Washington Times» yazır ki, ABŞ-ın İraq və Suriyadakı rəsmisi, general Stephen Townsend bu günlərdə türk həmkarlarıyla Raqqa məsələsini müzakirə edəcəyini söyləyib. Pentaqonun sözçüsü Peter Cook keçən həftə türklərlə amerikalıların Raqqa məsələsində sıx əməkdaşlığa tərəfdar olduğunu deyib, amma detallara varmayıb.

Türkiyə isə Suriya əməliyyatlarını davam etdirir. Keçən həftə türk ordusu əl-Bab yaxınlığında 16 əsgərini itirib. Bazar günü isə ordu 12 yaraqlının öldürüldüyünü elan edib. Beynəlxalq insan haqları təşkilatları əməliyyatlardan sakinlərin əziyyət çəkdiyini, keçən həftə türklərin hava hücumları nəticəsində 90-a yaxın adamın, o cümlədən uşaqların həlak olduğunu deyirlər.

XS
SM
MD
LG